Analitika

  • 3 432

Əməl olunması gecikən 4-cü bənd! REALLIQ+FOTO

image

Gecikdikcə də bu kimi hadisələr qanunsuz erməni quldur dəstələrinin daha da həyasızlaşmasına səbəb olur!

Məlum olduğu kimi, oktyabrın 14-də saat 18:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədərək, snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həyatına son qoyublar. Əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bu məlumat Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi şəkildə ictimaiyyətin diqqətinə çatdırılıb və vurğulanıb ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması (!) və qanun qarşısında cavab vermələrini təmin etmək üçün (!) qəti addımlar bundan sonra da davam etdiriləcəkdir.

Söz yox ki, buna kimsənin şübhəsi yoxdur. Lakin 2020-ci ilin noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılmasını əks etdirən üçtərəfli bəyanatın imzalanmasından sonra ötən bir ilə yaxın müddət ərzində həmin bəyanatın 4-cü bəndinin birmənalı və qəti şəkildə həyata keçirilməsi prosesi gecikir, Azərbaycanın suveren ərazilərində özlərinə çaqqal yuvası salmış qanunsuz erməni silahlıları sözügedən bənddəki müddəalara əməl etmirlər. Gecikdikcə də bu kimi hadisələr məhz erməni quldur dəstələrinin daha da həyasızlaşmasına səbəb olur!

Hadisə RSK-nin məsul olduğu ərazidə baş veribsə, demək ki, sülhməramlıların komandanlığı ciddi şəkildə, təxirəsalmadan bu insidenti araşdırmalıdır

Və təbii ki, baş verən hadisənin yalnız Azərbaycana qarşı deyil, eyni zamanda, Qarabağda atəşkəs rejiminə nəzarət edən Rusiya sülhməramlıları kontingentinin (RSK) fəaliyyətinə qarşı təxribat olduğunu qeyd etmək mümkündür.

Belə ki, baş vermiş növbəti insident də buna sübut kimi göstərilə bilər. Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında baş vermiş atışma barədə yaydığı növbəti rəsmi məlumat da bu faktı kifayət qədər sübuta yetirməkdədir.

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", nazirlikdən bildirilib.

Hadisənin təfərrüatlarını araşdırarkən daha bir tələb ortaya çıxır: əgər hadisə RSK-nin məsul olduğu ərazidə baş veribsə, demək ki, sülhməramlıların komandanlığı ciddi şəkildə, təxirəsalmadan bu insidenti araşdırmalıdır.

Nə Rusiya, nə Fransa, nə ABŞ, nə İran, nə də ki, Hindistan!

O cümlədən, Xankəndidəki quldur erməni snayperinin də məsələsi dərhal nəzarətə alınmalı, həbs olunaraq Azərbaycan tərəfinə təhvil verilməlidir.

Eyni zamanda, sual yaranır: əslində, Ermənistan Qarabağdakı separatçıları vasitəsi ilə nəyə can atır? Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyatlara başlayaraq antiterror tətbiq etsin? Əgər belədirsə, həqiqətən də Ermənistan rəhbərliyi və onların saparatçı həşəratları bunu istəyirlərsə, elə sanmasınlar ki, Rusiya onların yerinə Azərbaycanla döyüşəcək, çünki artıq Kreml də rus əsgərinin erməni maraqlarına görə ölməsini istəmir.

Və əgər Azərbaycan Ordusu yenidən öz haqqından, hüququndan istifadə edərək öz dəmir yumruğu ilə separatçıların, terrorçuların, quldurların başlarını əzməyə başlayacaqsa, bax, onda heç kim revanşçıların tərəfində dayanmayacaq. Nə Rusiya, nə Fransa, nə ABŞ, nə İran, nə də ki, Hindistan - bunu bilməlidirlər, nə qədər ki, hələ də (!) gec deyil!

Rövşən RƏSULOV

Digər xəbərlər