Analitika

  • 2 534

"COVID-19"-la mübarizə effektiv nəticələr verir - TƏHLİL

image

Azərbaycanda yeni növ koronavirus "COVID-19"-a qarşı qabaqlayıcı tədbirlər görülmüş olsa da, hələ də gizli düşmənlə üz-üzə qalmışıq. Ölkəmizdə ilk yoluxma qeydə alındığı gündən bu günə qədər 8 min 431 nəfərin vəfat etməsi əlbəttə ki, böyük bir göstəricidir. Xatıradaq ki, 2020-ci ilin fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət nəticəsi təsdiqləndi. Həmin zamandan indiyədək ölkədə ümumilikdə 620 min 49 nəfərin koronavirus infeksiyasına yoluxması faktının qeydə alınması əlbəttə ki, ürəkaçan deyil. Nəinki Azərbaycan, eləcə də dünyanın ən inkişaf etmiş ölkələri belə bunun qarşısını almaqda səfərbər olsalar da hələ də lazımı nəticəni əldə edə bilməyiblər.

Dünya ölkələrində koronavirus - COVID-19 pandemiyası ilə mübarizə davam etməkdədir. 2019-cu ilin sonunda dünyada baş qaldıran xəstəliklə dünya ölkələri üz-üzə qalıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, son 24 saat ərzində dünyada koronavirusa 2,6 milyondan çox yoluxma halı qeydə alınması pandemiya başlayandan ən yüksək gündəlik göstəricidir. Çərşənbə günü qeydə alınmış antirekordda 24 saat ərzində ÜST-ə 2 294 039 yoluxma faktı haqqında məlumat daxil olmuşdu. Ən çox təsdiqlənmiş yoluxma halı - 56 843 327 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan - 35 109 286, Braziliya - 22 323 837, Böyük Britaniya (13 835 338) və Fransa (10 645 841) yer alırlar. Ən çox ölüm halları - 824 175 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya - 619 384, üçüncü yerdə isə Hindistan - 482 876 qərarlaşıb. Daha sonra Rusiya (313 817) və Meksika (299 711) yer alırlar. Bu statistik rəqəmlər çox şeyi demiş olur. Demək dünya səhiyyəsi bu pandemiya ilə mübarizədə hansısa vasitələrdən istifadə etmiş olsa da hələ də gizli düşmənə qalib olduğunu göstərə bilməyib.Bu statstik rəqəmlərə nəzər saldıqda ölkəmizdə yoluxma halının ölkələrlə müqayisə də aşağı olduğunu görərik. Əlbəttə ki, yeni qlobal pandemiya – koronavirus COVID-19 infeksiyası Yer kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı.

AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏDİR

Sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davamlı həyata keçirildi və bu gün də belədir. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbirin həyata keçirilməsinin nəticəsidir ki, bu günün mənzərə dünya ölkələri ilə müqayisədə aydın görünür. Dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verildi və əməli tədbirlər reallaşdı. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Dövlət başçısı ölkəmizdə koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncam imzaladı və Sərəncama əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən Fonda ilkin olaraq 20 milyon manat ayrıldı.

Virusun geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə modul tipli xəstəxananların tikilməsi, "Yeni Klinika"nın açılması və s. əhalinin sağlamlığının qorunmasına yönəlmişdir. Qısa bir zamanda Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərmiş oldu və reallaşan tədbirlər göstərdi ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Azərbaycan tibbi maskaları xaricdən də idxal etdiyi halda qısa zamanda özü istehsalına başladı. Görülmüş bu və ya digər tədbirlər vəziyyətdən az itkilərlə çıxmaq məqsədi daşıyır. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırması da görülən işlərə verilən qiymət idi.

2021-2022-Cİ İLLƏR ÜÇÜN TƏSDİQLƏNMİŞ VAKSİNASİYA STRATEGİYASI ÇƏRÇİVƏSİNDƏ PEYVƏNDLƏNMƏ UĞURLA APARILIR

Bu gün koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Ölkəmizdə 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alır. Əlbəttə ki, yoluxma və ölüm saylarındakı artım vaksinasiyanı qaçılmaz etdi. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmə vacibdir. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada (7 yanvar) 547 yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 9 nəfər isə vəfat edib. Qeyd etdiyimiz kimi indiyədək ölkədə ümumilikdə 620 min 49 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 min 537 nəfər müalicə olunaraq sağalıb, 8 min 431 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 81 nəfərdir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 439 min 291, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 178 min 595, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 688 min 646 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 572 min 50 nəfər təşkil edir.

İnfeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Görülən tədbirlər nəticəsində minlərlə insanın həyatı qorunub. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür.Bu gün isə hər bir vətəndaş bu virusa qarşı həmrəylik göstərməlidir. Bütün qurumlar, müəssisələr, obyektlər hazırlanmış təlimatlara riayət etməlidirlər. Kiminsə məsuliyətsizliyi, biganəliyi, sanitar qaydalara əməl etməməsi yoluxma sayının daha da artmasına səbəb ola bilər. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu proses bu gün də uğurla davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər