Analitika

  • 2 674

Bir QADIN tanıdıq...

image

Bir QADIN tanıdıq: ləyaqətli ailənin övladı, ləyaqətli ailənin gəlini, həyat yoldaşı, ana, ziyalı, ictimai xadim. Ən əsası isə gözəl insan, gözəl xanım. Bir QADIN tanıdıq... Zərifliyi həm də xarakterinə yansıyan, incəliyi ruhuna da hopan, gözəl baxışları həm də qəlbinin mərhəmətini ifadə edən QADIN... Bir QADIN tanıdıq... Zərif çiyinlərində Azərbaycanın-qədim bir dövlətin milli-mənəvi, mədəni irsini daşımaqla dünya ölkələrinə təqdim edən, bu dəyərlərin əbədiyaşar olmasına can yandıran QADIN. Bir QADIN tanıdıq... Böyük bir dövlətə 20 il ləyaqətlə rəhbərlik edən dövlət başçısının həyat yoldaşı kimi daim Onun yanında olan QADIN. Bizdə belə bir deyim var ki, hər bir qadının arxasında güclü bir kişi olmalıdır. Bu deyimin sonunu belə gətirsəydik, daha doğru olardı: hər bir kişinin yanında da güclü bir qadın olmalıdır. Bu güc sevgidir. Bu güc qadın hərarəti ilə uzunömürlü olan ailədir. Bu güc hər bir kişinin tutduğu mövqedə rahatlıqla çalışmasıdır. Çünki ağır bir iş gününün sonunda onu isti bir yuva, o yuvada sevdiyi, hörmət və sayğı bəslədiyi qadın-həyat yoldaşı və övladları gözləyir. Bu güc ailədir. İnsanın iş və şəxsi həyatının tamlığı olan ailə. Hansı ki, zaman da sübut edib ki, ailə olmadan insan həyatın ən yüksək pilləsinə qalxsa belə, natamamdır...Bir QADIN tanıdıq: ləyaqətli bir ailənin övladı, ləyaqətli bir ailənin gəlini, həyat yoldaşı, ana, ziyalı, ictimai xadim-Mehriban xanım Əliyeva.

Ləyaqətli ailənin övladı
Bir QADIN tanıdıq... Ləyaqətli bir ailənin övladı QADIN. Azərbaycanda mətbuatın, jurnalistikanın, jurnalist ordusunun formalaşmasında böyük əməyi olan, jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının əziz, unudulmaz müəllimi, hər bir jurnalistin dəyərlisi Nəsir İmanquliyevin və yazıçı, ədəbiyyatşünas, onlarla əsərin müəllifi, lakin “Bir gəncin manifesti” ilə Azərbaycan gəncliyinin sonsuz sevgisini qazanan Mir Cəlal Paşayevin nəvəsi QADIN. Ölkəmizdə radiofizika sahəsində böyük nailiyyətlərə imza atan Arif Paşayev və şərqşünaslıq və ədəbiyyatşünaslığın “anası” Aidə İmanquliyeva kimi ziyalıların qızı QADIN...Kök, nəsil, ailə güzgüdür. Kök, nəsil ailə nədir, sən də osan, başqa cür mümkün deyil. Bu qədər ləyaqətli insanların əhatəsində təbii ki, Mehriban xanım kimi dünyaya fərqli baxan və dünyanı fərqli görmək istəyən, ziyalılığın ali mərtəbəsində dayanan, baba-nənələrdən, ata-anadan mənəvi dəyərləri, ən əsası isə insanlığı əxz edən QADIN yetişəcəkdi. Bir vaxtlar bu baba-nənələrin sığalı qətiyyəti, mərhəməti, əzmi damla-damla Onun dünyasına sızdırıb zamanında bu QADINın gücünə çevirəcəkdi. Bu güc baba-nənə, ata-ana mənəviyyatının, ziyalılığının, ictimai fərqliliyinin davamçısı kimi bizə Mehriban xanım Əliyevanı tanıdacaqdı.Bu kökdə həm də bir azərbaycanlı məxsusluğu var axı. Azərbaycan qadınının müasir dövrdə davamçısı olmaq da bu məxsusluqdan irəli gəlir. Şücaət, qəhrəmanlıq, hökmdar, hətta sərkərdə, döyüşçü, diplomat olmaq qabiliyyətini çoxəsrlik tariximizə yazmağı bacaran, kişilərdən ağlı-zəkası, hünəri ilə heç də geridə qalmayan qürur yerimiz olan Azərbaycan qadını. Kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən Burla xatun, Banu Çiçək, Selcan xatun, ağıl-zəkası ilə tarixə iz salan hökmdar Tomris ana kimi Azərbaycan qadını. Hünər rəmzi olan Mehrican, Möminə xatun, Nigar, Tuti Bikə, Nüşabə, Həcər xanımlar, Gültəkinlər, Salatınlar, Arəstələr kimi Azərbaycan qadını. Ziyalılığı ilə qürur duyduğumuz, mərhəmətli həkim, qayğıkeş ana, Ümummilli Liderimizə özünün də söylədiyi kimi, gözəl həyat yoldaşı olan Zərifə xanım Əliyeva və tək bir kəlmə ilə, xalqına Mehriban xanım kimi övlad bəxş edən Aidə İmanquliyeva kimi Azərbaycan qadını. Saymaqla bitməyən yüzlərlə Azərbaycan qadını... Və bizim mehriban və əziz Mehriban xanım kimi Azərbaycan QADINı.
Ləyaqətli ailənin gəlini
Bir QADIN tanıdıq... Gözəl ailə dəyərləri ilə birlikdə Ümummilli Liderimiz Heydər Əliyevin və dəyərlimiz Zərifə xanımın evinə gəlin köçən QADIN. Həyatını Azərbaycan xalqının müstəqilliyinə, bu müstəqilliyin daimiliyinə, ölkənin inkişafına həsr edən Ulu Öndərimizin və insanlara nur paylayan, hər bir xəstəsinin ağrılarını onunla birlikdə yaşayan, xəstəsinin həm həkimi, həm də ən yaxını olan Zərifə xanımın gəlini olmaq böyük şərəf idi. Bu şərəfə bu gün haqqında qürurla danışdığımız Mehriban xanım nail oldu. Çünki xalqımızın belə bir deyimi də var: gəlin ocağa gələr. Bəli, Mehriban xanım öz ata ocağı ilə eyni gücdə, eyni istilikdə, hərarətdə olan ocağa gəlmişdi. Bu ocaqda Onun sevdiyi, könlünü verdiyi, həyatının birgə davamı üçün əhd-peyman etdiyi İlham Əliyev böyümüşdü. Bu ocaqda gələcəkdə Azərbaycanda sönən onlarla ocağı yenidən alovlandıran övlad tərbiyə almışdı. Bu ocaqla Mehriban xanımın ata ocağı ona görə oxşar idi ki, hər ikisində Azərbaycan naminə insanlar yaşayırdı. Onların hər birinin amalı, qayəsi Azərbaycanın bu günü və gələcəyinin işığı üçün idi.
Bu ocaqda hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev ailənin dəyərləri müstəvisində böyüdülmüşdü. Elə ata vəsiyyətinin bir oğul üçün nə qədər əhəmiyyətli olması da Ona ailəsində aşılanmışdı. O vəsiyyət ki, onu 2020-ci ilin 44 günlük Vətən müharibəsində- 8 noyabrda-Şuşanın işğaldan azad olunduğu gün dövlətimizin başçısının dilindən eşitdik. Eşitdik ki, Ulu Öndərimiz oğlunun qarşısında bir vəzifə qoyub. Bu, bir vəzifə ilə yanaşı, həm də ata vəsiyyəti idi: torpaqlarımızın azad edilməsi ilə bağlı vəsiyyət. Elə məhz bu vəsiyyətin mövzusu bir ailənin nə qədər vətənpərvər olduğunun, bu dövlət və xalq naminə yaşadığının göstəricisi idi.
Həyat yoldaşı və ANA
Bir QADIN tanıdıq... Həyatını Ulu Öndərin siyasi və mənəvi varisi, dövlətimizə 20 il ərzində ləyaqətlə rəhbərlik edən cənab İlham Əliyevlə birləşdirən QADINı. Ömür-gün yoldaşına qırılmaz tellərlə bağlı, sədaqət mücəssəməsi olan, əxlaqi və mənəvi dəyərləri bu ocağın şöləsi QADINı. Zərifliyi ilə zövqü bir harmoniyada ürək kimi döyünən, yeri gələndə kəlağayılı, yeri gələndə milli, yeri gələndə ən müasir dəbli, yeri gələndə olduğu məkana uyğun geyimlə ətrafa qadın gözəlliyi saçan QADINı tanıdıq. Səsinin tonu ilə danışıq mimikaları üzündə bir başqa gözəllik yaradan Mehriban xanımı tanıdıq. Belə bir qadının həyat yoldaşı olmaqda dövlətimizin başçısının xoşbəxtliyini və şansını gördük.Bir QADIN tanıdıq... Əliyevlər ocağına Leylanı, Arzunu, Heydəri bəxş edən, bu ocaqda ANA adına layiq görülən QADINı tanıdıq. O ocağa bu QADINın laylaları ilə nəvə sevinci bəxş olundu. Bu ocaqda nəvələrin varlığı ilə ən gözəl anlar, unudulmaz xatirələr yaşandı. Onların gəlişi ilə bu ocağın çırtıltısı çoxaldı, çünki onlar evə qucaq dolu sevinc, gülüş, qəhqəhə gətirmişdilər.Bir Qadın tanıdıq... Övladlarını hər iki baba-nənələrinin adına layiq tərbiyə edib böyüdən QADIN. Onların qayğısı ilə yaşayan, hər birinin hər çağırışına “can” deyən QADIN. Hər birinin ilk qığıltısına, ilk addımına görə dünyalar bəxş olunan QADIN. Daha sonra uşaqların məktəb həyatı, dərslər, tapşırıqlar, oxumaq, təhsil almaq. Hər bir ana olan bilir ki, bu, tək ananın nəzarəti ilə mümkündür. Uşaq xəstələndimi, bir yeri ağrıdımı, onlarla adam olsun, bunun ağırlığını, əziyyətini ana qədər çəkən olmur. Bu səbəbdən də əsl ANA olan QADINı-Mehriban xanımı tanıdıq. Üç övladını layiqincə böyüdən, qayğıları ilə gecəni səhər, səhəri axşam edən, bu gün zəhmətinin bəhrəsi ilə qürur duyan QADINı tanıdıq.
Ziyalı və ictimai xadim
Bir QADIN tanıdıq... Ziyalı, elmli, maarifli bir QADIN. “Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir” deyən, ailəni, ailə dəyərlərini üstün tutan və qiymətləndirən QADINı tanıdıq. Anasının arzusunu, qayınanasının yolunu davam etdirən Mehriban xanımı tanıdıq. Dünyaya həkim, həm də göz həkimi gözü ilə baxan, bəzən dünyanın korluğuna üsyan edən, bəzən bu korluğu müalicə etməyə çalışan, bəzən gözlərin açılmasına, haqqı, ədaləti görməsinə yardımçı olan, bəzənsə gözlərinin açılması mümkün olmayanlara bu ədaləti başqa yollarla anladan QADINı tanıdıq.Hər zaman həyat yoldaşının yanında olacaq, dövlətimizin başçısına bütün işlərdə kömək edəcək QADINı tanıdıq. Bu qadın çox keçməyəcəkdi ki, bir həyat yoldaşı, ana missiyasından Azərbaycanın Birinci Xanımı titulunadək ucalıb Birinci vitse-prezident kimi dövlət işlərində də həyat yoldaşının yanında olacaqdı. Onun sədaqətli həyat yoldaşı olması ilə yanaşı, həm də sadiq dost, ləyaqətli iş yoldaşı olduğunu görəcəkdik. Gündəlik həyatda, hətta müharibə meydanında həyat yoldaşının yanında görəcəkdik. Bu zəriflik mücəssəməsi QADIN milli ordumuzun uni formasını geyinib həyat yoldaşı ilə yenicə azad edilmiş torpaqlarımızda gəzərkən, daşı daş üstündə qalmayan yurdlarımızın inkişafına öz zövqündən, məharət və bacarığından töhfə verərkən həm də qorxmaz, hünərli bir QADINı tanıdıq.44 günlük müharibə zamanı hər şəhidə, hər qaziyə balası qədər yanan, hər bir qarış torpaq azad edildikcə sevincini, qürurunu xalqı ilə paylaşan, müharibədə sağlamlığını itirən iştirakçıları xəstəxanalarda tez-tez ziyarət edən Mehriban xanım Əliyevanı-qadınlığın, zərifliyin, mərhəmətin, təəssübkeşliyin ifadəsini tanıdıq. Bu gün Qarabağ və Şərqi Zəngəzurun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da yaxından iştirakı ilə bərpa olunmasını, məcburi köçkünlərin ata-baba ocaqlarına qayıdışını böyük sevinclə qarşılayan və bütün bu işlərdə həyat yoldaşının yanında olan Mehriban xanımı tanıdıq. Nə yaxşı da ki, bu QADINı tanımışıq. Hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı ilə yanaşan, yüzlərlə xəstənin şəfası, yüzlərlə müraciəti yerindəcə həll edən, humanistliyin, insanpərvərliyin rəmzi QADINı.
Şəkillər “danışır”...
Bəzən uzaqdan-uzağa da insanı tanımaq mümkündür. Təbii ki, haqqında eşitməklə. Lakin budur, qarşımda yüzlərlə şəkli var Mehriban xanımın. Bu şəkillər dil açıb bu QADINdan danışır. Azərbaycanın Birinci Xanımından, Onun fəaliyyətindən söhbət açır. Onu daha yaxından tanımaq üçün yetərlidir bu şəkillər məncə...Budur, Mehriban xanım uşaq bağçası açılışındadır. Əli körpələrin saçlarını oxşayır, təbəssümü onların uşaq dünyasını güldürür. Budur, Mehriban xanım məktəb açılışındadır. Adı kimi mehriban baxışları ilə şagirdlərlə danışır, onlara yaradılan şərait gözlərindən yağan sevinclə ifadə olunur...Budur, Mehriban xanım sağlamlıq imkanları məhdud olan uşaqlarla bayram tədbirindədir. Onlardan biri qucağındadır, digəri çiyninə sarılıb, əlləri o birinin saçlarında gəzir. Valideyn himayəsindən məhrum olan bu uşaqlar Onunla ana istiliyini, hərarətini hiss edirlər. Sevinirlər, bu tədbirin bitməsini əsla istəmirlər.Budur, Mehriban xanım şəhid anası ilə görüşür. Yaşlı qadının əlləri əlinin içindədir. Ananın göz yaşlarını silir Mehriban xanım. Onunla kədərlənir, onunla qürurlanır, onunla şəhidin anası, candan yananı olur.Budur, Mehriban xanım könüllülərlə, idmançılarla, tələbələrlə... görüşür. Onların hər birinə məxsusi bir sevgi verir. Şəkil çəkdirir, qucaqlayır, söhbət edir.Və yüzlərlə belə şəkillər... Dil açıb Mehriban xanımın səmimiyyətindən, insanpərvərliyindən, duyğularından danışır. Hər bir şəkil yeni bir hadisə. Hər bir hadisə yeni bir səmimiyyət. Hər bir şəkil “yaxşı ki tanımışıq” dediyimiz QADINın bir gözəl keyfiyyəti...Bir QADIN tanıdıq... Yaxşı ki, tanıdıq. Hələ qarşıda Onun həyata keçirəcəyi böyük işlərdən, layihə və tədbirlərdən çox danışacağıq. Çünki Mehriban xanımın amalı və məqsədi Azərbaycan xalqının xoşbəxt gələcəyi, nurlu sabahıdır...

Mətanət Məmmədova

Digər xəbərlər