PDF Oxu

Araşdırma

  • 506

Biz istədiyimizə nail olduq - ŞƏRH

image

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ordu quruculuğu bütün dövrlərdə aktuallığını qoruyur. Müstəqilliyimizin və suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazazının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlıdır. Tarixi Zəfərimizdən əvvəl Silahlı Qüvvələr Günündə keçirilən hərbi paradlar, Beynəlxalq Müdafiə Sərgiləri Azərbaycan Ordusunun gücünü nümayiş etdirməklə yanaşı, həm də torpaqlarımızın işğaldan azad ediləcəyinə, Qələbəyə böyük inam yaradırdı. Şanlı Qələbəmizdən sonra onun təqdimatında əhəmiyyətli rol oynayan və 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradı Ordumuzun şanlı Qələbəmizdə göstərdiyi şücaəti, qəhrəmanlığı nümayiş etdirdi. Həmin paradda Azərbaycan Ordusunun 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü silah-sursatı nümayiş etdirildi. Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönüçü ilə əlaqədar hərbi parad 2023-cü ildə Xankəndidə keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin paradda bildirdi ki, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik: “Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”

Prezident İlham Əliyev noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında Akademiyanın 70 illik yubileyindən ötən 10 ildə həm dünyada, həm Azərbaycanda baş verən köklü dəyişiklikləri əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə isə son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr, xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır. Cənab İlham Əliyev bu müddətdə ordu quruculuğu sahəsində atılan addımlardan da geniş bəhs etdi. Vurğuladı ki, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Bu gün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə çox fəal işləyirik.

Bir neçə gündən sonra tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyimizi önə çəkən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək.

Digər xəbərlər