Analitika

  • 3 607

Ölkənin ərzaq təhlükəsizliyinin təminatı dövlətin iqtisadi siyasətinin əsasıdır TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik”

Hər bir Azərbaycan vətəndaşının yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri ilə görüşdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrə toxunuldu, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışılıb və İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
“MÜASİR DÖVRDƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN BÜTÜN ÖLKƏLƏR, O CÜMLƏDƏN AZƏRBAYCAN ÜÇÜN DƏ PRİORİTETDİR”
Dövlətimizin başçısı müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçün də prioritet məsələ olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb. Prezident İlham Əliyev yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə artdığını vurğuladı, eyni zamanda, idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində də işlərin həyata keçirildiyini bildirib: “Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik”. Ölkə başçısının sözlərinə görə, qarşıdakı illərdə Azərbaycan FAO ilə səmərəli tərəfdaşlığı davam etdirəcək: “Xüsusilə indi - hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik. Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək”. Dövlət başçısı həmçinin, erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən, bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirib. İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd edib. Həmçinin, Prezident İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbulu zamanı da bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir: “Çünki birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir”.
“BU İLİN ÜÇ AYINDA AZƏRBAYCANDA QEYRİ-ENERJİ İXRACINDA ARTIM 45 FAİZ OLUB”
Dövlətimizin başçısı qeyd edib ki, bu ilin üç ayında Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub: «Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik". “Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır”,-deyən dövlət başçısı onu da bildirib ki, xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq edilməlidir.
“AZAD EDİLMİŞ TORPAQLARDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI ÜÇÜN ÇOX BÖYÜK POTENSİAL VAR”
Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Azərbaycanın tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi tamamilə vandalizmə məruz qalıb, xalqımıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi saxtalaşdırılaraq erməniləşdirilib. Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşdırılıb, kənd təsərrüfatı texnikası sıradan çıxarılıb. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən qısa zaman ərzində geri qaytarılması hazırda bu ərazilərdə bərpa prosesinin başlanmasına zəmin yaradıb. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.Dövlətimizin başçısı hər görüşündə işğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının, günəş və külək enerjisi növlərinin yaradılması üçün hər cür imkanın mövcudluğunu, su resurslarımızın kifayət qədər geniş həcmli olmasını xatırladaraq, bu işlərə xarici tərəfdaşları, investorları cəlb etməyin, habelə yerli şirkətlərə şərait yaratmağın zəruriliyini vurğulamaqla yanaşı, azad edilmiş torpaqlarda bərpa işlərinin aparılması zamanı mütləq yüksək texnologiyalardan istifadə olunmasını bildirib. Həmçinin, hazırda minalardan təmizləmə prosesinin getdiyini qeyd edərək, bununla bərabər şəhərsalma layihələrinin hazırlandığını da diqqətə çatdırıb. Həmçinin, bu iş yekunlaşandan sonra artıq praktiki inşaat işlərinə start veriləcəyini, infrastruktur layihələri ilə yanaşı, nəqliyyat və texnologiyalar sahələrinin də diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
“SUVARMA İŞLƏRİ HƏM AZAD EDİLMİŞ TORPAQLAR ÜÇÜN, HƏM BÜTÜN ÖLKƏ ÜÇÜN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİ ŞƏRTLƏNDİRƏN ƏSAS AMİLLƏRDƏN BİRİ OLACAQ”
Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib ki, azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur: "Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki, hazırlıq işləri çox vaxt aparır. Çünki layihələndirmə işləri düzgün aparılmalıdır, yerlər düzgün seçilməlidir. Harada kanal çəkiləcək, harada su anbarı tikiləcək – bu, doğrudan da vaxt aparan məsələdir. Ona görə mən heç kimi tələsdirmirəm". Dövlətimizin başçısı onu da vurğulayıb ki, artıq təsdiq edilmiş layihələrin icra edilməsi üçün də biz mütləq vəsait tapmalıyıq: "Burada da qeyd olundu ki, biz indi büdcəni profisitlə icra edirik. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Yəni, bizim indi imkanımız var". Prezident qeyd edib ki, suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq: "Bu layihələr elə icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun. Bax, buna da çox ciddi fikir vermək lazımdır. Çünki azad edilmiş torpaqların relyefi belədir ki, - xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə tuturam, - oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Eyni zamanda, biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik". Şübhəsiz ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda bu potensialdan üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəzçilik, bostançılıq və heyvandarlığın inkişafı üçün səmərəli istifadə etmək gücündədir. Eyni zamanda, bölgədə emal və ərzaq sənayesinin inkişafı potensialı da yetərincədir. Məsələn, ekspertlərin fikrincə, Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarında güclü arıçılıq və maldarlıq potensialı mövcuddur. Cəbrayıl və Kəlbəcər ərazilərində balıqçılıq sahəsini inkişaf etdirmək üçün əlverişli şərait var. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonlarını inkişaf etdirmək məqsədəuyğundur. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonları geniş potensialı ilə diqqət çəkir.
“ƏRZAQLIQ BUĞDA İLƏ BİZ ÖZÜMÜZÜ ƏN AZI 70-75 FAİZ TƏMİN ETMƏLİYİK”
"Ərzaq təminatı bağlı danışarkən, biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı bildirib ki, əlbəttə ki, ehtiyatları yığmalıyıq: “Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır».
“BİZ BUĞDADAN BAŞQA DİGƏR ƏSAS ƏRZAQ MƏHSULLARI İLƏ ÖZÜMÜZ-ÖZÜMÜZÜ TƏMİN ETMƏLİYİK, MƏN BUNA İNANIRAM”
Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkənin taxıla olan tələbatın ödənilməsinə böyük önəm verdiyini bildirərək demişdir: “Ona görə bu real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti görməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik, mən buna inanıram”. Dövlət başçısı bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 ton olduğunu deyib: “Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”. Prezident azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıldığını da bildirib: “Özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada - dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub”.Göründüyü kimi, Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır. Çünki ərzaq qiymətlərinin artımı problemi ilə dünyanın demək olar ki, bütün ölkələri üzləşib və Azərbaycan da istisna olmayıb. Həmçinin, Azərbaycan ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşmasına xüsusi önəm verən ölkələrdəndir. Bu baxımdan, dövlət başçımızın dediyi kimi: “Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılmalıdır. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik”.İnanırıq ki, növbəti illərdə də ərzaq təhlükəsizliyinin formalaşması Azərbaycan üçün prioritetliyini qoruyub saxlayacaq və işğaldan azad edilmiş torpaqlar bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər