Analitika

  • 2 285

İctimai-siyasi xadim: Hadi Rəcəbli - TƏHLİL

image

Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rolu və mövqeyi olan Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli dünyasını dəyişdi. Uzun illər müxtəlif vəzifələrdə çalışan Hadi Rəcəbli gərgin əməyi ilə ona göstərilən etimadı yüksək səviyyədə doğurmuşdur. 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olan Hadi Musa oğlu Rəcəbli ömrünün 77 yaşında həyata vida söylədi. Tərcümeyi-halına həkk olunan sətirlər onun fəaliyyəti və kimliyi haqqında hər şeyi demiş olur.

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmiş Hadi Rəcəbli 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. Fəhləlikdən və zəhmətdən başlanan yol illər sonra onu ucaltmış, şöhrət gətirmişdir. Hələ sovet məkanında yaşadığımız illərdən - 1971-ci ildən Lənkəran şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi vəzifəsində çalışmışdır. Yaradıcılıq imkanları geniş olan Hadi Rəcəbli 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri kimi çalışmış qələmə aldığı məqalələri ilə diqqətdən kənarda qalmamışdır. Analizetmə və iti zehni qabiliyyəti müxbir kimi fəaliyyətinə töhfələr verməsinə səbəb olmuşdur.

Qısa bir müddətdən sonra 1980-ci ildən Lənkəran şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsi ona həvalə olunur. Gənc bir insana belə bir məsul vəzifənin həvalə edilməsi əlbəttə ki, qazandığı etmadın bəhrəsi idi. Demək olar ki, yaşadığı hər bir il ona uğur gətirmişdir. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Bu və digər vəzifələr Hadi Rəcəblinin nufuzunu artırmış və ölkənin ictimai-siyasi həyatında rol oynayan bir ziyalı kimi fəaliyyəti daha genişlənmiş, məsul vəzifələrə irəli çəkilmişdir.
Hadi Rəcəbli on birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Bütün bunlarla yanaşı, ehtiyatda olan mayor olmuşdur. Milli Məclisin Sosial Siyasət daimi Komissiyasının sədri seçilmişdir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İran, Azərbaycan-Koreya, Azərbaycan-Litva, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi çalışmışdır.

İctimai fəaliyyətinə nəzər salarkən xüsusi olaraq qeyd edək ki, o, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.

İctimai-siyasi fəaliyyəti ilə yanaşı, elmi fəaliyyəti də hər zaman diqqətdə olmuş və elmi araşdırmaların nəticəsi olaraq 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının dosenti kimi fəaliyyət göstərmişdir.

Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiyəmətləndirilmişdir. Belə ki, "Əmək igidliyinə görə" medalı (1976), "Əmək rəşadətinə görə" medalı (1977), "Şərəf" nişanı (1986), "Şöhrət" ordeni (2007) ilə təltiş olunmuşdur. Daha sonra 2017-ci ildə isə İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülmüşdür.
17 aprel 2024-cü il tarixində dünyasını dəyişərək İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər