Sosial

  • 6 614

Əcnəbilərə Naxçıvandakı tarixi-memarlıq abidələri haqqında məlumat verilib

image

Son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunub. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarixi-memarlıq abidələri” mövzusunda keçirilən maarifləndirici tədbirdə məlumat verilib.Slaydların nümayiş etdirildiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Azərbaycan türkləri Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaradıblar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnib, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdiriblər.Əli Rzayev qeyd edib ki, muxtar respublikada xalqın, torpağın canlı yaddaşı sayılan tarixi-mədəni incilərin bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Son illər Möminə xatın türbəsi konservasiya edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyiroğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxana abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunub. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi, qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir.Sonra tədbir iştirakçılarının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyaları olub.

sia.az

Digər xəbərlər