Analitika

  • 18 771

İqtisadi rayonların yeni bölgüsü – yeni reallıqlar -TƏHLİL

image

İqtisadi rayonlar ilk növbədə ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdir və yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib və Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına hesablanıb.

İndiyə qədər Azərbaycanda 10 iqtisadi rayon mövcud olub və ölkə başçısının Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənməklə, iqtisadi rayonların sayı 14-ə çatdırılıb. Çünki Azərbaycan iqtisadiyyatı artıq üç dəfədən çox böyüyüb. Onu da nəzərə almaq lazımdır ki, iqtisadiyyatın regional və sektoral strukturu belə dəyişib və bu məqam özü də iqtisadi rayonların yeni bölgüsünü labüd edir. Əlbəttə ki, Qarabağın iqtisadi dövriyyəyə qayıtması, regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi özü də yeni reallıqlar deməkdir. Fərmanda da göstərildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir.

Azərbaycan Ordusu Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi və indi Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması özü də tarixi ədalətin bərpasıdır. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının Zəngəzur dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində yerləşməsi, eyni coğrafi məkanda olması, 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində, yəni tarixən birlikdə olması həmin rayonların eyni iqtisadi zonada birləşməsini əsaslandırır ki, bu, məhz tarixi ədalətin bərpası olduğunu isbatlayır.

Onu da diqqətə çatdıraq ki, ölkə başçısının 7 iyul 2021-ci il tarixli Fərmanında Qarabağa vahid yanaşma var. Bu yanaşma da ondan ibarətdir ki, dağlıq və aran Qarabağ bir götürülür. Yeni Qarabağ İqtisadi Rayonunun yaradılması özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi baxımıdan da vacibdir.

Təbii ki, bütün bunlar ölkədə iqtisadi idarəetmə çevikliyinin təmin olunmasına, institutsional islahatlar aparılmasına xidmət edəcək. Bu addım iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini xüsusən artıracaq. Beləliklə də, regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir və belə tədbirlər fonunda iqtisadi rayonların yeni bölgüsü, bir sözlə, tam zamanında atılan addım oldu.

Heç şübhəsiz ki, Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni şəraitə, yeni reallıqlara uyğun olaraq yeni tələblər ortaya çıxır ki, bu anda iqtisadi rayonların yeni təsnifatı ən uğurlu addım hesab oluna bilər. Çünki, artıq iqtisadi rayonlara həmin reallıqlar və potensiallara uyğun olaraq yanaşmanın həyata keçirilməsi doğru addımdır. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizin istər sənaye, istər turizm, istərsə də aqrar sektorda böyük potensialı var və özünəməxsusdur. Bir sözlə, iqtisadi rayonların yeni bölgüsü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi baxımından ən doğru addımdır və bu da iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacağı zərrə qədər şübhə doğurmur.

Ölkə başçısının 7 iyul 2021-ci il tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünü iqtisadçılar, ekspertlər yüksək qiymətləndirirlər. Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov iqtisadi rayonların təsnifləşdirilməsinin çox vacib addım olduğu qənaətindədir. Millət vəkili hesab edir ki, iqtisadi rayonların yeni təsnifatı əhəmiyyətli addımdır.

“Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü Azərbaycan iqtisadiyyatının inkişafı, eyni zamanda sistemli şəkildə iqtisadiyyatın idarə edilməsi baxımından çox vacibdir. Nəzərə alaq ki, iqtisadi rayonlar təbii ki, həm coğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda potensialına, iqtisadi potensialına uyğun olaraq qiymətləndirilməsinə imkan verir və nəticə etibarı ilə biz iqtisadi rayonlara artıq həmin rayonun iqtisadi potensialına uyğun olaraq yanaşmanın həyata keçirilməsini müşahidə edirik.” Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, yeni təsnifat artıq Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, eyni zamanda təbii ki, yeni reallıqlara uyğun olaraq həyata keçirilir.

“İqtisadi rayonların yeni təsnifatı Azərbaycan iqtisadiyyatının inkişafı baxımından, eləcə də rayonlarımızın iqtisadi potensialının genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda nəzərə alaq ki, artıq biz iqtisadi rayonlar sırasında yeni adda, yəni Qarabağ və eləcə də Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsini gördük. Bu həm strateji baxımdan, həm iqtisadi baxımdan, həm də təbii ki, tarixi baxımdan kifayət qədər vacib bir qərardır, əhəmiyyətli bir addımdır. Çünki, nəticə etibarı ilə, nəzərə alaq ki, əvvəlki təsnifatda Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları var idi, amma yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ İqtisadi Rayonunda təmsil olunacaq. Şərqi Zəngəzur praktik olaraq həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi baxımından da vacibdir.

Xüsusən nəzərə alaq ki, Qarabağ İqtisadi Rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik olan iqtisadi rayondur. Bu, bölgələrimizin, işğaldan azad olunmuş rayonlarımızın bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, həmçinin dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək. O baxımdan yeni təsnifat bütövlükdə Qarabağın, işğaldan azad olunmuş ərazilərimizin iqtisai potensialının daha yaxından istifadə edilməsinə imkan verəcək. Xüsusən nəzərə alaq ki, Şərqi Zəngəzur, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikasına və qardaş Türkiyəyə çıxış imkanları əldə edəcək və bu da təbii ki, Şərqi Zəngəzur İqtisadi Rayonunun həm də strateji baxımdan, coğrafi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. O baxımdan yeni təsnifat Azərbaycanda iqtisadi inkişafın sistemliliyi, dayanıqlığın təmin edilməsi baxımından vacib olmaqla yanaşı, həm də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının daha yaxından və daha geniş şəkildə istifadəsinə imkan verəcək və bu da, həmin ərazilərimizdə iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacaq”, deyə Vüqar Bayramov bildirib.

Digər xəbərlər