PDF Oxu

MİA

  • 1 148

Torpaq əldən gedir: səbəblər, həll yolları

image

Hər il 5 dekabrda qeyd olunan Ümumdünya Torpaq Günü torpağın insan həyatında fundamental rolunu təbliğ edir. Ümumdünya Torpaq Günü sağlam torpağın əhəmiyyətinə diqqəti yönəltmək və torpaq ehtiyatlarının davamlı idarə olunmasını müdafiə etmək üçün 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib.

Biz torpaq haqqında düşünəndə, bu haqda danışanda demək olar ki, həmişə onu kənd və təbiətlə əlaqələndiririk. Nadir hallarda şəhər torpağının da fundamental olduğunu nəzərə alırıq. Urbanizasiyanın, şəhərləşmənin torpağa vurduğu zərər barədə yazırıq, betonlaşan şəhərlərin, daş binaların və asfalt küçələrin altında yatan, yağış suyunu udmağa, temperaturu tənzimləməyə, karbonu saxlamağa və hava keyfiyyətini yaxşılaşdırmağa kömək edən torpağa qayğı göstərmirik. Axı torpaq sementlə möhürləndikdə, asfaltın altında qaldıqda bu funksiyalarını itirir və şəhərləri daşqınlara, həddindən artıq istiləşməyə və çirklənməyə məruz qoyur. Betona çevrilmiş torpaqların geri qazanılması bəzən mümkünsüz, bəzən də olduqca çətin olur. Ümumdünya Torpaq Gününün 2025-ci il devizi də məhz "Sağlam Şəhərlər üçün Sağlam Torpaqlar" mövzusu əsasında işlənib.

Planetimizin yaşaması üçün insanların torpağa ehtiyacı var, çünki qidamızın 95 faizindən çoxu torpaqdan əldə edilir. Bundan əlavə, onlar bitkilər üçün vacib olan 18 təbii kimyəvi elementdən 15-ni təmin edir. Lakin, iqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində torpaqlarımız deqradasiyaya uğrayır. Eroziya təbii tarazlığı pozur, suyun infiltrasiyasını və bütün canlı həyat formaları üçün keyfiyyətini, habelə qidadakı vitamin və qida maddələrinin səviyyəsini azaldır.

Davamlı və düzgün aparılan torpaq idarəetmə üsulları eroziyanı və çirklənməni azaldır, həmçinin torpaq biomüxtəlifliyini qoruyur, münbitliyi artırır və karbonun udulmasına töhfə verir, iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə dünyadakı torpaqların təxminən 15%-i yüksək dərəcədə məhsuldardır. Bildirilir ki, dünyanın torpaqlarının 33%-i artıq deqradasiyaya uğrayıb, yalnız 10–12% torpaq kənd təsərrüfatı üçün ideal hesab olunur. Torpaqların qalan hissəsi ya çox şoran, ya çox quru, ya da eroziyaya məruz qalmış vəziyyətdədir. Bu, 2050-ci ilə qədər dünya əhalisinin artması səbəbindən ərzaq tələbatının 50% artacağı şəraitində ciddi problemdir.

İqlim dəyişikliyinin torpağa təsirləri barədə son illər çox yazılır, müzakirələr aparılır. Eroziyanın artması birinci səbəbdir, güclü yağışlar, sel fəlakətləri torpaq yuyulmasını sürətləndirir. Bu prosesin Afrika, Cənubi Asiya və Latın Amerikasında mənfi təsiri olduqca böyükdür. Həmçinin torpağın quruması, yəni aridləşmə nəticəsində torpağın nəmliyi azalır. Orta Asiya, Şimali Çin, Yaxın Şərq və Afrikanın bəzi bölgələri ən çox risk altında olan bölgələrdir.

Şoranlaşma da torpağı yoran problemlərdəndir. Dəniz səviyyəsinin qalxması sahilyanı ərazilərdə torpağa duzun keçməsini artırır, bu da kənd təsərrüfatına ciddi zərər verir, məhsuldarlığı kəskin azaldır. Torpaqda üzvi maddəsinin azalması da zərərli təsirlər sırasındadır, temperatur artdıqca torpaqdakı karbon daha sürətlə parçalanır, torpaq daha az münbit olur, su tutma qabiliyyəti azalır.

İnsan fəaliyyətinin təsirləri də ən az iqlim təsirləri qədər çoxdur. Hərçənd, iqlimin təsirlərinin yaranma səbəbləri də dolayısı ilə insan qaynaqlıdır. İnsanların təbiətə zərər verəcək fəaliyyətlərlə məşğul olması əvvəlcə iqlimə təsir edir, iqlim də öz növbəsində suya, torpağa, havaya təsir göstərir.

İnsanların torpağı dincə qoymaması, həddindən artıq əkinçiliyə məruz qoyması da torpağı yorur. Çünki torpaq istirahət etmədən istifadə olunur, bu səbəbdən də uzunmüddətli məhsuldarlıq azalır. Həmçinin kimyəvi gübrələr və pestisidlərdən istifadə olunur, bu da torpağın bioloji həyatını məhv edir. Mikroorqanizmlərin azalması torpağı “ölü” hala gətirir.

Torpağın zərər görməsinin bir səbəbi də meşələrin qırılmasıdır. Meşələr torpaq üçün “təbii qoruyucu” funksiyası daşıyır. Amazon, Konqo və İndoneziya torpaq eroziyasını artıq ciddi formada yaşayır. Habelə meşələrin yanması da təsir edən amillərdəndir.

Sənaye və şəhərləşmənin də torpaq üzərində qalıcı mənfi təsirləri danılmazdır. Sənayeləşmə torpaq çirklənməsini sürətləndirdi, ağır metallar, neft sızmaları torpağa çox dərin zərərlər verir. Düzgün olmayan suvarılma sistemi də torpağı incidən amillərdəndir. Suvarmada səhvlər torpağı şorlaşdırır, bu səbəbdən kənd təsərrüfatı torpaqlarının 20%-i artıq şoran vəziyyətdədir.

Hazırda ən riskli regionlar Afrikada Sahara zonasıdır, burada quraqlıq və çölləşmə sürətlənib.

Mərkəzi Asiyada şoranlaşma, su çatışmazlığı, Cənubi Asiyada eroziya, sel, torpaq çirklənməsi, Latın Amerikasında meşə qırılması, heyvandarlığın təsirləri, Çində sürətli urbanizasiya və torpaq eroziyası səbəbindən torpaqlar ciddi zərər görür.

Dünyada torpağın bərpası üçün görülən tədbirlər əsasən regenerativ kənd təsərrüfatı üsullarıdır, çevik şumlama, örtücü bitkilər torpağı nisbətən qoruyur. Ağıllı su idarəçiliyi, damcı suvarma ilə həm su ehtiyyatı, həm də torpaq qorunur. Meşələrin bərpası, xüsusilə Afrikada “Böyük Yaşıl Divar” layihəsi də torpağı qorumaq üçün atılan addımlardandır. Karbonu torpaqda saxlama proqramları, şoranlaşmış torpaqların fitoremediasiyası üsulları ilə də deqradasiyanın qarşısı nisbətən alınır.

Lalə Mehralı

Digər xəbərlər