PDF Oxu

Siyasət

  • 856

YAP Salyan rayon təşkilatının regional Təhsil İdarəsi ərazi partiya təşkilatında növbəti tədbir keçirilib

YAP Salyan rayon təşkilatının regional Təhsil İdarəsi ərazi partiya təşkilatında növbəti tədbir keçirilib

YAP Salyan rayon təşkilatının regional Təhsil İdarəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov VIII Qurultayın ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, partiyanın qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin qurultaydakı nitqinin dövlət siyasətinin prioritetlərini, milli maraqların qorunmasının və cəmiyyətin qarşısında dayanan vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin əsas istiqamətlərini müəyyən etdiyini bildirib. Qeyd olunub ki, təhsil sahəsində çalışan partiya üzvləri də gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına öz töhfələrini verməli, dövlətin müəyyən etdiyi inkişaf hədəflərinin həyata keçirilməsində fəal mövqe nümayiş etdirməlidirlər.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova çıxışında təhsilin cəmiyyətin inkişafında və ölkənin gələcəyinin formalaşmasında oynadığı rola diqqət çəkib. O, müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən birinin bilikli, geniş dünyagörüşünə malik, müstəqil düşünən və milli dəyərləri mənimsəyən gənclərin yetişdirilməsi olduğunu qeyd edib. Razıgül Dadaşova Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin məsuliyyətinin artırılması və məktəb mühitində sağlam mənəvi dəyərlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, VIII Qurultayın nümayəndələri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Aynur Əsgərova, Marışlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Abdulxeyir Nəcəfov, Regional Təhsil İdarəsi ərazi partiya təşkilatının sədri, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor əvəzi Yeganə Cəfərova, Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sitarə Təhməzova və digərləri çıxış edərək VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin təhsil sahəsində çalışanların fəaliyyətində rəhbər tutulmasının vacibliyini vurğulayıblar. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlı ruhda yetişdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin cəmiyyətdəki rolunun gücləndirilməsi və partiya üzvlərinin ictimai fəallığının artırılması məsələlərinə toxunulub. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin inkişafı ilə yanaşı, təhsil sahəsində də yeni hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır.
Tədbirin sonunda ərazi partiya təşkilatının fəaliyyəti ilə bağlı təşkilati məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra bir qrup təhsil işçisinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər