Analitika

  • 3 220

Bakıdan ünvanlanan SƏRT MESAJ – TƏHLİL

image

Rusiya liderinin ölkəmizə səfəri heç də təsadüfi sayılmır və görünən odur ki, Kreml üçün də bu rəsmi səfər böyük əhəmiyyət kəsb edir. Prezident Vladimir Putinin məhz ölkəmizə səfəri çərçivəsində cənab Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında gözlənilən sülh danışıqları prosesinə dəstək ifadə etməsi də heç təsadüfi, əbəs yerə deyil və ələlxüsus ondan xəbər verir ki, bu, elə Moskvanın da maraqları ilə üst-üstə düşür. Çünki rəsmi Moskva artıq çoxdan qəbul edib ki, bölgədə sülhün bərqərar olması ilə, təhlükəsizliyin təmin edilməsi ilə, stabilliyin yaradılması ilə Qərbin Cənubi Qafqaza soxulmaq, müdaxilə etmək, hətta rusları bölgədən sıxışdırıb çıxarmaq niyyəti də, arzusu da belə dərhal puç olmuş olur. Daha dəqiq desək, Rusiya Prezidentinin Azərbaycana səfər etməsi ilə və səfər çərçivəsində Bakı və İrəvan arasında gözlənilən sülh danışıqları prosesinə dəstək ifadə edilməsi ilə, bölgəyə burun soxmağa, Ermənistanı silahla təmin edib qızışdırmağa, müharibəyə, toqquşmalara, münaqişəyə təhrik edənlərə əlbəttə ki, regionda mühüm qərarları vermək iqtidarında olan, lider dövlət olaraq geosiyasi iradə sahibi sayılan ölkənin Azərbaycan olduğu barədə çox sərt bir mesaj verilir.

Regionda geosiyasi proseslərin inkişaf istiqamətlərinin məhz Bakı tərəfdən müəyyən olunması özü həqiqətən də ədalətlidir

Cənubi Qafqazda geosiyasi mübarizə artıq çoxdandır ki, özünü göstərməkdədir. Bir çox ölkələrin, məsələn, ABŞ, Fransa kimi ölkələrin regionda özünə yer eləmək niyyəti artıq gizlədilmir də. Maraqlar naminə müxtəlif çirkin əməllətə əl atılır, hətta marionet ölkə olan Ermənistan da silahlandırılaraq, bir çox ölkələrin əlində alət kimi istifadə edilir. Həmin ölkələr, eləcə də Avropa Birliyi tərəfindən Cənubi Qafqazda mövqe əldə etmək, yerləşmək üçün ciddi cəhdlə mücadilə edilir və hətta Rusiyanı da bölgədən sıxışdırıb çıxarmaq üçün bütün mümkün cəhdlər də göz önündədir. Göz önündə olan odur ki, bir müddətdir Cənubi Qafqaz dünyanın bir çox nəhəng dövlətlərinin qarşıdurmaları üçün sanki poliqon hesab olunur və hətta regionumuzu poliqona çeviriblər də.

Unutmaq, yaxud nəzərə almamaq olmaz ki, regionda şəriksiz lider və geosiyasi iradə sahibinin məhz Azərbaycan olduğu qəbul edilməkdədir. Başqa şəkildə qəbul etmək mümkün də deyil. Çünki həqiqətən də ölkəmiz Cənubi Qafqazın lider ölkəsidir və qərar sahibi də Azərbaycandır. Azərbaycan regionda sülh, əmin-amanlıq, sabitlik, stabillik üçün kifayət qədər töhfələr verib və bundan sonra da belə töhfələr vermək iqtidarındadır, belə bir potensiala sahibdir. Məhz bu nöqteyi-nəzərdən baxdıqda görürük ki, regionda geosiyasi proseslərin inkişaf istiqamətlərinin məhz rəsmi Bakı tərəfdən müəyyən olunması özü həqiqətən də ədalətlidir. Lakin ABŞ və Fransa kimi ölkələrin müxtəlif yollarla, məsələn, Ermənistanı silahlandırmaqla, silahla təmin etməklə regionumuza burun soxmaları heç də ədalətli deyil. Elə bu, ən böyük ədalətsizlikdir.

Özünün geosiyasi baxışını yeniləmək niyyəti özü də bir sərt mesaj hesab olunur

İstənilən zaman kəsiyində, ələlxüsus da indiki məqamda ruslar üçün erməniləri idarə etmək", "susdurmaq" heç də çətin deyil. Ona görə ki, rusların əlində elə rıçaqlar var ki, onunla hayları nə vaxt istəsələr susdura, idarəetməni belə əllərinə ala bilərlər. Maraqlı məqam da odur ki, ruslar hayların nəinki onlara, bütövlükdə hamıya qarşı xəyanətkar olduqlarını bilə-bilə heç də aqressiv münasibət sərgiləmirlər. Elə ermənilər də bir qədər buna görə çəsarətlənirlər. Amma unudurlar ki, ermənilərin ərazilərimizdə, indiki İrəvan ərazilərində necə məskunlaşmalarına, daha doğrusu, necə məskunlaşdırılmalarına hələlik bir aydınlıq gətirilmir. Əvvəla, ruslar təkcə elə buna aydınlıq gətirsələr ermənilər öz uydurmaları, öz yalanları ilə birdəfəlik arxivə düşmüş olurlar. Digər tərəfdən də axı Ermənistan istənilən bir sahədə Rusiyadan asılı vəziyyətdədir. Əslində, Ermənistan bütün sahələr üzrə tamamilə Rusiyadan asılı vəziyyətdə olan süni şəkildə yaradılmış qondarma bir dövlətdir axı. Belə bir asılı dövlət Rusiyanın "xeyir-duası" olmadan necə Qərbə üz tuta bilər? Bir halda ki, Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmirsə, deməli, ermənilərin xəyalları elə xəyal olaraq da qalmalıdır və qalacaq da. Təbii ki, əgər özləri qalmış olsalar.

Sözsüz ki, hələ də Rusiyanın başı Ukraynaya qarışıb və rusların haylara ayıracaq nə vaxtı var, nə də hövsələləri. Amma bu o demək deyil ki, ermənilər xəyanətkarlıqlarına görə cavab verməyəcəklər, əksinə, ən tez zamanda belə bir cavabdehlik qarşısında olacaqlarına zərrə qədər də şübhə yoxdur. Belə bir cavabdehlik qarşısında qalan, dünyanın ən hegemon dövlətlərindən biri olan Rusiyanın ilk addımdaca Ermənistanı yer üzündən silməsi də təkzib edilə bilməz. Amma Rusiya hələ də hayları guya ki, görmür. Ola bilsin ki, Ukrayna münaqişəsi bitdikdən sonra Moskva İrəvanı bircə addımdaca yerində otuzduracaq. İndi isə, hələlik bir kənardan seyr edir və zamanını gözləyir. Gözləyir ki, əgər Ermənistan səhvini anlamazsa, deməli, tədbir görülməlidir və hadisələrin gedişi göstərir ki, belə bir "tədbir" görüləcək də. Lakin Rusiya hələ də tələsmir və özünün geosiyasi baxışını yeniləmək niyyətindədir və bunu həmin ölkənin davranışlarından da görmək çətin deyil. Belə bir niyyətin bəyan edilməsi özü də sərt mesaj sayılır, çünki qarşı tərəfə ünvanlanıb.

Putinin Azərbaycana səfərini geosiyasi mesaj kimi qəbul oluna bilən manevr hesab edənlər də az deyil

Hayların xəyanətkarlıqlarına cavab verməyi təxirə salan Rusiya Qərbin cavabını verməyi daha aktual, daha vacib hesab edir. Ruslar onları sıxışdırıb regiondan, Cənubi Qadqazdan çıxarmaq istəyənlərin cavabını verməyə daha çox yer ayırırlar. Kremlin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyi üstün tutması özü də Qərb üçün bir cavab bir mesajdır. Bu, əlbəttə ki, tamamilə məntiqi bir mesaj hesab olunur. İlk öncə ona görə ki, Rusiya liderinin səfəri və səfər çərçivəsində Azərbaycanla münasibətlərə önəm verdiyini bəyan etməsi, İrəvanla Bakı arasıdan gözlənilən sülh prosesini dəstəkləməsi kollektiv Qərbə bir cavab, bir mesaj kimi qəbul olunur. Yəni, daha sadə dillə desək, ruslar mesaj verirlər ki, heç də Qərb burnunu regiona soxa, Rusiyanı sıxışdırıb çıxara bilməzlər. Ona görə bilməzlər ki, söz sahibi də, qərar sahibi də onlar yox, Azərbaycandır. Putin Azərbaycana səfəri ilə mesaj vermək istəyir ki, Qərbin niyyətini hesaba belə almır. Həm də çatdırır ki, hesaba alınmalı olan marionet ölkə sayılan Ermənistan yox, müstəqil, suveren, güclü və qüdrətli dövlət olan Azərbaycandır və əlaqələrini də məhz Bakı ilə qurur, günü-gündən də inkişaf etdirir. Diqqətə çatdıraq ki, Putinin Azərbaycana səfərini geosiyasi mesaj kimi qəbul oluna bilən manevr hesab edənlər də az deyil.

Mesaj ondan ibarətdir ki, Azərbaycan özü öz məsələlərini həll etmək iqtidarında, əzmindədir

Nəzərə alsaq ki, Azərbaycan və Rusiyanın Cənubi Qafqazda ortaq maraqları mövcuddur və hər iki dövlət Şimal-Cənub dəhlizinin işə salınmasına böyük əhəmiyyət verir, deməli, Azərbaycanın özü də Rusiya liderini qəbul etməklə, bölgədə heç də tək olmadığı barədə Bakıdan çox ciddi mesajlar unvanlamış olur. Həm də unutmaq lazım deyil ki, Rusiya məhz Azərbaycanla Ermənistanın vasitəçisiz ikitərəfli danışıqlar aparmasını dəstəkləyir. Deməli, rəsmi Bakının təklifini dəstəkləyən Rusiya kimi bir ölkənin olması özü də diqqətdən yayınan məqam deyil. Hər halda, Rusiya və Azərbaycan liderlərinin görüşü, həmin görüşün Bakıda reallaşması, müzakirələrin aparılması, xüsusən də Azərbaycan və Ermənistan arasında gözlənilən sülh danışıqlarının Putin tərəfindən dəstəklənməsi bizim üçün sıradan bir hadisə sayıla bilməz. Əvvəla ona görə ki, iki qonşu ölkənin öz aralarında vasitəçisiz danışıqlarının artıq başqalarının məsələyə burun soxmasına heç də ehtiyac qalmadığı anlamına gəlir. Daha dəqiq desək, belə bir hal imkan vermir ki, ABŞ kimi, Fransa kimi ölkələr Ermənistan üzərindən bölgəyə soxulmaq bəhanəsi əldə etsinlər. Halbuki, hər iki ölkə, yəni Amerika da, Fransa da məhz sülhə guya vasitəçilik niyyətini ortaya ataraq, regionda özünə yer etməyə çalışır. Amma, bu dəfə məhz Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti görüşdüyü zaman sözügedən məsələnin xüsusilə vurğulanması, dəstəklənməsi məqsədə uyğun olan bir haldır. Belə bir məqam Azərbaycanın özünün də nəinki hansısa ölkələrə, bütövlükdə dünyaya mesajıdır. Mesaj da ondan ibarətdir ki, Azərbaycan özü öz məsələlərini həll etmək iqtidarında, əzmindədir və bunu Rusiya kimi dünyanın nəhəng ölkələrindən biri, onun dövlət rəhbəri, prezidenti də qəbul edirsə, deməli, kənar müdaxilələrə heç ehtiyac yoxdur.

Digər xəbərlər