Analitika

  • 3 057

Ermənistanda milli, dini və məzhəb ayrıseçkilik prinsipi qüvvədədir ANALITIK+AKTUAL

image

Milli Təhlükəsizlik Xidməti hökumətə vaxtilə faşist Almaniyasının tətbiq etdiyi qanun layihəsini təqdim edib

Monoetnik Ermənistanda dini ayrıseçkilik faktları bu gün də öz mövcudluğunu qoruyub-saxlamaqdadır. Belə ki, özlərini “Erməni Apostol Kilsəsinin mənsubları” adlandıran monofizit ermənilər nəinki digər dinlərə, hətta xristianlığın digər qollarına qarşı dözümsüzlük nümayiş etdirirlər və maraqlıdır ki, bu kimi faktlar yalnız erməni cəmiyyətinə xas olan ənənə deyil, həmçinin dövlət səviyyəsində yürüdülən siyasətin tərkib hissəsidir. Üstəlik, əgər hər hansı bir erməni misal üçün, Erməni Apostol Kilsəsini tanımayaraq digər xristian qoluna, həmçinin fərqli dinə inanırsa, bu amil də ölkədə mənfi cəhət kimi qiymətləndirilir. Hətta bu gün Ermənistanda etnik yezidlərə qarşı da hansı münasibətin nümayiş etdirilməsi göz önündədir. Əbəs deyil ki, Ermənistanda zaman-zaman yezid qiyamları baş qaldırmaqdadır.Müxtəlif vaxtlarda isə Rusiyada və s. ölkələrdə yaşayan yezidlər Ermənistanda onlara qarşı yürüdülən diskriminasiya siyasətinə qarşı etiraz aksiyaları keçirirlər.
Ermənistanın MTX xarici ölkələrdə yaşayan erməni diasporasının təmsilçilərinin ölkəyə daxil olmaları, habelə onların etnik indentifikasiyası prosesinin sərtləşdirilməsi tələbi ilə çıxış edib
SİA xəbər verir ki, Sputnik-Armeniyanın yazdığına görə, Ermənistanın Milli Təhlükəsilik Xidməti (MTX) xarici ölkələrdə yaşayan erməni diasporasının təmsilçilərinin ölkəyə daxil olmaları, habelə onların etnik indentifikasiyası prosesinin sərtləşdirilməsi tələbi ilə çıxış edib. Maraqlıdır ki, Ermənistan MTX-i bunu rəsmiləşdirərək bildirir – vətəndaşlıq alan etnik ermənilər bir sıra güzəştlər əldə edirlər ki, sonradan həmin güzəşt və istisnalar sui-istifadələr ilə müşahidə olunur. “Ermənistan MTX Ermənistan vətəndaşlığı alanlara qarşı qanunları sərtləşdirməyi təklif edir”, deyə rəsmi məlumatda bildirilir, üstəlik bunun üçün yeni layihə təqdim edilir.Eyni zamanda, digər millətlərə məxsus insanların vətəndaş olmaları üçün də ayrıca təkliflər irəli sürülüb. Misal üçün, bildirilir ki, digər etniklərin Ermənistan respublikasında yaşamaları və vətəndaşlıq almaları üçün hüquqları olsa da onlar müəyyən şərtlər əsasında qanunları qəbul etməlidirlər. Erməni olmayan belə şəxslər ən azı üç il Ermənistanda yaşamalı, məişət səviyyəsində erməni dilini bilməli, həmçinin ölkə konstitusiyası haqqında müəyyən bilgilərə sahib olmalıdırlar. Bu tələbi haradasa anlamaq olar, amma...
Ermənistan MTX: “Etnik identifikasiya ilə bağlı problemlər yaşanır (?!-R.R.), belə ki, mütəmadi olaraq bu aspekt heç yerdə sənədləşdirilərək fiksasiya edilmir”
Amma erməni təhlükəsizlik xidmətinin xaricdən repatriasiya olan digər ermənilər qarşısında qoyduqları şərtlər diqqət çəkir. Məsələn, tələb olunur ki, qanun çərçivəsində etnik ermənilər üçün təqdim edilən güzəştlərə rəğmən, onların ölkənin ictimai-siyasi həyatına qoşulmalarından əvvəl genləri indentifikasiya olunmalıdır.“Araşdırmalar göstərir ki, Ermənistan vətəndaşlığı üçün müraciət edən ermənilər heç vaxt Ermənistanda olmayıblar, yaxud 4-5 ildən bir, ya da daha gec ölkəni ziyarət ediblər... Pasportlar yalnız başqa ölkələri ziyarət etmək üçün istifadə olunur. Etnik identifikasiya ilə bağlı problemlər yaşanır (?!-R.R.), belə ki, mütəmadi olaraq bu aspekt heç yerdə sənədləşdirilərək fiksasiya edilmir. Həmçinin, Erməni Apostol Kilsəsində xaç suyuna çəkilmə (???!!!-R.R.) ilə bağlı sənədlərin saxtalaşdırılması hallarına rast gəlinir və bilinmir ki, həmin şəxs Erməni Apostol Kilsəsində, Erməni Katolik Kilsəsində, yaxud Erməni Yevangiliya Kilsəsində xaç suyuna çəkilib...”, deyə məlumatda bildirilir.
Belə təhlükəli ideologiyaların qarşısı isə zamanında alınmalıdır, əks halda regionumuzda növbəti fəsadların yaşanacağını da istisna etmək olmaz
Göründüyü kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu kimi ayrıseçkiliklər kontekstində açıq-aşkar faşist Almaniyasında tətbiq edilən qanunlar əsasında layihələr təqdim edir. İnsanlar və onların dini baxışlarında fərqlər qoyur, üstəlik genetik mənsubiyyət məsələlərində də irqi yanaşma nümayiş etdirir.Söz yox ki, bu kimi layihələrin rəsmi qaydada irəli sürülməsi və hökumət tərəfindən qəbul edilməsi bir daha sübut edir ki, Ermənistanda hansı siyasi qolun iqtidarda olmasına rəğmən, dini və irqi, habelə milli mənsubiyyət ayrıseçkiliyi öz mövcudluğunu qoruyub-saxlayır və bu kimi əslində regiona ciddi təhlükələr vəd edir. Belə təhlükəli ideologiyaların qarşısı isə zamanında alınmalıdır, əks halda regionumuzda növbəti fəsadların yaşanacağını da istisna etmək olmaz.

Rövşən RƏSULOV

Digər xəbərlər