Analitika

  • 5 776

Müdrikliyin dühası - dahi şəxsiyyət, fenomen Heydər Əliyev - TƏHLİL

image

X Qlobal Bakı Forumu çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı”

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış Dahi Şəxsiyyət, Fenomen Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.

MÜDRİKLİYİN DÜHASI - DÜNYA LİDERLƏRİNİN HƏR BİR FİKİRİNDƏ BİR UCALIQ, YÜKSƏK MƏNA ÇALARI

Bu gün dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədikləri hər bir fikirində bir ucalıq, yüksək məna çaları var. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu, dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət!

Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda keçirilən panel iclasında yüksəksəviyyəli iştirakçılarının, sabiq dövlət və hökumət başçılarının, yüksəksəviyyəli digər qonaqların Ulu Öndər Heydər Əliyev ilə bağlı fikirləri bir daha ulu öndər Heydər Əliyevin dünya miqyaslı Lider olduğunun göstəricisidir.

ALBANİYA PREZİDENTİ: "Ulu Öndər Heydər Əliyev dünya miqyaslı dahi lider idi"

Ölkələrimizin oxşar tarixə malik olduqlarını vurğulayan Albaniya Prezidenti Bayram Beqay Azərbaycanın və Albaniyanın sovet dövründə totalitar rejimdən əziyyət çəkdiklərini qeyd edib. Etnik münaqişələr və iqtisadi çətinliklərlə üzləşən ölkələrimizin bu çətinliklərin öhdəsindən uğurla gələrək bu gün sürətlə inkişaf etdiklərini deyən Albaniya Prezidenti bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, əsasını qoyduğu strategiya nəticəsində Azərbaycan bütün çətinliklərin öhdəsindən bacarıqla gəlib, xoşbəxt gələcəyin əsası qoyulub.Albaniyanın Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayan ali qonaq qeyd edib: "Biz Xəzər regionunda sülhün və sabitliyin davamlı olmasını istəyirik. Həmçinin biz Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindəyik. Ölkələrimiz Cənub Qaz Dəhlizi kimi mühüm layihələrlə regional və qlobal sülhə töhfə verirlər. Həm Azərbaycan, həm də Albaniya dini dözümlülüyü ilə tanınır. Ölkələrimiz dini və mədəni müxtəlifliyi fəal şəkildə təşviq edir".

ICESCO-NUN SABİQ BAŞ DİREKTORU: "Heydər Əliyev görkəmli şəxsiyyət, müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik dahi insan idi"

"Heydər Əliyev görkəmli şəxsiyyət, müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik dahi insan idi", - deyən ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Ümummilli Liderin Azərbaycanın ICESCO-ya üzv olması istiqamətində fəaliyyətini xüsusi vurğulayıb: “Azərbaycan ilə ICESCO arasında sıx əməkdaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin böyük töhfələri olub. Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ICESCO ilə əməkdaşlığı daha da möhkəmlənib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan bu gün inamla inkişaf edir".

HİKMƏT ÇƏTİN: "Heydər Əliyev türk dünyasının ağsaqqalı idi"

Qlobal Bakı Forumu ildən-ilə təkmilləşir və dünyanın gündəmində olan məsələlərin müzakirə edildiyi çox vacib platformaya çevrilir.Bu fikirləri Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə martın 12-də keçirilən tədbirdə açıqlamasında söyləyib. Hikmət Çətin deyib: “Problemlər var, amma onun həlli yolları, ümidlər də var. Münaqişələrin, müharibələrin də həlli vardır. Otuz il Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan, nəhayət ki, hərbi yolla öz torpaqlarını geri qaytardı. Davam edən təxribatlara baxmayaraq, qardaş Azərbaycan sülh gündəliyinə sadiqlik nümayiş etdirir. Cənubi Qafqazda təhlükəsizlik təmin olunmalıdır”.

Heydər Əliyevi tanıdığı üçün özünü çox şanslı hesab etdiyini söyləyən Türkiyənin sabiq xarici işlər naziri bildirib ki, ulu öndər Türk dünyasının ağsaqqalı idi: "Xoşbəxt və şanlı insanam ki, türk dünyasının ağsaqqalı Heydər Əliyevlə yaxın münasibətlərimiz olub. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir".

PETRU LUÇİNSKİ: "Heydər Əliyev Azərbaycan üçün zəngin irs qoyub"

Vaxtilə Sovet İttifaqının rəhbəri Leonid Brejnevin ölkəniz haqqında dediyi “Azərbaycan iri addımlarla irəliləyir” sözləri indi də öz aktuallığını saxlayır. Azərbaycanın bugünkü inkişaf strategiyasının əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Mən bu böyük insanla 1970-ci illərdə tanış oldum. Tanışlığımız sonra möhkəm dostluğa çevrildi. Heydər Əliyev fenomen idi. O, Azərbaycan üçün zəngin irs qoyub. Bu fikirləri Moldovanın sabiq Prezidenti Petru Luçinski ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə martın 12-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə açıqlamasında söyləyib. Petru Luçinski bildirib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında ən çox inkişaf edən ölkədir. Bunu bütün nöqteyi-nəzərdən demək mümkündür. Əlbəttə ki, çətinliklər, sıxıntılar həmişə olub və olacaq. Amma Azərbaycan bütün çətinliklərin öhdəsindən gələrək irəliyə doğru addımlamaqda davam edir: "Mən də daxil olmaqla bütün həmkarlar Heydər Əliyevin iti zəkasına, təfəkkürünə, uzaqgörən fikirlərinə heyran idik. O, daim gələcək haqqında düşünürdü, sabah üçün həmişə hazır strategiyası vardı. Onun layiqli varisi Prezident İlham Əliyev müdrik və sülhsevər siyasət yürüdür. Cənubi Qafqaz regionu həmişə çətin bölgə olub, indi də belədir. Azərbaycan regionda sülhün təminatı üçün ciddi səylər göstərir. Bu, təqdirəlayiqdir".

NİNO BURCANADZE: "Gürcüstan üçün Heydər Əliyev çox şey ifadə edir"

"Heydər Əliyevi şəxsən tanımaq şansım olub, onun liderlik qabiliyyəti, müdrikliyi, səbri Azərbaycanın siyasi iqtisadi çətinliklərlə üzləşdiyi dövrdə böyük əhəmiyyət kəsb edirdi. O, Sovet dövründə vətəni Azərbaycan şərəflə xidmət etdi, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil ölkə kimi meydana çıxmasında güclənməsində rol oynadı". Bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Gürcüstan Parlamentinin sabiq spikeri Nino Burcanadze deyib.O bildirib ki, Heydər Əliyev Azərbaycan və Gürcüstan arasında yaxın qonşuluq, stabil münasibətlərin formalaşmasına töhfə verib: «Onun sayəsində xalqlarımız arasında ahəngdar, yaxın əlaqələr yarandı».Burcanadze Gürcüstanın qlobal enerji layihəsində fəal iştirakında Prezident Heydər Əliyevin rolunu vurğulayıb: «Gürcüstan üçün Heydər Əliyev çox şey ifadə edir.»O, Prezident Heydər Əliyevlə görüşünü xatırladaraq onum bağlı təəssüratlarını bölüşüb.

BOLQARISTANIN SABİQ PREZİDENTİ: "Məhz Heydər Əliyevin siyasi müdriklik, güclü liderlik və xalqa sadiqlik xüsusiyyətlərinə görə Azərbaycan xalqı onu ümummilli lider adlandırıb"

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışında 1999-cu ildə Prezident kimi ilk dəfə Azərbaycana səfər etdiyini xatırladıb. Bildirib ki, bu, ölkələrimizin müstəqilliyinin bərpasından sonra Bolqarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. O, Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası ərəfəsində ölkəmizin üzləşdiyi çətinliklərlə mübarizədə rolundan, yürütdüyü uzaqgörən siyasət nəticəsində qazanılan uğurlardan danışıb.

Ulu öndərin ölkənin inkişafının beynəlxalq iqtisadi əməkdaşlıqla sıx bağlı olduğunu vurğuladığını qeyd edən Petar Stoyanov diqqətə çatdırıb ki, Heydər Əliyev təkcə Azərbaycanın üzləşdiyi çətinliklərin həllində deyil, ölkəsinin qarşıdakı bir neçə onillik ərzində iqtisadi baxımdan güclənməsi üçün də misilsiz xidmətlər göstərib: "Heydər Əliyevin Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin möhkəmləndirilməsində rolu əvəzedilməzdir. Məhz Heydər Əliyevin siyasi müdriklik, güclü liderlik və xalqa sadiqlik xüsusiyyətlərinə görə Azərbaycan xalqı onu ümummilli lider adlandırıb".

VU HONQBO: "Heydər Əliyev dahi şəxsiyyət və müdrik lider idi"

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo qeyd edib ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanır və sevilir: “Heydər Əliyev Çin xalqının yaxşı dostu olub. 1994-cü ildə ölkəmizə səfəri zamanı Çin liderləri ilə mühüm görüşlər keçirdi. Onun liderliyi dövründə Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf etdi, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Hazırda Çin Azərbaycan ilə əlaqələrin daha da inkişafında maraqlıdır”.

RUMINİYANIN KEÇMİŞ PREZİDENTİ: "Heydər Əliyev öz müdrikliyi və baxışı ilə çiçəklənən Azərbaycan yaratdı"

“Heydər Əliyev öz müdrikliyi və baxışı ilə çiçəklənən Azərbaycan yaratdı. Onun rəhbərliyi dövründə "Əsrin müqaviləsi" imzalandı”. Bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku deyib. O, Heydər Əliyevin irsi barədə danışarkən “mənim Prezident Heydər Əliyevlə görüşüm 1997-ci ildə İstanbulda oldu. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında görüşdük” - deyib.

Keçmiş prezident xatırladıb ki, həmin iclasda vacib təşəbbüslər müzakirə olunub: “Heydər Əliyev vizyonlu lider idi. O, aktiv və təşəbbüskar idi”.O deyib ki, Azərbaycan da sovet irsi olaraq münaqişə ilə üzləşmişdi: "Prezident Əliyev münaqişələrin sülh, danışıqlar və siyasi yolla həlli üçün çalışırdı. Prezident Əliyev və mən ikitərəfli münasibətlərimizin üzərində çalışırdıq, ölkələrimizin bir-birinə təklif edəcəyi çox şey var idi. Azərbaycan Rumıniya üçün Şərqə qapı, Rumıniya isə Azərbaycan üçün Mərkəzi Avropaya qapı idi”.

Bəli, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Və bu gün bu deyilən hər bir fikir Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyevin dünya miqyaslı dahi lider olaraq ulu öndərlə hər bir görüş zamanı bütün sahələr üzrə böyük siyasi təcrübə əldə etdiklərini söyləmələri hər bir azərbaycanlını qürurlandırır.

İLHAM ƏLİYEV VƏ SİYASİ VARİSLİYİN TƏNTƏNƏSİ

Və bu gün ümummilli liderin ən layiqli varisi Prezident İlham Əliyev ona görə güclü idi ki, müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmışdı. Belə bir tarixi şəraitdə ümummilli lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: "Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bəli, 19 il prezidentlik fəaliyyəti müddətində Prezident İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ən əsası isə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 19 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» - deyən ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə, eyni zamanda, Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir",- deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. Bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət dövlət başçımız tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində gördüyü nəhəng layihələri respublikamızın Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir – Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasının təmin edilməsi, ölkəmizin adının ən yüksək zirvələrdə çəkilməsi. Bizlər də hər bir vətəndaş kimi inanırıq ki, Azərbaycanı, onun xalqını daha uğurlu gələcək gözləyir. Azərbaycanın dahi oğlu Ümummilli Lider Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!

Bir sözlə, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi ideyaları və əməlləri əbədiyyətə qədər davam edəcək. Ulu Öndərin Özü də buna inanır və deyirdi: "Mən Azərbaycanda əbədi olacağam".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər