PDF Oxu

Araşdırma

  • 1 105

Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı (2004-2008 və 2009-2013) Azərbaycanın tarazlı inkişafı üçün möhkəm təməl formalaşdırıb

image

1992-ci ilin noyabrın 21-i Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bir gündür. Bu gün müasir Azərbaycan tarixində öz yeri, çəkisi və siyasi gücü ilə fərqlənən, ölkəmizin inkişafında müstəsna xidmətləri olan və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündür. Həmin dövrü göz önünə gətirdiyimiz zaman YAP-ın yaranmasının tarixin necə böyük çətinliklərindən, keşməkeşlərindən keçdiyini və sınaqlarla üzləşdiyini görmək mümkündür.

İctimai-siyasi vəziyyət YAP-ın yaranmasını şərtləndirirdi...

1991-ci ildə SSRİ-nin dağılmasının ardından digər müttəfiq respublikalar kimi Azərbaycan da öz dövlət müstəqilliyini elan etmişdi. Amma bu müstəqillik Azərbaycan üçün digər respublikalardan fərqli olaraq çox böyük qanlar bahasına başa gəlmişdi. Həmin dövrün siyasi mənzərəsinə nəzər saldıqda, xüsusi olaraq, qeyd etmək lazımdır ki, həmin zaman Azərbaycanda baş vermiş 20 Yanvar faciəsi, o cümlədən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Ermənistanda yaşayan azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası ölkəmizdə olduqca gərgin bir situasiya yaratmışdı.

Bütün bu acılarla yanaşı, Azərbaycan xalqı həm də bir siyasi sınaqla üz-üzə durmuşdu. Bu cür çətin bir zamanda səriştəsiz və təsadüfi insanların hakimiyyətə yiyələnməsi xalqı və dövləti daha ağır imtahanlara sürükləməkdə davam edirdi. Belə bir xaotik vəziyyətdə Azərbaycan xalqı ardıcıl zərbələr alırdı. Xocalı soyqırımı, Dağlıq Qarabağda gedən qanlı savaş, bunlara paralel olaraq, Bakıda o zaman hakimiyyətdə olan qüvvələrin və hakimiyyətə yiyələnməyə çalışanların kürsü savaşı ölkəni uçurumun kənarına atmışdı.

1991-1992-ci illərdə fərdi surətdə qanunsuz silahlı dəstə toplayaraq, siyasi hakimiyyətə gəlməyə çalışan insanlar xalqı vətəndaş müharibəsinə sürükləyirdi. Xalq əliyalın rayonları erməni işğalından qorumağa çalışırdı. Hakimiyyətdə olan insanlar isə yalnız şəxsi maraqları uğrunda mübarizə aparırdı və düşmən hücumlarının qarşısını almaq üçün heç bir tədbir görmürdü.

1992-ci ilin mayında hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyünün zamanında isə hakimiyyət savaşı daha da yüksək temp aldı. Həmin zamanlarda hakimiyyətdə olan insanlar özləri fərdi surətdə hərbi dəstələr yaradırdılar və bu hərbi qruplar vasitəsilə də siyasi hakimiyyət mübarizəsində önə çıxmağa çalışırdılar. Xalqın iradəsi, arzusu, istəyi və ən əsası Azərbaycanın suverenliyi məsələsi hakimiyyət nümayəndələri üçün önəm daşımırdı. Milli ideyanın müstəqilliyin timsalında yenidən öz təcəssümünü tapmasına baxmayaraq, onun möhkəmləndirilməsi üçün konkret addımlar atılmırdı. Bütün Azərbaycan cəmiyyətini vahid çətir altında bilşədirəcək ideologiyanın işlənməməsi isə ölkədə separatçı tendensiyanın baş qaldırmasına əsas yaradırdı. Bunun nəticəsi idi ki, Azərbaycanın bir neçə hissədə etnik parçalanma ilə qarşılaşmışdı. Bu da dövlət müstəqilliyinə və ərazi bütövlüyünə böyük təhlükə yaradırdı. Fakt ondan ibarətdir ki, həmin dövrdə Azərbaycan insanları vətəndaş müharibəsilə üz-üzə dayanmışdı.

YAP xalqın partiyası kimi təsis olundu...

Belə bir ağır durumda xalqımız üzünü yeganə ümid kimi Ulu öndər Heydər Əliyevə çevirmişdi. Hər bir Azərbaycan vətəndaşı Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün böyük bir hərəkata da başlamışdı. Məhz, bu insanların bir siyasi partiya ətrafında birləşdirilməsi vacib məsələ kimi qarşıda dururdu. Təbii ki, Ulu öndər Heydər Əliyev hər hansı siyasi təşkilat yaratmaq təşəbbüsü çıxış etməsə də, o zamanki, ziyalılar, ictimaiyyət nümayəndələri Onun siyasi partiyanın sədri olmasını xahiş etmişdilər. Bununla əlaqəli olaraq, mətbuatda da müraciət dərc olunmuşdu. Bu baxımdan xüsusi olaraq, vurğulamalıdır ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi.

Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu.

Təbii ki, Naxçıvanla yanaşı, Ulu öndər Heydər Əliyev Azərbaycanın xilası yollarını da axtarırdı. O, görürdü ki, ölkə vətəndaş müharibəsi ərəfəsindədir və cənubda, şimalda seperatçı qüvvələr meydana gəlir, başqa xarici qüvvələrin təhriki ilə Azərbaycanda bölücülük siyasəti həyata keçirirdilər.

Məhz, belə bir situasiyada gənc dövləti xilas etmək üçün xalqımız Ümummilli liderin ətrafında sıx birləşməyə qərar verdi və 1992-ci ilin noyabr ayında Azərbaycanın gələcək inkişafında mühüm yerə malik olan, hər zaman dövlətçiliyimizin keşiyində duran Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edildi.

Məhz, Yeni Azərbaycan Partiyasının yaranması xalqın öz taleyini bu siyasi təşkilatla bağlaması ilə nəticələndi. Və bu gün də əminliklə deyə bilərik ki, YAP xalqın partiyası kimi yaradıldı...

Partiyamız dövlətçiliyin qorunmasında və inkişafında mühüm rola malikdir

Bu gün dünyanın inkişaf etmiş, demokratik prinsiplərə sadiq olan, hüquqi dövlətlər sırasında mühüm yerə malik olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri böyükdür, YAP elə Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf edib. O baxımdan çağdaş dövlətçilik tariximizdə əldə olunan bütün nailiyyətləri həm də Yeni Azərbaycan Partiyasının uğurları kimi qeyd etmək mümkündür.

Həqiqətən də, Azərbaycan ötən bu dövrdə böyük bir yol keçdi. Ulu öndər Heydər Əliyevin dövründə əsası qoyulan inkişaf konsepsiyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.

Beləliklə də, son 20 il ərzində möhtəşəm iqtisadi-siyasi uğurlara imza atıldı. Bunu tək Azərbaycan vətəndaşları deyil, bu faktı bütün dünya təsdiq edir. Paytaxtımıza səfər edən hər bir xarici ölkə vətəndaşı ölkəmizdə gedən inkişafdan heyran qalır. Hətta, bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər.

Hazırda hər bir Yeni Azərbaycan Partiyasının üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edir. Bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib və üzvlərinin sayı 600 minə yaxınlaşıb.

Partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində, inamındadır. Partiyamızın sıralarında Azərbaycanın ən aparıcı intellektual və zəka sahibi olan insanları təmsil olunurlar. YAP-ın bütün üzvləri hər gün ictimaiyyət qarşısında hesabat verməyi özünə borc bilir. Bunun nəticəsində də partiyamız inkişaf edir, güclənir. Təbii ki, belə bir partiyanın iqtidarda olması xalqımıza, dövlətimizə yalnız uğur gətirə bilər.

Eyni zamanda, vurğulanmalıdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasının tarixinə qələbələr partiyası kimi də daxil olub. 1992-ci ildə yaradıldıqdan cəmi 6 ay sonra hakimiyyətə gələn YAP xalqın ümumi dəstəyini alaraq, bu günə qədər hakim partiya kimi qalıb. Prezident, parlament, bələdiyyə seçkilərində hər zaman qələbələr qazanan YAP, həmçinin, sosial sifariş əsasında irəli sürdüyü təşəbbüslər referendumda cəmiyyət tərəfindən dəstəklənib. Keçirilən seçkilərin isə tamamilə demokratik, şəffaf və qanun çərçivəsində keçməsi işi YAP-ın siyasi mübarizə meydanına gətirdiyi sivil mübarizə metodları ilə bağlıdır.

Qeyd olunması vacibdir ki, seçki prosesini müşahidə edən və öz dəyərləndirmələrini irəli sürən beynəlxalq təşkilatlar seçkilərin olduqca obyektiv, azad və şəffaf şəraitdə reallaşdığını bildirirlər.

Artıq hər kəsə bəllidir ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Bu gün istər Azərbaycanın seçki qanunvericiliyi, istər seçkiyə qatılan insanlara yaradılan şərait, istərsə də seçicilərə azad seçim hüququndan istifadə etmək istiqamətində yaradılan yüksək imkan dövlətimizdə seçki mədəniyyətinin olduqca yüksək inkişafından xəbər verir. Hətta, bəzi xarici ölkələrin nümayəndələri Azərbaycanda keçirilən seçkilərin şəffaflığının Avropanın bir sıra dövlətlərindən yüksək səviyyədə olduğunu qeyd edirlər. Yeni Azərbaycan Partiyası son parlament seçkilərində də mütəşəkkil formada iştirak etdi və seçicilərin yüksək etimadını qazandı.

Yeni Azərbaycan Partiyasının bir özəlliyi də hər zaman xalqın yanında yer alması ilə bağlıdır. Bəzi siyasi təşkilatlar yalnız seçkidən-seçkiyə fəallaşsa da, YAP bütün zamanlarda ictimai prosesin önündə yer alır. Bu da seçicilərin partiyamıza olan inamının artmasına səbəb olan amillərdəndir.

Bütün bunlarla yanaşı, Yeni Azərbaycan Partiyası hazırda MDB məkanının ən böyük siyasi təşkilatlarından biridir, partiyamızın beynəlxalq əlaqələri çox genişdir. Partiyamız Avropa Xalqlar Partiyasının, İCAPP-ın İdarə Heyətinin üzvüdür, müxtəlif ölkələrin hakim partiyaları ilə xoş münasibətlərə sahibdir. Əlbəttə ki, sadalanan faktlar YAP-ın nüfuzunun, siyasi çəkisinin və ictimai dəstəyinin göstəriciləridir.

YAP-ın regionlarımızın tərəqqisində də payı var

Qeyd edək ki, bu gün YAP-ın ölkəmizin sosial-iqtisadi inkişafında da xüsusi rolu var. Ölkəmizdə gedən inkişaf tendensiyasının genişspektrli olması və bütün regionları əhatə etməsi partiyamızın Nizamnaməsinin tələblərinə və proqramının daxili siyasət strategiyasına əsasən, əhəmiyyətli güc kimi rolunu üzə çıxarıb.

Hazırda inkişaf tək paytaxtla məhdudlaşmır, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan qərarlar olduqca böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs və partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial- iqtisadi inkişaf siyasəti xalqımızın partiyamıza etimadının əsas təməlini təşkil edir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyilə bu gün Azərbaycanın bütün bölgələri inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Dövlətimizin başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı (2004-2008 və 2009-2013) Azərbaycanın tarazlı inkişafı üçün möhkəm təməl formalaşdırıb.

Əlbəttə ki, 2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı daha geniş və əhatəli olmaqla bölgələrin bütün ərazisində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramı üzrə tədbirlər Bakı şəhəri və onun qəsəbələrini, eləcə də rayon mərkəzləri ilə yanaşı, ucqar yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafını əhatə edir. Proqramın icrası üçün bir çox dövlət strukturlarının və icra orqanlarının qarşısında mühüm vəzifələrin qoyulması hökumətin kompleks və genişmiqyaslı islahatlar həyata keçirmək planlarını şərtləndirmiş olur.

Məhz, Dövlət Proqramının həyata keçirilməsi üçün müəyyən edilmiş tədbirlər planına uyğun olaraq Bakı şəhərinin rayon və qəsəbələri və respublikamızın iqtisadi rayonları üzrə tədbirlərlə yanaşı, ölkə əhəmiyyətli tədbirlər də nəzərdə tutulub ki, bu da ümumilikdə Azərbaycanın qarşıdakı beşillikdə strateji inkişaf konsepsiyası deməkdir. Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulub. Bunu proqramda nəzərdə tutulan tədbirlərin miqyasından da görmək mümkündür.

Belə ki, birinci proqramda 714 tədbir əks olunmuşdusa, hazırkı Dövlət Proqramında 1066 tədbir nəzərdə tutulub. Bundan başqa, qarşıdakı illərdə bölgələrdə həyata keçirilməsi nəzərdə tutulan işlər daha qabaqcıl texnologiyalardan istifadəyə, beynəlxalq tələblərə uyğunlaşmağa imkan verir. Məsələn, infrastruktur obyektlərinin tikintisi və müəssisələrin yaradılması zamanı yeni inkişaf erasının tələbləri nəzərə alınacaq və beynəlxalq standartlara uyğun qurulması yerinə yetiriləcək. Beş il ərzində ölkədə istehsalın genişləndirilməsi, xüsusilə, qeyri-neft sektorunun inkişafı sahəsində rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, investisiya mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın hədəfləri...

2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bu məqsədlə proqramda müəyyən edilmiş məqsədlərə çatmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının sahibkarlıq mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunmasının sürətləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yeni infrastruktur obyektlərinin yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hökumət qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən, regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasətini davam etdirəcək.

Eyni zamanda, valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə, qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də başlıca iqtisadi hədəflər olacaq.

Proqramın əsas məzmunu ölkənin sıçrayışlı inkişafını təmin etmək üçün makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və iqtisadi artıma impuls verən islahatların reallaşmasından ibarətdir. Bu siyasət dinamik inkişafın davamlılığına baza yaradan kompleks islahatlarla müşayiət olunacaq. Belə ki, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasətinin dərinləşdirilməsi, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təmin edilməsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması, özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi, qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi kimi mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur.

Yeni Dövlət Proqramı iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd hesab olunur. Əvvəlki proqramla müqayisədə yeni sənəddə nəzərdə tutulan layihələrin əsasını qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir.

Ümumiyyətlə, yeni Dövlət Proqramının əsas hədəfi qeyri-neft sektorunda istehsal olunan məhsulun iqtisadiyyatda və ümumi daxili məhsulda bir neçə dəfə artımına nail olmaqdan ibarətdir. Qeyri-neft sektorunda aparıcı sahə kimi xüsusi diqqət yetirilən kənd təsərrüfatının inkişafı ilə bağlı layihələr isə həm əhatə dairəsinin genişliyinə, həm də spesifikliyinə görə fərqlənir. Aqrar bölmədə dinamizmi daha da sürətləndirmək üçün ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafına prioritet vəzifə olaraq xüsusi diqqət yetiriləcək. Eləcə də kənd təsərrüfatında islahatlar davam etdiriləcək və dağ rayonlarının inkişafı əsas məsələlərdən biri olacaq. Aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması planlaşdırılır. Bundan başqa, aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlət maliyyə yardımı tədbirlərinin davam etdirilməsi, aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnika, mineral gübrə və pestisidlərlə təminatının yaxşılaşdırılması, regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışının həyata keçirilməsi əsas prioritetlərdən olacaq...

İnfrastruktur layihələri sırasında elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə bölmələrinin yenidən qurulması və əhalinin bu kommunal xidmət növləri ilə fasiləsiz və ən yüksək səviyyədə təmin olunması nəzərdə tutulur. ölkədə elektrik enerjisi hasilatının artırılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi, magistral qaz kəmərlərinin yenidən qurulması və inşası, regionların və yeni salınmış yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması başlıca məsələlər sırasındadır. 2009-2013-cü illəri əhatə edən proqramın spesifik xüsusiyyətlərindən biri hər bir kənd və qəsəbə üzrə ayrıca tədbirlər planını reallaşdırmaqdan ibarət olacaq. Yəni hər kəndin özünün spesifik xüsusiyyətindən asılı olaraq həmin yaşayış məntəqəsinin, hər bir kəndin təklifləri əsasında ayrıca texniki-iqtisadi layihəsi hazırlanacaq. Regionların inkişafı ilə bağlı layihələrin maliyyə mənbələrini dövlət büdcəsi, büdcədənkənar fondlar, yerli təşkilatların vəsaitləri və beynəlxalq maliyyə institutlarının kreditləri təşkil edəcək ki, bu da bölgələrdə ən iri layihələrin maliyyələşdirilməsinə imkan verəcək.

Yeni Dövlət Proqramı respublikanın bütün yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılmasına və kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə səbəb olacaq. Artıq bu istiqamətdə aparılan davamlı tədbirlər həlledici mərhələyə qədəm qoymaqdadır. Dövlət investisiya xərcləri və beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına bir sıra layihələr reallaşmaqdadır.

2009-2013-cü illərdə sosial məsələlərə diqqət daha da gücləndiriləcək. Sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən, regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarət olacaq.

Əhalinin sosial müdafiəsi sahəsində görüləcək işlər aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı olacaq. Sosial müavinətlərin ünvanlılığının təmin edilməsi, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən aztəminatlı hissəsinə xüsusi diqqətin yetirilməsi gücləndiriləcək. Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək. Davamlı xarakter daşıyacaq bu tədbirlər çərçivəsində bütün regionlarda əlillər və şəhid ailələri üçün yaşayış binalarının və bərpa mərkəzlərinin inşa edilməsi, ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsi, xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması, əhalinin sağlamlığının və reproduktiv sağlamlığının yaxşılaşdırılması, həmçinin, digər tədbirlər nəzərdə tutulur. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaq. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır...

Bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan bu böyük layihələr Azərbaycan çox yaxın illərdə sürətlə inkişaf edən ölkələr sırasına çıxaracaq. Məhz, bu missiyada YAP-ın da özünəməxsus rolu olacaq. Hər zaman olduğu kimi, gələcək illərdə də partiyamız Nizamnaməsindən və prinsplərindən irəli gələrək, cəmiyyəti vahid amal ətrafında birləşdirməklə, səfərbər etməkdə üzərinə götürdüyü tarixi məsuliyyəti layiqincə yerinə yetirəcək.

Əhəd Abıyev,Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı

Digər xəbərlər