"ASİS” statistik məlumatların yayım sisteminin təqdimatı keçirilib

Bu gün Azərbaycanın Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, bunu “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin təqdimatında çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov deyib.Onun sözlərinə görə, statistik məlumatların toplanması, işlənməsi sahəsində dünya ölkələrinin təcrübələrini araşdırır və bu işi təkmilləşdirməyə çalışırlar.Y.Yusifov deyib ki, son illər ərzində istifadəçilərin yeni informasiyalara olan tələbatı artıb: "Bu gün dünyada istifadəçilər məlumatları daha rahat şəkildə əldə etmək istəyir. Koreya ilə bu layihə istifadəçilərin, dövlət qurumlarının, istifadəçilərin tələbatının böyük hissəsini ödəyə biləcək".Komitə rəsmisi qeyd edib ki, müasir dövrdə statistik istehsal prosesinin təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq müqayisəliliyinin təmin edilməsi informasiya texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadəni şərtləndirir. İnnovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi üçün həyata keçirilməsi tələb olunan belə fəaliyyətlərdən biri də rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunmasıdır ki, bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır. Bununla əlaqədar Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edir, qabaqcıl dünya ölkələrində tətbiq edilən innovativ yanaşmaların və ən yeni standartların öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası prosesini davamlı şəkildə həyata keçirir.Koreyanın "NurimSoft" şirkətinin baş meneceri Keun Yonq Kim və Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Çimnaz Əliyeva layihə çərçivəsində 2018-ci ildə birgə görülmüş işlər və hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi haqqında ətraflı məlumat veriblər.Sonra tədbir iştirakçılarına ASİS statistik məlumatların yayım sistemi real vaxt rejimində təqdim olunub.Qeyd olunub ki, ASİS-in əsas üstünlüyü onun istifadəçi yönümlü olmasıdır və hər bir istifadəçi bu imkandan yararlanmaqla məlumat bazasında yerləşdirilmiş rəsmi statistika məlumatları əsasında öz istəyinə uyğun real vaxt rejimində cədvəllər, dinamika sıraları tərtib edə, məlumatları qrafiklər vasitəsilə vizuallaşdıra, çap edə və yadda saxlaya bilər. ASİS sadə strukturda və məlumatların yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda hazırlanmışdır ki, bu da rəsmi statistika məlumatlarından ölkə istifadəçiləri ilə yanaşı, xarici ölkə vətəndaşlarının və beynəlxalq təşkilatların daha rahat istifadəsinə imkan verəcək.

sia.az