Analitika

  • 3 534

Daha təkmil dirçəliş modeli - Böyük Qayıdış sürətlənir - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb”

44 günlük müharibəni şanlı qələbə ilə başa çatdırdıqdan sonra Azərbaycan dövlətinin qarşısına qoyduğu milli prioritetlərdən biri də işğaldan azad etdiyi torpaqlara tezliklə Böyük qayıdışı gerçəkləşdirmək idi. Buna görə də Vətən müharibəsindən dərhal sonra tarixi ərazilərimizdə geniş quruculuq və bərpa işlərinə start verildi. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün birbaşa dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında bu ərazilərdə dünyada misli görünməmiş meqalayihələrin icrasına başlanıldı.

Prezident İlham Əliyevin zəfərdən ötən bu üç illik qısa zaman kəsiyində mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər etməsi, erməni vəhşilərinin yerləyeksan etdiyi qədim şəhərlərimizin yeni bünövrələrini qoyması, yeni yolların, tunellərin, beynəlxalq hava limanlarının təməllərini atması, bütün infrastrukturu başdan yaratması Böyük qayıdışın tezliklə reallaşdırılmasına mühüm təkan verdi.

Azərbaycan ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri öz iqtisadiyyatının gücü sayəsində yenidən qurur, bu ərazilərdə irimiqyaslı müasir infrastruktur layihələri icra edir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş bu proqram Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir və müstəqil Azərbaycan tarixinə Qarabağın yenidən qurulmasını tənzimləyir. Elmi cəhətdən də əsaslandırılmış mükəmməl sənəd olan Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət proqramı 2022-2026-cı illəri əhatə edir. Proqramda deyilir ki, Azərbaycan hökuməti 2027-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 280 min ha ərazinin minalardan təmizlənməsini planlaşdırır. Dövlət Proqramında qeyd olunur ki, 2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənib.

Sənəddə qeyd olunan planlara əsasən, 2024-cü ildə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. 2026-c ildə qədər Ağdam-Xankəndi qaz kəməri tikiləcək, sərhəddə keçid məntəqələri fəaliyyətə başlayacaq. 2026-cı ildək Qarabağ və Şərqi Zəngəzura 10 min 270 ailə, 2027-ci ilə qədər – 34 min 500 ailə köçürüləcək. 2027-ci ilədək burada 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada həmçinin enerji, nəqliyyat, idman, sosial və digər infrastruktur inşa olunacaq. 2026-cı ilə qədər burada 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikiləcək və bərpa ediləcək, 2027-ci ilədək isə regionda ali məktəbin bir filialı fəaliyyətə başlayaq, DOST mərkəzlərinin 7 filialı açılacaq.

Böyük Qayıdışa dair I Dövlət Proqramı ancaq bu ərazilərə insanları qaytarmaqla kifayətlənmir. Proqramda həm də dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti, gələcəkdə məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədlər nəzərdə tutulur.

HƏDƏFLƏR REALLIĞA ÇEVRİLİR…

Dövlət başçısı İlham Əliyevin sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri Böyük Qayıdışa doğru növbəti addım kimi dəyərləndirilir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıda dayanan hədəfləri açıqlayarkən bildirmişdir ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin".

Azərbaycan dövləti bütün bu işləri öz daxili imkanları hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsini həyata keçirməsi də təqdirəlayiqdir. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. İşğaldan azad edilmiş ərazilərimizin "ağıllı şəhər" və "ağıllı kənd" layihələri əsasında yenidən qurulması dövlətimizin yeniliklərə, təkmilləməyə nə qədər maraq göstərdiyini nümayiş etdirir. "Ağıllı kənd" layihəsinin ilk iştirakçısı Zəngilanın Ağalı kəndi oldu. Ötən il Ağalı kəndi sakinlərini qarşıladı. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimizin hər biri genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdən lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Bugünümüz üçün yeganə rəqib zamandır. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Bu mərhələ həmin ərazilərin malik olduğu potensialdan səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq.

Bəli, atılan hər bir addım bir məqsədə xidmət edir: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilməklə qarşıya çıxan hər bir çətinlik anındaca aradan qaldırılsın. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, "Dəmir yumruq" nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.

AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI ÖZ DAXİLİ MALİYYƏ MƏNBƏLƏRİ HESABINA REALLAŞDIRIR

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il ən azı 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur: "Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur".

Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

Bəli, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.

O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin böyük iqtisadi potensialı var. Bu potensialın reallaşdırılması üçün işğaldan azad olunmuş ərazilərdə yeni müəssisələr tikilməli, sahibkarlıq fəaliyyətləri qurulmalıdır. Bu fəaliyyətlərin uğurla qurulması üçün investorları stimullaşdıracaq uzunmüddətli vergi və gömrük güzəştləri tətbiq olunacaq. Proqramın icrası müddətində işğaldan azad olunmuş torpaqlarda yaradılacaq yeni istehsal sahələri bu ərazilərə qayıdacaq insanların işlə təmini məsələlərini də qabaqcadan həll etməyə kömək edəcək. Həmçinin, Dövlət Proqramının əsas hədəfləri həm infrastrukturun formalaşdırılması, yenidən qurulması, həm iqtisadiyyatın formalaşması və reinteqrasiyası, sosial inkişaf, həm də ətraf mühitdə tarazlığın qorunması, “yaşıl iqtisadiyyat”ın formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, işğal müddətində Qarabağ və Şərqi Zəngəzurda infrastruktur tamamilə dağıdılıb. Onların yenidən qurulmasına ehtiyac var və bu istiqamətdə də intensiv şəkildə işlər gedir. Həmçinin, Proqramda “yaşıl iqtisadiyyat”, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına uyğun olaraq yaşayış məntəqələrinin salınması, alternativ enerji mənbələrindən daha çox istifadə edilməsi nəzərdə tutulub. Buraya ətraf mühitin qorunmasına və işğal müddətində Ermənistanın törətdiyi ekoloji soyqırımdan sonra ekologiyanın yenidən formalaşması, yaşıllıqların artırılması kimi hədəflər daxildir. Bütövlükdə Proqramın əsas özəlliyi ondan ibarətdir ki, sənəddə konkret hədəflər və fəaliyyətlər müəyyən olunub. Hər fəaliyyətə məsul olan dövlət qurumu müəyyənləşdirilib. Bir sözlə, I Dövlət Proqramının imzalanması birmənalı şəkildə qayıdış prosesinin daha da sürətlənməsinə şərait yaradacaq.

DÖVLƏT BAŞÇIMIZIN DEDİYİ KİMİ: "TEZLİKLƏ BÜTÜN KEÇMİŞ KÖÇKÜNLƏR QAYITSINLAR DƏDƏ-BABA TORPAQLARINA VƏ BİZ ƏLİMİZDƏN GƏLƏNİ EDƏCƏYİK Kİ, BUNU TEZLƏŞDİRƏK"

Böyük Qayıdışın ilk addımı olaraq Ağalı kəndindən - Şərqi Zəngəzurun Zəngilan rayonuna köçürülüb. Sentyabrın 7-də isə Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb və Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüb. On iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Sentyabrın 9-da isə ikinci köç karvanı ilə digər 13 ailənin məcburi köçkünlük həyatı başa çatıb.Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti 3-cü mərhələsi başlayıb. Bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür. Onlardan 50 nəfərdən ibarət 10 ailə bu gün yola düşüb, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürülüb. Hər zaman qeyd etdiyimiz kimi, bütün bu işlər ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu prosesə yeganə rəqib zamandır. Bu baxımdan ki, ərazilərdə bərpa-quruculuq işlərinin sürəti minalardan təmizlənmə prosesindən asılıdır. Bu isə böyük vaxt itkisi deməkdir. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir.

Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər