Erməni işğalçıları tərəfindən ərazimizin 20 faizindən çoxu 30 il işğal altında saxlanılsa da, Azərbaycan bununla heç vaxt barışmamış, beynəlxalq kürsülərdən, möhtəbər yığıncaqlarda ona öz qəti etirazını bildirmişdi. BMT-nin 4 qətnaməsi olsa da, çox təəssüf ki, bu, nə BMT, nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar tərəfindən həll etməmiş, əksinə işğalçılara arxa durmuşlar. Artıq buna dözmək olmazdı! Ona görə də 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi.
Ermənilərin uzun müddət xof yaratdığı “Ohanyan səddi” Azərbaycan Ordusu tərəfindən bir-neçə saatın içərisində darmadağın edildi və əsgərlərimiz bir neçə gün ərzində Füzulinin və Cəbrayılın 7 yaşayış məntəqəsini erməni işğalından azad etdilər. Azərbaycanın “ildırımsürətli” hücum planı qarşısında erməni əsgərləri pərən-pərən düşmüşdü. Onlar döyüş mövqelərini, səngərləri, ağır texnikanı və digər silahları ataraq qaçırdılar. Təbii ki, qüdrətli və güclü Azərbaycan Ordusu hər saat, hər gün yeni bir yaşayış məntəqəmizi azad edirdi. Ermənilərin havadarları və o cümlədən Fransa çalışırdılar ki, Azərbaycan Prezidenti İlham Əliyevə təzyiqlər eləsin və döyüşü saxlasın. Amma cənab Prezident də xalqa müraciətində bir fikri xüsusilə vurğulayırdı ki, bizi heç bir qüvvə dayandıra bilməz!
Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində deyirdi ki, bizim əsgərlərimiz aslan kimi döyüşürlər, onlar heç nədən qorxmadan torpaqlarımızın azad olunması yolunda canlarından belə keçməyə hazırdılar. Əlbəttə, erməni əsgərlərindən fərqli olaraq Azərbaycan əsgəri bu torpaqda şəhid olmağı şərəf bilirdi. Həmin günlərdə 3 min şəhidimiz oldu və o şəhidlərin hər biri qanları ilə tarixə “Azərbaycan, Qarabağ!” sözlərini yazdılar. Və Azərbaycan xalqı bu 44 gündə öz böyüklüyünü, öz müdrikliyini və öz qəhrəmanlığını göstərdi. Cəbhədə döyüşmək üçün minlərlə gənc növbəyə durmuşdu, hansı ki, onlara “gözlə” - deyirdilər, amma onlar çox tələsirdilər və Vətən uğrunda döyüşməyə can atırdılar. Bu döyüşlər zamanı Azərbaycan əsgəri yeni bir tarix yazdı və 200 ildə xalqımızın qazanmadığı qələbəni əldə etdi. Azərbaycan bir qarış torpağını da düşmənə verməyəcək!
Azərbaycan bayrağı Cəbrayıla, Hadruta, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına sancıldı. 44 günlük Böyük II Qarabağ savaşı Azərbaycan Ordusunun hansı gücə və qüdrətə malik olmasını göstərdi. 44 günlük savaş onu da göstərdi ki, Azərbaycan BMT-nin 30 ildə icra etmədiyi 4 qətnaməsini qısa zaman kəsiyində yerinə yetirdi. Dünya hərb tarixində bənzəri və oxşarı olmayan 44 günlük savaş yeni bir salnamənin yazılmasına səbəb oldu. Tarixə qızıl hərflə yazılan Azərbaycanın möhtəşəm qələbəsi hərb tarixinin yeni səhifəsi deməkdir. Təbii ki, Azərbaycan Ordusunun bu döyüş yolu dünyanın bir çox ölkələri tərəfindən təhlil edilir, öyrənilir və araşdırılır. Çünki Azərbaycan Ordusu sözün həqiqi mənasında 44 gündı möhtəşəm bir tarix yazdı!Həm də həmin günlər Azərbaycan xalqı Prezident İlham Əliyevin və Ordumuzun ətrafında bir yumruq kimi birləşdi, tarixi qələbə qazandı və “Qarabağ Azərbaycandır!” – deyərək, işğal altında olan 20 faiz torpaqlarımızı işğaldan azad etdi.
Çox təəssüf ki, ermənilər bu məğlubiyyətdən və “Dəmir Yumruq”dan nəticə çıxarmadılar. Belə ki, erməni işğalçıları yenidən 2023-cü ilin sentyabrnda təxribatlar törətməyə başladı. Onlar kəşfiyyat xarakterli əməliyyat həyata keçirir, yolları minalayır və ərazilərimizi mütəmadi atəşə tuturdular. Sentyabrın 18-də 7 polis əməkdaşının və bir neçə mülki vətəndaşın minaya düşməsi yenidən xalqımızın və dövlət başçısının səbr kasasını doldurdu. Ona görə də Prezident İlham Əliyevin əmri ilə Qarabağda lokal anti-terror əməliyyatı keçirdi. Bu əməliyyat zamanı ermənilərin 90-dan çox döyüş mövqeyi, ağır texnikası və minə yaxın canlı qüvvəsi məhv edildi. Təbii ki, müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror tədbirləri Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tamamailə uyğundur. Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərksilah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır.
Erməni separatçılarının ağ bayraq qaldırması və təslim olması bir daha onu təsdiq edir ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dayana bilməz. Ordumuz 24 saatlıq möhtəşəm qələbə ilə yeni bir tarix yazdı və dünyaya bəyan etdi ki, Qarabağın ərazi bütövlüyü tam təmin edilib və eyni zamanda Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü, ən qüdrətli dövlətidir və qonşularımız da bununla razılaşmağa məcburdular!
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri