Analitika

  • 4 795

Ağalıdan başlayan “Böyük Qayıdış”a - TƏHLİL

image

Prezident İlham Əliyev: “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”

Prezident İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı dövlət başçısı Qarabağımıza “Böyük Qayıdış”ın rəmzi olan, Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” layihəsi ilə yenidən qurulmasının başa çatması ilə əlaqədər Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə demişdir ki, Müstəqillik Günü ərəfəsində burada olmalı idimi: “Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq”.“Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.“Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”,-deyən Azərbaycan Prezidenti bildirib ki, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil: «Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.

“BİZ GÜCLÜ OLMASAQ, İSTƏDİYİMİZ KİMİ YAŞAYA BİLMƏRİK”

Dövlət başçısı Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə də toxunub. Dövlət başçısı çıxışında bu barədə deyib: «Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də”.Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”.

“ƏSL MÜSTƏQİLLİK HƏYATIMIZ XALQ ULU ÖNDƏRƏ MÜRACİƏT EDİB ONU HAKİMİYYƏTƏ DƏVƏT EDƏNDƏN SONRA BAŞLAYIB”

“İlk Xalq Cümhuriyyəti yaradılanda vəziyyət fərqli idi. Əlbəttə, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu”.Dövlət başçısı bildirib ki, ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır: “Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır”.Azərbaycan Prezidenti 1993-cü ildən başlayaraq xalqın Ulu Öndərə müraciət etdiyini və bkndan sonra əsl müstəqillik həyatının başlandığının deyib: “1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır”.“Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq”, - deyə Prezident vurğulayıb.

“BU GÜN GÖZƏL ZƏNGİLAN TORPAĞINDA HƏYAT QURURUQ”

“Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq»,-deyən Azərbaycan Prezidenti Zəngilana, başqa yerlərə, Şuşaya həyatın qayıtdığını deyib: «İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.

Dövlət başçısı Zəngilanda böyük aqropark salındığını və bu il ilk məhsul götürüləcəyini də dedi: «Biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək».

Prezident bildirib ki, dünən Zəngilan şəhərinin Baş planı ilə tanış olub: “Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq”.

“BÖYÜK QAYIDIŞ”IN GERÇƏKLƏŞƏCƏYİ GÜNƏ ÇOX AZ VAXT QALDI...

1993-cü ilin oktyabrın 30-da Zəngilan erməni silahlı qüvvələrinin işğalına məruz qalandan sonra rayonun 45 minlik əhalisi məcburi olaraq ölkənin 43 rayonunda müvəqqəti məskunlaşan, zəngin təbii sərvətləri, tarixi və dini memarlıq abidələri olan bu gözəl diyarı başdan-başa tarmar edilən Zəngilan 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin başladığı güclü əks-hücum əməliyyatları nəticəsində, 44 günlük Zəfər yürüşü ilə doğma torpaqlarımız, o cümlədən Zəngilan düşmən tapdağından azad olunub. Bu gün Zəngilan quruculuq meydanına çevrilib. Artıq “Böyük qayıdış”ın gerçəkləşəcəyi günə çox az vaxt qalır. Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, onlara həyat qayıdır. Onilliklər boyu yurd həsrəti ilə yaşayan vətəndaşlarımızın qısa müddət ərzində öz dədə-baba torpaqlarına qovuşdurulması üçün böyük işlər həyata keçirilir - “Ağıllı kənd” layihəsinin tətbiq edildiyi Zəngilanın Ağalı kəndi ilə başlayır.Və Zəngilanın "ağıllı kəndi"Ağalı da bu «Böyük Qayıdış»ın ilk ünvanı, doğma sakinlərinə əbədi qovuşan ilk bəxtiyar diyar oldu.

Sonda fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə «Böyük Qayıdış» üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Və bu gün hamı «Böyük Qayıdışı» gözləyir, o günə çox az qalıb...

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər