Benchmark Mineral Intelligence məlumatlarına görə, 2026-cı ilin avqustunda dünyada 1,83 milyon elektriklə işləyən avtomobil satılıb. Bu, ötən ilin avqustu ilə müqayisədə 2 faiz çoxdur. Yanvar-avqust aylarında qlobal satışların sayı 13,4 milyona çatıb və illik artım 4 faiz təşkil edib.
Avqust ayında qlobal artımın əsas hissəsi Avropanın hesabına formalaşıb. Reuters-in məlumatına görə, Avropada elektromobil satışlarının artmasına hökumət subsidiyaları və daha sərt emissiya qaydaları təsir göstərir. ABŞ və Çində isə bazarın artımı daha zəif olub.
Beynəlxalq Enerji Agentliyinin (IEA) 2026-cı il hesabatına görə, 2025-ci ildə dünyada 20 milyondan çox elektromobil satılıb və yeni avtomobil satışlarının təxminən dörddə biri elektrikli avtomobillərin payına düşüb. Avropada isə elektromobil satışları 30 faizdən çox artaraq 4,2 milyona çatıb.
IEA 2026-cı ildə qlobal elektromobil satışlarının 23 milyona çatacağını və bütün yeni avtomobil satışlarının təxminən 28 faizini təşkil edəcəyini proqnozlaşdırır. Avropada isə hər üç yeni avtomobildən birinin elektriklə işləyəcəyi gözlənilir.
Elektromobil texnologiyasındakı əsas rəqabət sahələrindən biri batareyalardır. IEA-nın məlumatına görə, 2025-ci ildə elektrikli nəqliyyat vasitələrinin batareyalarına tələbat 1,2 teravat-saat təşkil edib. Bu, 2024-cü illə müqayisədə təxminən 30 faiz çoxdur.
Yeni texnologiyalar avtomobillərin daha sürətli enerji yığmasına da imkan verir. Artıq 1000 voltluq sistemlərdən istifadə edən modellər bazara çıxıb, bəzi istehsalçılar isə avtomobillərin 10 dəqiqədən az müddətdə enerji yığa bilməsi üzərində işləyirlər.
Elektromobillərin sayının artması enerji doldurma məntəqələrinə tələbi də artırır. Sürətli şarj texnologiyalarının yayılması avtomobil sahiblərinin gözləmə müddətini azaltmağa imkan versə də, elektrik şəbəkəsinin yükü ilə bağlı yeni məsələlər yaradır.
IEA hesab edir ki, elektromobillərin geniş yayılması ilə elektrik enerjisinə tələbat da əhəmiyyətli dərəcədə artacaq. Bunun qarşısını almaq və şəbəkənin yükünü azaltmaq üçün “ağıllı şarj” sistemləri və avtomobillərin elektrik enerjisini şəbəkəyə geri ötürməsinə imkan verən V2G texnologiyası gələcəkdə daha böyük rol oynaya bilər.
Elektromobil bazarında Çin şirkətlərinin rolu da getdikcə artır. 2026-cı ilin ilk səkkiz ayında Çinin avtomobil ixracı 2025-ci ilin bütün illik göstəricisini keçib. Xüsusilə elektrikli və plug-in hibrid avtomobillərə xarici tələbat artır.
Bu vəziyyət Avropa avtomobil istehsalçılarını da daha münasib qiymətli və daha səmərəli elektromobillər hazırlamağa sövq edir. Məsələn, Audi sentyabr ayında yeni kompakt A2 e-tron modelini təqdim edib. Şirkət modelin enerji sərfiyyatını 100 kilometrə 12,8 kVt/saat, maksimal yürüş məsafəsini isə 646 kilometr açıqlayıb. Avtomobilin Avropada satışına dekabrda başlanması planlaşdırılır.
Yeni rəqəmlər göstərir ki, elektromobillər artıq avtomobil bazarının kiçik və alternativ seqmenti olmaqdan çıxaraq əsas nəqliyyat texnologiyalarından birinə çevrilir. Lakin gələcək artım yalnız avtomobillərin sayından deyil, onların qiymətindən, batareya texnologiyasından, enerji doldurma imkanlarından və elektrik şəbəkələrinin hazırlığından asılı olacaq.
IEA-nın qiymətləndirməsinə görə, mövcud siyasətlər davam edərsə, 2035-ci ilə qədər bütün növ elektromobillərin qlobal parkı 450 milyonu keçə bilər.
Lalə Mehralı