Analitika

  • 13 311

İlham Əliyevdən önəmli və ünvanlı mesajlar! ANALİTİK+ÖZƏL

image

Prezident: “Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”

Dünyada gedən və bir-birini tez-tez əvəzləyən proseslər bütövlükdə qlobal situasiyalara təsirsiz ötüşmür. İkili standartlardan başlayaraq digər müxtəlif ədalətsizliklərə söykənən olaylar həm də ayrı-ayrı ölkələrin kolonial idarəçilik mexanizmlərindən çıxmadıqları faktını da ortaya qoymaqdadır. Təbii ki, müasir dünyamızda bu kimi siyasət yürüdən ölkələrin sonradan digər ölkələrə qarşı hər hansı “demokratiya dərsi” keçmək cəhdləri ciddi qəbul edilməməlidir. Və daha bir diqqətçəkici maraqlı məqamlardan biri də budur: hazırda dünyada elə aparıcı ölkələr də var ki, bu kimi ölkələrin neokolonial idarəçilik mexanizmini saxlayan digər ölkələrə qarşı hər hansı iradları, ittihamları səsləndirilmir. Bu isə həm çoxsaylı suallar yaradır, həm də ikili standartlar reallığını təsbit edən faktlar olaraq qiymətləndirilir.

Məsələn, bu gün Fransa kimi Avropanın aparıcı dövlətləri sırasında yer alan ölkə əsrlərdir özünün neokolonial siyasətini davam etdirir və Qərb, xüsusilə BMT, ATƏT, Avropa Parlamenti və s. kimi nüfuzlu beynəlxalq qurumlar sanki həmin siyasəti görməməzlikdən gəlirlər. Halbuki Fransa paralel olaraq BMT-nin Təhlükəsizlik Şurasında yer alan dövlətlər sırasındadır.

Hazırda isə məhz bu və digər qlobal məsələlərin, mövzuların mərkəzinə çevrilən Bakıda növbəti mühüm beynəlxalq tədbir keçirilməkdədir.

Azərbaycan Prezidenti: “Təəssüf ki, bu gün biz neokolonializm meyilinin artdığını müşahidə edirik”

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülən əhəmiyyətli mövzular, aparılan diskussiyalar da həmin gerçəkliyi ehtiva etməkdədir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında önəmli məqamlar kifayət qədər mühümlük təşkil edir. Dövlətimizin başçısı çıxışı əsnasında vurğulayıb. SİTAT: “Təəssüf ki, bu gün biz neokolonializm meyilinin artdığını müşahidə edirik”.

Əbəs deyil ki, dövlətimizin başçısı bu kimi faktları dünyanın rüsvayçı səhifəsi adlandırıb və vurğulayıb. SİTAT: “Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.

Dövlət başçısı: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”

İlham Əliyev bu xüsusda xatırladıb ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib. “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”, deyə Azərbaycan Prezidenti açıq və qəti şəkildə bəyan edib.

Dövlət başçısının Fransanın Avropadan kənarda idarə etdiyi müstəmləkəçilik, həmçinin imperialist siyasətini “iyrənc qalırlar” olaraq adlandırıb, eləcə də fransız kolonialistlərinin uzun illər digər xalqlara qarşı soyqırımı tətbiq etdiyini bütün bunlara görə isə üzr istəməli olduğunu xüsusilə vurğulayıb. SİTAT: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Ölkə başçısı: “BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

Söz yox ki, bu kimi məsələlərdə yuxarıda da qeyd edildiyi kimi, digər aparıcı ölkələr də əməli fəaliyyətə keçməlidirlər. Daha dəqiq desək, hazırda BMT-nin Təhlükəsizlik Şurasında mövcud olan dövlətlər elə hesab etməməlidirlər ki, dünyanın idarəçiliyi, yaxud hər hansı bir ölkədə baş verən olaylarla bağlı onların yekdil qərarları həlledici olmalıdır. Belə ki, bugünkü tərkib artıq mövcud gerçəkliklərlə uzlaşmır. Bu baxımdan, BMT TŞ-nın tərkibi də genişləndirilməli, ədalətli bölgülərə yol açılmalıdır. Prezident İlham Əliyev bu haqda da danışarkən deyib. SİTAT: “Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.

Prezident İlham Əliyev: "İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir"

Mövcud dövrümüzdəki siyasi kataklizmlər fonunda dəyişən reallıqlar da artıq növbəti tələbləri, çağırışları diktə etməkdədir. Əbəs deyil ki, bu kataklizmlər paralel olaraq qitələrarası ziddiyyətlərdən də qaynaqlanmaqdadır. İlham Əliyev həmin reallığı önə sürməklə, daha dəqiq desək, Qoşulmama Hərəkatının aktiv fəaliyyəti ilə mövcud problemlərin aradan qaldırılması zəruriliyinə də toxunub. Belə ki, yeni dünyanın formalaşması prosesi artıq bu tələbləri önə sürməkdədir. SİTAT: “Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.

ArtIq əminliklə belə nəticəyə gəlmək olar ki, Azərbaycan Prezidenti toxunduğu digər mühüm mövzularla yanaşı, qeyd edilən bu kimi məqamları da önə sürməklə, habelə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla beynəlxalq aləmə əhəmiyyətli mesajlarını çatdırıb və bu mesajların, eyni zamanda, ünvanlı olması xüsusilə diqqətçəkən və özündə liderlik qətiyyətini əks etdirən danılmaz gerçəklik faktorudur.

Rövşən RƏSULOV

Digər xəbərlər