Analitika

  • 4 439

Azərbaycanla Gürcüstan bir-birinin yanındadır - ŞƏRH

image

Xarici ölkələrlə bağlı Azərbaycanın siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Qonşu dövlət olmaqla yanaşı, Gürcüstan strateji tərəfdaşdır. Azərbaycan-Gürcüstan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, həmçinin, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Hazırda ölkələr birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, o cümlədən, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Həyata keçirdiyimiz birgə infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Qeyd edək ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bir-iki aydan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Regionda yaxın zamanlarda mühüm logistik layihə yekunlaşacaq. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və həmçinin, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Bu gün Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Təbii ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq.

Cari ilin 16 mart tarixində Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Bu mənada bundan sonra da bizim enerji layihələrimiz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. Qeyd edək ki, Azərbaycan qazını alan ölkələrin sayı səkkizə çatıb və bu, son deyil. Şübhəsiz ki, yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Yeni dünya düzənində Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq.

Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Belə ki, bu layihələrdən biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki buna böyük tələbat var. Gürcüstanın, eyni zamanda Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz bu gün texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Belə ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaq.

Onu da vurğulayaq ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Qeyd edək ki, Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun da əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

İki qardaş ölkəni təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Ölkələr arasında dostluq və qardaşlıq dərin tarixi köklərə əsaslanır. Tarixən bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulub. Ərazi bütövlüyü və suverenliyi ilə bağlı da Azərbaycan ilə Gürcüstan bir-birinə qarşılıqlı dəstək verib. Bütün dövrlərdə hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək.

Azərbaycan-Gürcüstan arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər