Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Şanlı Qələbəyə imza atdıqdan sonra dövlət başçısı İlham Əliyev tarixi ədalətə söykənən bu hədəfi qarşıya qoydu ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.
Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Azərbaycanın zəngin tarixindən geniş bəhs etməsin. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağıdakı çıxışı da bu baxımdan diqqətdə oldu. Dövlət başçısı vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq: “Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq”.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Birliyimiz, həmrəyliyimiz tarixi Zəfərimizi şərtləndirən amillər sırasındadır. Ümumilikdə diaspor quruculuğu dövlət siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdədir. Cənab İlham Əliyev həmin çıxışında bu reallığı da diqqətə çatdırdı ki, xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq: “Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi”.
O da bildirildi ki, təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir: “Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var”.
Artıq 30 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlət kimi yaşayırıq və çoxəsirlik dövlətçilik tariximizdə Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.
Tariximizin öyrənilməsi, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması bütün dövrlərin əsas çağışlarındandır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, xəritələr təsdiqləyir. Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb, azərbaycanlıların tarixi irsini silmək istəyib, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. İndiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə bu reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.