PDF Oxu

Sosial

  • 1 262

Mövsümü olmayan meyvə-tərəvəzlərin qəbulu insan sağlamlığına necə təsir edir? - EKSPERT DANIŞDI

Mövsümü olmayan meyvə-tərəvəzlərin qəbulu insan sağlamlığına necə təsir edir? - EKSPERT DANIŞDI

"Mövsümündən kənar meyvə-tərəvəzlərin yetişdirilməsi onların birbaşa zərərli olması demək deyil. Burada əsas məqam məhsulun hansı şəraitdə yetişdirilməsi, necə saxlanılması və daşınması, eləcə də daşınma zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunmasıdır".Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.O qeyd edib ki, digər tərəfdən, yerli və mövsümi meyvə-tərəvəzlərin vitamin, mineral və antioksidant tərkibi bəzi hallarda mövsümündən kənar yetişdirilən məhsullarla müqayisədə daha yüksək ola bilər. Mövsümündən kənar məhsullar düzgün yetişdirildikdə və saxlanıldıqda da faydalı xüsusiyyətlərini qoruya bilər. Bununla belə, onların qidalılıq dəyəri yetişdirilmə və saxlanma şəraitindən asılı olaraq dəyişir:"Uzun müddət saxlanılan və uyğun olmayan temperatur şəraitinə məruz qalan bəzi meyvələrdə, xüsusilə C vitamini ilə zəngin məhsullarda vitamin itkisi baş verə bilər. Məsələn, işığın və temperaturun təsiri C vitamininin miqdarının azalmasına səbəb ola bilər.Mövsümündən kənar meyvə-tərəvəzlərin davamlı istehlakı öz-özlüyündə immun sistemini zəiflətmir. Çünki bu məhsullar da lif və digər faydalı qida maddələrinin mənbəyidir. Lakin qidalanma rasionunda qida maddələrinin miqdarının azalması, kifayət qədər müxtəlif və balanslı qidalanmamaq uzun müddət davam etdikdə həm immun sisteminə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər.Digər mühüm məqam məhsulların təhlükəsizliyidir. Mövsümündən kənar yetişdirilən, eləcə də bəzi hallarda mövsümi meyvə-tərəvəzlərdə pestisid qalıqları normadan artıq olduqda, mikrobioloji çirklənmə baş verdikdə və ya məhsullar düzgün saxlanılmadıqda sağlamlıq riskləri yarana bilər.Meyvə alarkən ilk növbədə onun xarici görünüşünə diqqət yetirmək lazımdır. Əzilmiş, çürümüş, kiflənmiş və həddindən artıq ləkələnmiş məhsulların alınması tövsiyə olunmur. Meyvənin qoxusu və teksturası da onun növünə uyğun olmalıdır. Həddindən artıq yumşalma, səthin yapışqan olması və əzilmə xarab olma əlamətləri ola bilər.Satış yerlərinin təmizliyi və temperatur rejiminə əməl olunması da vacibdir. Xüsusilə yay aylarında giləmeyvələrin uzun müddət günəş altında saxlanılması onların daha tez xarab olmasına və kiflənməsinə səbəb ola bilər. Kiflənmiş məhsullarda bəzi hallarda mikotoksinlər yarana bilər. Bu maddələr sağlamlıq üçün təhlükə törədə, qaraciyərə toksik təsir göstərə bilər.Məhsulun mənşəyinin məlum olması da əhəmiyyətlidir. Yerli və mövsümi məhsulların təzəliyinə diqqət yetirmək, xaricdən gətirilən məhsulların isə mənşəyi və təhlükəsizliyi ilə bağlı məlumatları nəzərə almaq lazımdır.Bütün meyvə-tərəvəzləri istehlakdan əvvəl axar su altında yaxşı yumaq tövsiyə olunur. Bəzi insanlar məhsulları sirkəli, sodalı, hətta sabunlu suda yumağa üstünlük verirlər. Lakin sabun və digər məişət təmizləyicilərindən istifadə etmək məsləhət görülmür. Adi axar su ilə yumaq səthdəki çirkin və bəzi qalıqların təmizlənməsinə kömək edir, amma bütün pestisid qalıqlarının aradan qaldırılmasına zəmanət vermir.Meyvələr doğranıldıqdan sonra mümkün qədər qısa müddətdə istehlak edilməlidir. Əgər saxlanılması zəruridirsə, təmiz, qapalı qabda soyuducuya yerləşdirilməli və uzun müddət saxlanılmamalıdır. Kiflənmiş meyvələrdə isə yalnız görünən kifli hissəni kəsməklə kifayətlənmək olmaz. Xüsusilə yumşaq meyvələrdə kif gözlə görünməyən hissələrə də yayıla bilər. Buna görə belə meyvələrin bütövlükdə atılması və istehlak edilməməsi tövsiyə olunur.Meyvələrin parlaq görünməsi, iri ölçülü olması və tez yetişməsi də onların mütləq zərərli olduğunu göstərmir. Eyni zamanda, bəzi məhsulların saxlanma müddətini uzatmaq üçün müxtəlif üsullardan istifadə edilə bilər. Meyvənin özünəməxsus qoxusunun, dadının və teksturasının olmaması diqqət yetirilməli əlamətlərdəndir. Lakin məhsulun təhlükəsizliyi barədə dəqiq nəticəyə gəlmək üçün, şübhəli hallarda, laborator müayinələrə və müvafiq nəzarət tədbirlərinə ehtiyac var.İmkan daxilində yerli, təzə və mövsümi meyvə-tərəvəzlərə üstünlük vermək məqsədəuyğundur. Mövsümündən kənar məhsulları da müxtəlif və balanslı qidalanmanın tərkib hissəsi kimi istehlak etmək olar. Əsas məsələ qidalanmada müxtəlifliyi qorumaq, məhsulların təhlükəsizliyinə diqqət yetirmək, onları aldıqdan sonra düzgün saxlamaq və hazırlamaq, eləcə də sanitar-gigiyena qaydalarına əməl etməkdir.Nəzərə almaq lazımdır ki, immun sisteminin normal fəaliyyəti yalnız bir məhsuldan və ya qida növündən asılı deyil. Sağlam və balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və ümumilikdə sağlam həyat tərzi immun sisteminin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər