PDF Oxu

Araşdırma

  • 9 325

Siyasət və əxlaq əlaqəsinin fərqliliyi və müvafiqliyinə dair

image

Fəlsəfədə etika və moral məfhumlarına müqabil olaraq Azərbaycan dilində əxlaq sözündən də istifadə olunur. Halbuki bu sözlər kökləri etibar ilə fərqlidirlər. Thiroksa görə etika yunan dilində ethos feilindən yaranmışdır və mənası xarakter deməkdir. Moral kəliməsi isə latın dilində moralis feilindən əmələ gəlmişdir və mənası adət-ənənə deməkdir. Nəticədə, etika insanların xarakterini göstərərkən, moral insanlararası münasibətləri əks etdirir.

Siyasət ümumi mənada iqtidarı, yəni, başqalarına əmr etmə və onların davranışlarını öz istək və arzularına müvafiq müəyyənetmə cəhdi kimi qəbul olaraq tərif oluna bilər. Bir başqa mənada siyasət müəyyən ictimai sahələrdə fərd və qruplar tərəfindən inkişaf etdirilən problemləri həll etmə təklifləri arasındakı müsabiqələr şəklində də başa düşülə bilər. Bu kontekstdə etik cəhətdən yaxşı və gözəl hərəkət edən şəxs siyasətdə müvəffəqiyyət qazanan şəxsdir? Məhz bu sual əxlaq-siyasət əlaqəsinin əsas problemini təşkil edir.

Siyasətin etikanın işığında düşünüldüyü antik fəlsəfədə etikanın "arete" termini olaraq qəbul edildiyidir. Arete məqsəd və funksiyanın başa çatması, şəxsin potensiyalını tam olaraq həyata keçirməsi və ya şəxsin öz təbiətini ortaya çıxarması mənalarına gəlir. Antik fəlsəfədə əsil olan yaxşı bir həyat, yəni şəxsin öz təbiətini ortaya qoyacaq bir həyatdır. Politika bu həyatın bir vasitəsidir. Antik fəlsəfə nöqteyi nəzərindən siyasi davranışların əxlaqi prinsiplərdən asılı olmadan ələ alınması qəbuledilməzdir. Buna müqabil modern politika fəlsəfəsinin qurucusu olan Makyavelli politikanı etikadan ayrı olaraq qiymətləndirərək siyasəti "əxlaqın xaricində" olan faktorlara bağlamışdır

Məhz məşhur islam filosofu əl-Fərabi də əxlaq və siyasətin insanın davranış tərəfini tədqiq edən iki ixtisas olaraq qəbul etmiş və çox fərqli yönlərdən əxlaqı siyasətin bir girişi olaraq planlamışdır. Bu baxımdan da, "İhasu l-Ulum" (elmlərin təsnifi) əsərində elmləri sadalayarkən, əxlaq elmini ayrıca qeyd etməyərək, onun siyasətin bir qolu olaraq qeyd etmişdir. Çünki siyasətin qarşısına qoyduğu əxlaqlı bir cəmiyyət insanlarla mümkündür.

Bertrand Rasselin də vurğuladığı kimi Avropada XVI əsr boyunca ciddi mənada siyasət fəlsəfəsi inkişaf etdirilə bilmədi. Məhz yaşadıqları siyasi və intellektual xaos şəraitindən özlərini tam olaraq xaricdə tuta bilməyən Bodin, Grotius və Hobbesin siyasət fəlsəfələri də daha sistemli olmamlarına baxmayaraq, oxşar fikirlərə əsaslanırdı. "Bu mütəfəkkirlərin əsas fikri və qayğısı 1562-ci il və 1598-ci illərdə Fransanı iki düşman düşərgəyə ayıran, 1642-cı il və 1648-ci illər arasında İngiltərəni qanlı bir vətandaş müharibəsinə aparan və 1618-ci ildən 1648-ci ilə qədər Avropanı bürüyən konflikt və savaşlara qarşı dövlətin güc və iqtidarının necə gücləndiriləcəyi problemi idi.

Yeni tendensiyalar

Xüsusilə, 18-ci əsrdə Qərb düşüncəsində meydana gələn pozitivizm elmi, dəyərlərdən asılı olmadan nəzəri cəhətdən qəbul etmiş və humanitar elmlərdə də təbiət elmlərinin nəzəriyyə və prinsiplərinin mənimsənilməsinin labüd olduğunu iddia etmişdir. Bu prosesdə elmin obyektivlik iddiası çərçivəsində əxlaq ilə siyasətin ayrılma prosesi qətiyyətlilik qazanmışdır. Bu səbəblə də siyasi nəzəriyyə elmi əsaslar üzərində qurulmalıdır və əxlaqla olan əlaqələri qurulmuşdur. Artıq əxlaqi siyasət sahəsində iqtidar sahiblərinin ehtiyac halında müraciət etdikləri nostalji bir mənbədir və bu mənbəyə də müraciət etmək özü-özlüyündə bir paradoksdur. Fukoya görə modern dövlət sistemində siyasi iqtidarın qarşılığı olan respublika sistemində əxlaq normallaşdıran və itaət altına alan bir siyasi güc vasitəsi halına gəlmişdir. Bu psixologiya və digər humanitar elmlərin də təsiri ilə iqtisadiyyat kimi idarə olunmağa başlamışdır. Siyasi ifadə tərzinə müvafiq olaraq əxlaqın pedaqoji mahiyyəti də meydana gəlmişdir. Məhz Hellerə görə pre-modern dövrdə üç əsas ictimai sahənin-gündəlik həyat sahəsi, iqtisadi və siyasi qurumlar sahəsi, mədəni intellektual və tətbiq olma sahəsi- hamısında müştərək etik vərdişlər, əxlaqın ictimai tərəfi hakim idi. Modern dövrdə isə müştərək "ethos" yoxolma ilə qarşı-qarşıya qalmışdır. Bu dövrdə bu sahələr müxtəlifləşmiş, iqtisadi-siyasi təsisatlar bir-birindən qopmuş və hər biri özlərinə aid relyativ etik sahələr yaratmışdılar. Siyasi hərəkatın özünü subyektdən müstəqil olaraq etik bir problem olaraq ələ alan klassik siyasət fəlsəfəsinin əksinə norma və dəyərləri praqmatik hala gətirən modern fəlsəfə siyasəti etik bir məsələ olmaqdan çıxararaq davranışı deyil, subyekti ön plana almışdır.

Etik təfəkkürün fərqli səviyyələrində - cəmi üç səviyyə mövcuddur. İlk əvvəl maddi və öz hərəkətinin fayda gətirəcək nəticələri, sonra şəxslərarası və cəmiyyətin maraqları ilə eyni tutulan və sonda şəxslərin öz əxlaqi prinsiplərindən istifadə etdikləri bir səviyyəyə çatır. Kohlberg nəzəriyyəsində şüurlu əxlaqi qərarlar qəbul edilir. Nəticədə, Kohlberge Sokrat, Platon, Aristotel, Kant, Milldən Devey, Rauls və Habermasa qədər uzanan qərb fəlsəfi irsini əsas alır. Nəticədə, ona görə bir psixoloq, əxlaq nədir, ədalət nədir kimi fəlsəfi sualları tədqiq etmədən əxlaqi inkişaf psixologiyasını və əxlaqi öyrənməni müzakirə edə bilməz.

Bu çərçivədə əsas məfhum beynəlxalq münasibətlərin təyinedici məfhumu olan "güc" termini altında "qüvvətlərarası münasibətlər" sistemidir. Məhz nüvə silahlarının varığı, ətraf mühitin kirlədilməsi, həyat standartlarının aşağı olması və iqtisadi vəziyyəti zəif olan ölkələrdə demoqrafik partlayışlar və s. bütün bunlar qlobal etik nöqteyi-nəzərindən mədəniyyətlərarası dialoqu daha da aktual mövzu halına gətirərək, əxlaq və siyasət əlaqəsinin aktuallığını labüd hala gətirir. Bütün bu problemlərin həllində mədəniyyətlərarası dialoq çərçivəsində həm siyasi, həm də etik dəyərlər baxımından köklü dəyişiklər edilməlidir. Bunların həyata keçirilməsi üçün isə iki şərt vardır: birincisi siyasi düşüncəmizdə, ikincisi isə dəyər anlayışlarımızda dəyişikliklərin edilməsidir. Bu iki prinsip bir birini tamamlar mahiyyətdə hərəkət edərək mədəniyyətlərarası dialoq çərçivəsində etik-siyasi dəyərlərin həm fərd, həm də cəmiyyətə təsir qüvvəsi müsbət mənada olacaqdır.

Klassik fəlsəfi düşüncədə əxlaq ilə siyasət bir birindən müstəqil şəkildə ayrılmamış və inkişaf etməmişdir. Karl Otto Apelin də qeyd etdiyi kimi, bu ayrılma renessans fəlsəfəsi ilə başlamışdır. Dekartla başlayan yeni fəlsəfi anlayış və xüsusilə Makiavellinin siyasət fəlsəfsinə dair görüşləri nəticəsində əxlaq, demək olar ki, siyasət sahəsindən uzaqlaşdırılmışdır. Belə ki əxlaq normativ sahənin siyasət isə hər an dəyişə bilən strateji məqsədlərin tətbiq sahəsi olaraq qəbul edilmişdir. Bu mənada, siyasətin əsas məfhumu mənfəət olmuşdur. Bu anlayış, eyni zamanda, praqmatik fəlsəfi baxış tərzi ilə də üst-üstə düşür. Etik normativ qaydalar da isə əsas məfhum vəzifə məfhumudur. Bu vəzifə məfhumu məsuliyyət məfhumunu da öz içərisində ehtiva edir. Bu kontekstdə siyasətlə əxlaqın ehtiva etdikləri məfhumlar baxımından fərqli olduğunu görürük. Məhz modern Qərb fəlsəfəsində də hal hazırda belə bir fərqin problem təşkil etdiyi çox vurğulanır. Belə ki post-modern dediyimiz bəzi filosoflar, xüsusilə, belə bir fərqin saxta olduğunu, siyasət sahəsində də etik qaydaların bu və ya digər baxımdan tətbiq olunacağını iddia edirlər. Məhz modern qərb fəlsəfəsində bu mövzu ilə əlaqədar olaraq ən ciddi tənqidi Alasdair Makntayr gətirmişdir. Ona görə klassik fəlsəfi anlayışda və dünyagörüşündə olduğu kimi, əxlaq və siyasət əlaqəsi bir-biri ilə əhatəli şəkildə olmalıdır. Məhz onları belə bir tərzdə ayrılması modern dövrdə çox ciddi problemlərə gətirib çıxartmışdır. Bu mənada, etik normativ qaydalar bir cəmiyyət içərisində meydana gələrək yaxşı və pis düşüncəsini bu kontekstdə formalaşdırırlar. Fərdlər də ictimai münasibətlər çərçivəsində bu anlayışlara müvafiq hərəkət edərək əxlaq ilə siyasətin əlaqəsini həyata keçirilər.

Digər tərəfdən, həqiqətən də, əxlaq və siyasət əlaqəsinin fəlsəfi əsalarını tam şəkildə ayırmaq və birləşdirmək də mümkün deyildir. Məhz mövzu ilə bağlı son təhlillər onu göstərir ki, əxlaqi normativ qaydalarsız siyasətin tətbiqi mümkün deyildir. Çünki bu zaman məsuliyyət problemi ortaya çıxa bilər. Məhz siyasət sahəsində ziddiyyətlərin və konfliktlərin də meydana gəlməsi normativ etik qaydalar və dəyərlər nəticəsindədir. Bu normativ qaydalar və dəyərlər nəticəsində bir-birləri ilə barışmaz mövqelər ortaya çıxır və nəticədə uzlaşma və ya bir-birini rədd etmə məsələsi yaranır. Burada Kantın bir ifadəsini xatırlamaq yerində olar. Kanta görə qaydanı tətbiq etməyin qaydası yoxdur. Bu görüşə istinad edərək, qeyd edə bilərik ki, etika qaydalar sistemidir. Siyasət isə bu qaydaların tətbiq olunma sahəsidir. Məhz bu tətbiq zamanı problemlər və ziddiyyətli görüşlər meydana gələ bilər. Bu mənada, siyasətin təbiəti və mahiyyəti də bu konfliktlərin həll edilməsinə yönəlikdir. Belə ki, hər hansı bir siyasi qərarın, eyni zamanda, dəyərə istinad edən, özünü normativ qaydalarla haqlı çıxara biləcək arqumentləri ola bilər. Nəticədə, əxlaq və siyasət əlaqəsi zaman, məkan və anlayışlar müxtəlifliyinə görə fərqli tərzlərdə təzahür edir.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər