Analitika

  • 2 770

Xalq öz seçimində yanılmayıb - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”

Altı il öncə - 11 aprel, 2018-ci il növbədənkənar prezident seçkisində İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir probleminin çözülməsi üçün başlanğıc oldu. Qarabağın azad olunmasının ilk anonsu məhz xalqın, cəmiyyətin 11 aprel 2018-ci ildə Prezidentə yenidən etimadı, inamı oldu. Prezident İlham Əliyev 6 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi: «Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq».

Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır, azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır. Bəli, artıq 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən ötən 6 il ərzində qalib Liderimizin verdiyi sözlər əməlləri ilə həyata keçirilməkdədir.

QALİB LİDER “ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR” - DEYƏN ULU ÖNDƏRİN ARZUSUNU REALLAŞDIRDI

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

ƏVVƏLKİ SEÇKİLƏRDƏ OLDUĞU KİMİ, AZƏRBAYCAN XALQI YENƏ TARİXİ SEÇİMİNİ EDƏCƏK - SABİTLİYƏ, ƏMİN-AMANLIĞA, BÜTÖVLÜYƏ SƏS VERƏCƏK

Bəli, xalqımız bundan əvvəl Prezident seçkilərinin növbədənkənar keçirilməsinin şahidi olmuşdu. 2018-ci ildə Prezident seçkiləri uğurla başa çatdı. Eyni zamanda 2020-ci ildə parlament seçkiləri növbədənkənar keçirildi. 2018-ci il aprel ayının 11-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərdə Cənab İlham Əliyevin ümumxalq sesverməsində 86,03 faiz səs qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımız bu düzgün seçimi bugünkü qələbə tarixinin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 20 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalına son qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ona göstərilən bu etimada görə xalqa ünvanladığı müraciətində demişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımızın əsas şərtidir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Xalq-iqtidar birliyi bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik”.

ÖTƏN 6 İL SÜBUT ETDİ Kİ, XALQ 11 APRELDƏ ÖZ SEÇİMİNDƏ YANILMAYIB VƏ YEGANƏ DÜZGÜN QƏRAR QƏBUL EDİB

Və son illərin uğurlu nəticələrinə əsaslanaraq birmənalı şəkildə deyə bilərik ki, sözü imzası qədər dəyəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Belə ki, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.

"Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", - söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

2018-ci il aprelin 11-də seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən cənab İlham Əliyev bildirmişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Bütövlükdə, görülən işlər nəticəsində ötən 6 il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir. Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs 2018-ci il 11 aprel prezident seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçilmiş cənab İlham Əliyev tərəfindən son 6 il ərzində yeni məzmunla zənginləşdirilmişdir. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev Prezident İlham Əliyev son 20 ildəki uğurları bir daha dəsdiqləyir ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla bundan sonra da zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər