YAP Nəsimi rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
Nəsimi rayonunun A.Qurbanov küçəsi 39 ünvanında yerləşən, 1, 2 və 3 saylı sahə inzibati ərazi dairələri üzrə bağçaları əhatə edən ərazi partiya təşkilatının akt zalında, eləcə də Dilarə Əliyeva küçəsi 251 ünvanında yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında və Səməd Vurğun küçəsi 88 ünvanında yerləşən F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş müşavirələr keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli nitqində qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunub.
Müşavirələr Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının A.Qurbanov küçəsi 39 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Esmira Məmmədova VIII Qurultayın siyasi və tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi ona xüsusi əhəmiyyət qazandırır.
Esmira Məmmədova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin qazandığı tarixi nailiyyətlər bu siyasətin ardıcıl həyata keçirilməsinin nəticəsidir. O qeyd edib ki, qurultayda qarşıya qoyulan vəzifələrin icrası hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət qoyur. Dövlətçilik prinsiplərinin qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması və ölkənin gələcək inkişafına töhfə verilməsi əsas prioritetlərdəndir.
YAP Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərli çıxışında Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişafı və partiyanın qarşısında duran vəzifələr baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunmasına və daha da möhkəmləndirilməsinə xidmət edir.
Nəsimi rayonundakı 135 nömrəli uşaq bağçasının müdiri, YAP üzvü Lalə Mustafayeva çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, müstəqil siyasətindən və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən xalq-iqtidar birliyinin əhəmiyyətini vurğulayaraq, bu birliyin ölkəmizin gələcək inkişafı və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından mühüm amil olduğunu bildirib.
139 nömrəli uşaq bağçasının müdiri, YAP üzvü Aysel Məmmədova ölkədə həyata keçirilən inkişaf siyasətinə və məktəbəqədər təhsil müəssisələrində görülən işlərə toxunub. O, müəssisələrin təmiri və təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək, uşaqların sağlamlığının qorunmasının və keyfiyyətli təhsil imkanlarının yaradılmasının vacibliyini vurğulayıb.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının müdiri Dilşad Məmmədova çıxışını gənclər siyasətinin, təhsilin və müasir cəmiyyətdə biliklərin rolunun əhəmiyyətinə həsr edib. O bildirib ki, gənclər yalnız ölkənin gələcəyi deyil, həm də onun bugünkü inkişafının, intellektual potensialının və ictimai həyatının mühüm qüvvəsidir. Dilşad Məmmədova Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildiyini qeyd edib.
Partiya üzvü Könül Məmmədova çıxışında VIII Qurultayda səsləndirilən fikirlərin partiyanın gələcək fəaliyyəti üçün mühüm istiqamətlər müəyyənləşdirdiyini bildirib. O, dövlətçilik siyasətinin ardıcıl davam etdirilməsinin ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Üzv Gülnarə Hacıyeva da çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, müstəqil siyasətinə və əldə etdiyi tarixi nailiyyətlərə diqqət çəkib. O, Vətən müharibəsi zamanı xalqla dövlət rəhbərliyi arasında nümayiş etdirilən birliyin ölkəmizin uğurlarında mühüm rol oynadığını və bu həmrəyliyin gələcək inkişaf üçün də vacib əhəmiyyət daşıdığını qeyd edib.
YAP üzvü Şəlalə Məmmədova isə VIII Qurultayın partiyanın VII Qurultaydan sonrakı fəaliyyətinə nəzər salmaq və qarşıdakı dövr üçün prioritetləri müəyyənləşdirmək baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, ötən dövrün ən mühüm tarixi hadisələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasıdır. Bu nailiyyətin ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoyduğunu qeyd edib.
Müşavirələrin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklərini, partiyanın ideoloji prinsiplərinin təbliğinə və dövlətçilik dəyərlərinin qorunmasına öz töhfələrini verəcəklərini bildiriblər.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.