Analitika

  • 1 082

Müdrik xalqımız heç zaman soyqırımı qurbanlarını unutmayacaq! - ŞƏRH

image

Artıq 26 ildir ki, ölkəmizdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Bununla əlaqədar olaraq təkcə ölkəmizdə deyil, respublikamızdan kənarda da soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan bu cinayətkar siyasətə cəlb olunur. Müdrik xalqımıza qarşı yeridilmiş bu soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayidışından sonra apardığı qətiyyətli siyasəti sayəsində dünya birliyinə çatdırılmağa başlamışdır.

Əlbəttə ki, bu qanlı hadisələri xatırlamaq, bu soyqırımı barədə gənc nəsli məlumatlandırmaq, erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq, hadisələrin baş verdiyi tarixi şəraiti və siyasi prosesləri dəqiq təhlil etmək çox vacibdir. Bu baxımdan qeyd etməliyik ki, həmin dövrdə ermənilər, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində “erməni dövləti” qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər.

Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdı. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-ə qədər Bakıda davam etmiş və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır. Bolşeviklərin böyük dövlətçilik siyasətinin tərkib hissəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Hətta, Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaymışdılar. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də həyata keçirildi.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin dəhşətli hadisələrə siyasi qiymət verildi və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Qeyd edək ki, bu sənədin ermənilər və onların havadarlarının xalqımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında böyük rolu və əhəmiyyəti vardır.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 28-də Sərəncam imzalamışdır. Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olundu. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.”

Müdrik xalqımız 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında Şanlı Zəfərə imza ataraq, tarixi ədaləti bərpa etdi və bütün şəhidlərimizin, soyqırımı və faciə qurbanlarının qisasını artıqlaması ilə aldı. Bir daha bütün dünyaya göstərdi ki, nahaq qan heç vaxt yerdə qalmır. Artıq xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlər real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılmış, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlər dəyişdirilmiş, ona hüquqi-siyasi qiymət verilməsi istiqamətində xeyli işlər görülmüşdür. Bu nə qədər çətin olsa da, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli və müqəddəs bir iş kimi bu gün də bu iş davam etdirilməkdədir. Bəli, müdrik xalqımız heç zaman soyqırımı qurbanlarını unutmayacaq!

İsgəndər Qurbanov

Partiya veteranı

Digər xəbərlər