Sosial

  • 7 147

Turistlər istirahət üçün Azərbaycanı seçir

image

Ötən il ölkəmizə gələn xarici vətəndaşların sayı 2 691 998 nəfər olub

Azərbaycana turist axınının güclənməsi, onun dünya turizm sisteminə inteqrasiyası ölkədə sabitliyin, inkişafın, tolerantlıq mühitinin mövcudluğunun göstəricisidir. Ölkəmizədə otellərin sayının və keyfiyyətinin yüksəldilməsi, nəqliyyat sahəsində yeniliklər, istirahət zonalarının yaradılması və informasiya-reklam işlərinin gücləndirilməsi ilbəil öz müsbət nəticələrini vetməkdədir. Son illərdə dünya standartlarına cavab verən yüksək kateqoriyalı otellərin sayı artmışdır. Yeni otellərin içərisində çox məhşur dünya brendləri də vardır. Onlardan Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Grand Hotel Europe, Hilton Baku, Kempinski Hotel Badamdarı və s. göstərmək olar. Artıq regionlarda xeyli "5 ulduzlu" otellər istifadəyə verilmişdir.
Proqramların icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini, mütəmadi şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən növbəti Dövlət Proqramı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionlarda iqtisadiyyatın mühim sahələrinin inkişafında, makroiqtisadi stabilliyin təmin edilməsində, sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsində, yeni müsəssisələrin yaradılması və iş yerlərinin açılmasında xeyli nailiyyətlər əldə edilir. Regionlarda əhalinin rifahının yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin minimuma endidirlməsində turizm sənayesinin öz yeri və rolu vardır. Azərbaycan Respublikası ilbəil xarici dövlətlərlə turizm sahəsində əməkdaşlığını genişləndirir. Bu sahədə beynəlxalq əməkdaşlığı artırmaq üçün Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyi Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi Turizm şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və.s. kimi beynəlxaq təşkilatlarla əlaqələrini gücləndirir.
2002-ci ildən etibarən hər il Azərbaycanda "AITF" Beynəlxalq Turizm Sərgisinin keçirilməsi və həmin sərgilərdə müxtəlif ölkələrdən iştirak edən turizm şirkətlərinin sayının artması Azərbaycan turizminin artan inkişaf dinamikasını və genişlənən əlaqə miqyasını nümayiş etdirir.
2017-Cİ İLDƏ ÖLKƏMİZƏ GƏLƏN TURİSTLƏRİN SAYI ÖTƏN İLLƏRLƏ MÜQAYİSƏDƏ ƏN YÜKSƏK GÖSTƏRİCİDİR
Görülən işlərin nəticəsidir ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq, 2 691 998 nəfər olmuşdur ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Qeyd edək ki, onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri, 62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.
Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur.
Statistikaya görə, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq, 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3,8 faiz təşkil etmişdir.
2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olmuşdur.
2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, BƏƏ-dən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlmişdir. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilmişdir.
Sevindirici haldır ki, Avropa, Körfəz, Yaxın Şərq, Asiya, Afrika və Amerika regionu üzrə gələnlərin sayında da artım baş vermişdir.
Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır və son dövrlər Azərbaycanda reallaşdırılan infrastruktur layihələri, Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə və tədbirlərdə ölkəmizin yüksək səviyyədə təbliğ edilməsi bu müsbət tendensiyanın başlıca səbəbidir.
Azərbaycanda turizm bazarı açıq, şəffaf və azad rəqabətli meydan kimi təqdim olunur. Turizm sənayesində heç bir inhisarçılıq yoxdur. Bu gün hər bir iş adamı bu sahəyə sərmayə qoya və qanun çərçivəsində sərbəst fəaliyyət göstərə bilər. Eyni zamanda, bu sərmayələrin yerləşdirilməsinə və beynəlxalq standartlara uyğun müəssisələrin yaradılmasına xüsusi önəm verilir. Turist yerləşdirmə obyektlərinin sayı artırılır. Bu obyektlər nə qədər çox olsa, xidmətin səviyyəsi nə qədər yüksək olsa, ölkəmizə turist axını da bir o qədər artacaq.
Azərbaycanda mövcud olan potensialdan səmərəli istifadə, həyata keçirilən layihələr, infrastrukturun qurulması turizmin sürətli inkişafına töhfələrini verir və bu daha yüksək bir şəkildə davam edəcək.

ZÜMRÜD

Digər xəbərlər