Elçin Bayramlı
“Axırıncı ağac kəsiləndən, axırıncı çay çirkləndirildikdən, axırıncı balıq tutulandan sonra insanlar başa düşəcəklər ki, pulu yemək olmur...” (Hindu atalar sözü)
Bu gün getdikcə kəskinləşməkdə olan qlobal ekoloji böhran kapitalist istehsal tərzinin üzləşdiyi böhranların daha artıq təxirə salına bilməyəcəyini göstərir. Çünki bəşəriyyətin son bir neçə əsrlik tarixi dünya resurslarının sistemli talanetmə və təbiətin məhvedilmə siyasətindən ibarətdir.
Kapitalist istehsal üsulu, təbiəti dəyişdirən istehsalla yanaşı, ən yüksək səviyyədə sərvət toplama hərisliyi, izafi dəyər və istismar anlayışı kimi kateqoriyaları da əhatə edir. Kapitalist istehsal tərzində kapital toplanmasının sürətləndirilməsi və sərvətlərin mümkün qədər tez və çox şəkildə məninməsilməsi məqsədilə həyata keçirilən məhvetmə siyasəti hal-hazırda qlobal miqyasdadır- bu isə həm planetin təbii tarazlıqlarını, həm də özünün də təbiətin bir hissəsi olduğunu hələ də tam dərk etməmiş kimi görünən bəşəriyyəti təhdid edir.
Bu prosesdə ortaya çıxan ən mühüm təhlükələr dənizlərin və içməli su ehtiyatlarının çirklənməsi, kimyəvi, bioloji və nüvə tullantılarından yaranan problemlər, karbon emissiyalarının artması, iqlim dəyişikliyi və qlobal istiləşmə, bütün bəşəriyyətin ətraf mühitə vurduğu ziyana görə üzləşdiyi eroziya nəticəsində əkin sahələrinin azalmasıdır.
Kapitalist istehsal üsulunun daxili dinamikasına görə kapital sürətlə böyüməli, toplanmalı və genişlənməlidir. Kapitalın toplanması prosesi yüksək rentabelliyə əsaslandığı üçün belə genişlənmə daxili dinamikanı (rəqabət, devalvasiya, inflyasiya, istehlak çılğınlığı və s. bu kimi fenomenləri) hərəkətə gətirir və kapitalizmi istehsalın davamlı artımından asılı edir. Kapital sanki qarşısında heç bir maneə və ya məhdudiyyət yoxmuş kimi daha geniş miqyasda istehsal etməyə və yığılmağa meyllidir. Kapitalist yığım prosesində mənfəət üçün həddindən artıq istehsal (tələbatdan artıq istehsal) resursların vəhşicəsinə istismarı və təbiətin çirkləndirilməsini təmin edir.
İstehsalın davamlı artımı və istehlakın sürətləndirilməsi də ictimai ehtiyaclardan qopmuş istehlak səviyyəsini doğurur. Bu, yeni zövqləri və üstünlükləri müəyyən edən dəbli həyat tərzinin və “birdəfəlik” tipli məhsulların yayılmasını sürətləndirir. Kapitalın hökmranlığı altında istehsal və istehlakın artımını sürətləndirən amillər kommunikasiya və nəqliyyat imkanlarının artırılmasıdır. İnformasiya texnologiyalarının inkişaf etdiyi sürətli kommunikasiya və qloballaşma dövründə daha sürətli nəqliyyat və kommunikasiya sistemlərinin yaradılması kapital yığımının genişlənməsi və kapital dövriyyəsinin daha sürətli olması üçün vacibdir. Bunun sayəsində istehsal və dövriyyə prosesinə daxil olan məhsullar tez bir zamanda təyinat yerlərinə çatdırılmalı, işçilər isə vaxt itirmədən iş yerlərinə çatdırılmalıdır.
“Vaxt puldur” və kapitalın itirəcək pulu yoxdur. Bu məqsədlə onların nəhəng təyyarələri, gəmiləri, yük maşınları, sürətli qatarları və ictimai nəqliyyat vasitələri var. Bunların sayəsində dövriyyə sürətlənir, süni yaradılmış tələbatlar sayəsində istehlak artırılır və bu da istehsalın genişlənməsinə gətirib çıxarır. Nəticədə xammala ehtiyac çoxalır və təbii sərvətlərə təzyiq güclənir. Bu proses kapitalist dövriyyəsinin yaratdığı ekoloji böhranı ortaya çıxarır. Çünki kapitalist quruluşunun yaratdığı fərdiyyətçi şəhər adamının və kapitalist burjuaziyasının düşüncə tərzi budur. Bu düşüncə tərzində mövcud olan hər şey kapitalist istehsal üsulunun davamlılığını təmin edən mənfəət normalarının artırılması və kapital yığımının genişləndirilməsi məqsədi daşıyır.
Bunbu təmin etmək üçün isə təbiətin vurduğu zərəri (təbii fəlakətlər, quraqlıq, bitki və heyvanlarda yaranan xəstəliklər və s.) azaldacaq təcrübələri inkişaf etdirərək süniləşdirilmiş istehsal sahələri yaradılır (qida, dərman və s). Bu səbəbdən ekologiyaya burjua baxışı problemin real qaynaqlarını və ölçülərini gözardı edir. Qlobal kapitalizmin irəli sürdüyü bütün həll təklifləri problemin səbəbləri ilə deyil, yalnız nəticələri ilə bağlıdır. Beləliklə, onlar ekologiyanın sağlamlaşdırılması üçün fundamental tədbirləri həyata keçirmir, məsələn zərərli sənaye sahələrini dayandırmır, təbiətin bioloji sistemini dəyişdirmnəkdən vaz keçmir, çünki bu gəlirləri azalda bilər, əvəzində bunun nəticəsində ortaya çıxan zərərlərin formal olaraq aradan qaldırılmasına çağırılır. Beynəlxalq ekoloji konqresslərdə iri sənaye dövlətləri özlərinin zərərli sənaye sahələrini məhuddlaşdırmır, təbiətə atılan tullantıları azaltmır, amma digər ölkələri belə sənaye sahələri yaratmamağa çağırır. Halbuki, qlobal ekologiyaya vurulan zərəri 40 faizi təkbaşına ABŞ-ın payına düşür.
İri sənaye dövlətləri sənayeləşməmələri üçün inkjişaf etməmiş ölkələrə verilməsi təklif olunan maliyyə yardımları da ayırmaq istəmir. Məsələn, elə Bakıda keçirilən sonuncu COP-29 konrfransında inkişaf etməkdə olan ölkələrə 300 milyardlıq yardım paketi təklifini qəbul etmədilər. Lakin onları texnologiyadan uzaq saxlamağa çalışır və sənayeləşməməyə çağrırırlar ki, ekologiyaya zərər dəyməsin.
Bunun səbəbli odur ki qlobal kapitzlimin istehsal mərkəzi iri sənaye dövlətləridir, digərləri isə sadəcə qlobal sənaye oliqarxiyası tərəfindən istismar olunan ucuz xammal mənbəyi kimi qalmalıdır.
Burjuaziyanın hakim olduğu bu perspektiv həm də yaratdığı illüziyalar və manipulyasiyalar vasitəsilə cəmiyyətin əksəriyyətinin şüurunu formalaşdırmaq davam edir. Çünki burjuaziya mövcud sistemin əbədi davam edəcək bir reallıq kimi təqdim edir və cəmiyyətin də alternativ sistemlər haqda düşünməməsini təmin edir. Bu baxışı saxlamaq üçün kapitalizm daxili qorxu mexanizmlərini inkişaf etdirir- mövcud sistem dəyişsə ciddi böhran baş verəcək, sosial fəlakət başlayacaq, istehsal dayanacaq, yoxsulluq artacaq və s.
Bütün bunları mümkün edən isə kapitalın sehrli oyuncağı və insanların yeni tanrısı olan texnologiyadır. Buraya media, incəsənət, süni intellect kimi kütləvi təbiliğat vasitələri daxildir. Nəticədə, insanlar daha sağlam, daha ədalətli, daha zərərsiz sosial iqtisadi sistemlər haqda düşünməyib, mövcud sistemdə birtəhər yaşaya bilmək və özünü mümkün olarsa kapital əldə edərək digər insanlardan daha üstün yaşamaq uğrunda mübarizəyə həsr edir.
Bunun üçün də rəqabət qızışır, insanlar daha çox əmək sərf edir, təhlükəli risklərə gedirlər. Əksər hallarda isə bu, alınmır. Çünbki bu sistemdə kapital hər kəsdə ola bilməz, yalnız kiçik bir qrupun əlində cəmləşməlidir. Bunun hiss olunmaması üçün isə səhmdaqlıq sistemi düşünülüb. İnsanlar iri müəsssisələrin səhmlərini (məsələn, onun kapital dəyərinin milyonda 1 hissəsini) alırlar ki, guya orada pay sahibidirlər və gələcəklərinə gəlir təminatı olacaq. Lakin iqtisadi böhranlar zamanı bu müəssisələrin çoxu sıradan çıxır, gəliri azalır və ya zərərə işləyir. Bu halda səhmdarların pulu batır. Lakin əsl sahibkarlar həmin səhmlərdən əldə etdikləri nəhəng vəsaitləri başqa sahələrə yönəldərək özlərinə yeni gəlirli sahələr yaradırlar. Son nəticədə uduzan yenə sadə insanlar olur. Dəyəri artran səhmlərdən isə sadə insanlar çox cüzi gəlir əldə edir, çünki onda səhmləri müəssisənin milyona biri qədərdir. Daha çox səhmlərə sahib burjuaziya isə daha çox qazanır. Nəticədə hər il dünyada gəlir bərabərsizliyi sürətlə artır.
Kapital yüksək gəlirliliyi və rəqabəti təmin etmək üçün kifayət qədər ucuz qiymətə mal və xidmətlər istehsal etməlidir. Daha ucuz istehsal etmək üçün əməyin məhsuldarlığı artırılmalıdır. Əməyin məhsuldarlığını artırmağın 2 yolu var;
- Birincisi, işçilərin eyni əmək haqqı müqabilində daha uzun saatlar və yaxud gərgin işləməsi yolu ilə istismarını (mütləq izafi dəyər) artırmaq.
- İkincisi, eyni məhsul və ya xidmətin istehsalı üçün tələb olunan əməyin miqdarını (nisbi izafi dəyər) azaldacaq və daimi kapitalın elementlərini ucuzlaşdıracaq yeni üsul və texnologiyaların həyata keçirilməsidir.
Mütləq izafi dəyərin artırılmasının məhdudiyyətləri şəraitində kapitalizmdə məhsuldarlığın artırılmasının əsas elementləri mexanikləşdirmə və yeni texnologiyalardır. Bu isə işçilərin sayını azaldır, onları robotlarla əvəz edir, nəticədə işsiz kütlə çoxalır. Bununla belə, texnoloji ixtiralar istehsal münasibətlərindən və sinfi mübarizələrdən son dərəcə asılıdır. İstehsal prosesinə daxil edilən yeni texniki ixtiraların və maşınların əksəriyyəti bütövlükdə kapitalın həddindən artıq yığılma böhranına girdiyi dövrlərdə meydana çıxır və bütün bu texnikaların ümumi məqsədi istehsalı canlı əməkdən getdikcə daha az asılı etməkdir.
Kapitalist istehsal üsulu siyasi müdaxilə ilə köklü şəkildə dəyişdirilmədikcə, məzmun baxımından böyük dəyişikliklərə məruz qalmayacaq. Yenə də istehsalın gələcəyi ilə bağlı əsas təyinedici qərarlar şirkətin yüksək vəzifəli menecerləri və sahibləri tərəfindən qəbul edilir. Ona görə də işçilərin idarəçilikdə iştirak etməsi mümkün deyil.
Qeyri-kapitalist istehsal münasibətlərində insan öz fəaliyyətinin nəticələrini bütöv şəkildə görə bilir və xarici aləmdəki prosesləri öz hərəkətləri ilə formalaşdırmağın şüurunda olur. Kapitalist istehsal münasibətlərində isə, insan əksinə, xarici aləmdəki proseslərin öz düşüncə və hərəkətlərindən kənarda, başqa qüvvələr tərəfindən formalaşdırıldığı “şüuru”na malikdir.
İçində olduğu ictimai sistemə görə təbiət qarşısında “heç nəyə” çevrilmiş insanları hürkütməmək üçün burjuaziya təbiətə hökm etməyə imkan verən texnologiyanı ilahiləşdirərək onlara süni rahatlıq verir. İnsanlar özlərini, həyatını, yaddaşını da texnologiyaya tabe edir. Lakin burada yenidən tələyə düşür; İnsan tədricən sistemin xaosunda boğulduqca, son bir ümidlə bağlandığı “həyatı asanlaşdıran texnologiyalar” getdikcə daralır və insanın varlıq sferasını çirkləndirir, həyati fəaliyyətini kütləşdirir.
Beləliklə, kapitalizmin istehsal və istehlak proseslərinin müəyyən etdiyi iqtisadi münasibətlərin böhranı ilə yanaşı, insanların, təbiətin və texnologiyanın qarşısında “heç nə”yə çevrilməsi sindromu sosial deqradasiyaya səbəb olur.
Kapitalizmin yaratdığı ekoloji böhran bir tərəfdən qlobal istiləşməyə, ozon təbəqəsinin deşilməsinə, havanın və suyun çirklənməsinin artmasına, turşu buludlarının və yağışların artmasına, zəhərli tullantıların artmasına, bio və genetik müxtəlifliyin məhvinə, torpağın canlılığının itirilməsinə, meşələrin qırılmasına, səhralaşmaya, torpaqların gücünü itirməsinə, qida böhranına və son nəticədə təbii fəlakətlərin çoxalmasına və qlobal kataklizmlərə səbəb olacaq.
Ekoloji böhranın səbəbi kapitalist istehsal üsuludur, bu üsul təkcə təbiəti deyil, insan cəmiyyətini də fiziki və mənəvi olaraq məhv etməkdə olan bir virusdur. Bu gün kapitalizmin böhranının səbəbi kapitalizmin özüdür. Ona görə də ekoloji böhran qlobal kapitalizmin öz daxilində həll edə bilmədiyi böhrandır və buna görə də istənilən halda onun sonunu gətirəcək. Amma bu o demək deyil ki, kapitalizmin köklü şəkildə aradan qaldırılması və yenisi ilə əvəzlənməsi avtomatik olaraq baş verəcək. Çünki ekoloji böhran kökündən həll edilməsə canlıların təbii mühitini məhv etdiyi üçün, ən pis halda, bəşəriyyətin tamamilə yox olmasına gətirib çıxaracaq ki, bu həm də kapitalizmin məhvidir.
Kapitalist istehsal tərzinin nəticəsi “ya sosializm, ya da barbarlıq” şüarının aktuallığını getdikcə daha çox artırır. Əgər kapitalist istehsal üsulu sürətlə böyüməyə davam edərsə, bu barbarlıq nüvə faciəsinədək gətirib çıxara bilər və bəşəriyyətin sonu olar. Beləliklə ortaya sualı çıxır- istismar texnologiyalarının davamlı inkişafı şəraitində ekoloji böhranın həlli ola bilərmi? Su təmizləyici qurğular, bacalar üçün filtrlər, daha çox ağacların əkilməsi, qlobal istiləşməyə səbəb olan istixana qazlarının istehsalına son qoyulması, karbon emissiyalarının azaldılması və s. lokal tədbirlər çıxış yoludurmu?
Bu kimi tədbirlərlə artıq həddən artıq kəskinləşmiş problemin öhdəsindən gəlməyin mümkün olmadığı son dərəcə aydındır və bunlar əslində diqqətin problemdən yayındırılmasıdır. Yəni, səbəblər aradan qaldırılmadıqca, nəticələrlə uğraşmağın fundamental həllə heç bir aidiyyatı yoxdur. Ekoloji hərəkatların daha təmiz istehsal üçün ətraf mühitin qorunmasına yönəlmiş səyləri və təbiəti daha da çirkləndirməmək üçün ölkələrin qəbul etdikləri qanuni tənzimləmələr və razılaşmalar fundamental həll təklif etmir. Bəs çıxış yolu nədir?
Ardı olacaq
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb