Ermənistan vətəndaşlarının 70%-i danışıqlar yolu ilə Azərbaycanla sabit və uzunmüddətli sülhə inanmır. Bu, ARAR Sivilizasiya Araşdırmaları Fondunun direktoru Armen Xaçikyanın təqdim etdiyi sosioloji sorğunun nəticələridir.
Sorğu 2025-ci ilin oktyabrında 1123 respondent arasında keçirilib. Respondentlərin yalnız 33,7%-i hesab edir ki, Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşma əsl sülhə gətirib çıxara bilər. Bundan başqa, respondentlərin təxminən 80%-i Azərbaycanla münasibətlər normallaşsa belə, milli silahlı qüvvələrin sayının azaldılmasının əleyhinədir.
Belə çıxır ki, müharibədən və ermənilərin Qarabağdan qovulmasından sonra belə hisslər normaya çevrilib. Hakim partiyanın təcriddən qurtulmağın və firavan ölkə qurmağın yeganə yolunun qonşularla sülhün olduğuna dair cəmiyyətdə güclü inam formalaşdırmaq səylərinə baxmayaraq.
Nikol Paşinyan bu yaxınlarda “Qarabağ klanı”nın nümayəndələri Robert Köçəryan və Serj Sarkisyanı tənqid edərək, keçmiş prezidentləri, eləcə də onların arxasında duran qüvvələri ittiham etmişdi ki, müharibədən əvvəl aparılan bütün danışıqlar və təkliflər münaqişənin həllinə deyil, respublika üzərində kənar nəzarəti gücləndirməyə yönəlib.
Paşinyan bu siyasətin son məqsədinin Ermənistan dövlətçiliyinin məhv edilməsi olduğunu da vurğulayıb. Paşinyan özünü bir növ millətin xilaskarı kimi qələmə verir, erməni dövlətçiliyi üçün böyük iş gördüyünü deyir.
Serj Sarkisyan, xüsusən, 2020-ci il müharibəsinin qaçılmaz olduğunu və onun nəticəsinin o vaxtkı hakimiyyətin danışıqlardan imtina etməsinin və ordunun döyüş hazırlığının azalmasının nəticəsi olduğunu bəyan edib.
Maraqlıdır ki, döyüş hazırlığının aşağı düşməsi məhz Paşinyanın komandasının öz sələflərini ittiham etdiyi şeydir. Bundan əvvəl parlament sədrinin müavini Ruben Rubinyan bəyan etmişdi ki, Köçəryanın dövründə qüvvələr nisbəti 5 qat Bakının xeyrinə idi, lakin o vaxtkı prezident ölkənin hərbi büdcəsini artırmaq əvəzinə, ailəsinin büdcəsini artırıb.
Vaşinqtonda əldə olunan razılaşmaları şərh edən R.Köçəryan sənədi Rusiya, Ermənistan və Azərbaycanın 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatı ilə müqayisə edib. Onun sözlərinə görə, məzmun demək olar ki, eynidir. Köçəryan həmçinin Rusiya, ABŞ və Çinin gələcək sülh müqaviləsinin qarantı kimi cəlb olunmasını təklif edib.
Yeri gəlmişkən, 2020-ci ilin bəyanatına görə, Rusiya dəhlizə nəzarət etməli idi, lakin məlum olduğu kimi, İrəvan Vaşinqtona dəhlizin icarəsini təklif edərək, bu məqamı “unudub”. Paşinyanın məntiqinə görə, Rusiya Ermənistan dövlətçiliyini məhv etmək üçün Qarabağı onun əlindən çıxarıb.
Bu fonda ermənilərin böyük əksəriyyətinin sülh perspektivinə inanmaması Paşinyanın və onun qurmağa çalışdığı “əsl Ermənistan”ın qüruruna birbaşa zərbədir.

Hakim “Vətəndaş sazişi” partiyasının deputatı Narek Kahramanyan belə deyir: “Şəxsən mən azərbaycanlılarla yaşamağa hazır deyiləm”. Maraqlıdır, bu şəxsi fikir partiyanın erməniləri nəyin bahasına olursa olsun azərbaycanlılarla barışmağa çağıran ümumi xətti ilə ziddiyyət təşkil edirmi? Kahramanyan onu da əlavə edib ki, Ermənistanda azərbaycanlılarla birlikdə yaşamış ermənilər, Azərbaycanda ermənilərlə yanaşı yaşamış azərbaycanlılar da var. Aydındır ki, o, Sovet dövründə yaşamış və hələ də xalqlar arasında dostluğun nə olduğunu xatırlayanları nəzərdə tutur. Amma belə açıq-aydın acınacaqlı azlıqdırlar. Yaşlı nəsil bu və ya digər şəkildə tədricən dünyadan gedir, Azərbaycanla heç vaxt sülh şəraitində yaşamayan gənclərin isə buna həvəsi yoxdur.
Sorğunun nəticələrinə qayıdaq: tədqiqat fondunun direktoru A.Xaçikyanın dediyi kimi, sülh perspektivləri ilə bağlı ən böyük bədbinliyi gənclər nümayiş etdirirlər. Bununla belə, Paşinyan öz “əsl Ermənistan”ını məhz onlarla qurmalıdır.
Bu ayın əvvəlində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, azərbaycanlıların Ermənistana qayıtması nə Ermənistan xalqını, nə də Ermənistan dövlətini qorxutmamalıdır, çünki “Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə yoluxmayıb və həmişə yaşadıqları ölkələrin dövlətçiliyinə öz töhfələrini veriblər”.
Yeri gəlmişkən, Azərbaycan lideri ilk dəfə deyil ki, belə bir təşəbbüs irəli sürür. Keçən il o, əvvəllər Ermənistanda məskunlaşmış azərbaycanlıların nəhayət öz vətənlərinə qayıdacaqlarını bəyan etmişdi. İki il əvvəl İlham Əliyev “bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və ya qovulanların övladlarının öz tarixi torpaqlarına necə qayıda biləcəyi- onları ziyarət edə və ya orada yaşaya biləcəkləri” ilə bağlı Ermənistandan aydın bəyanat veriləcəyini gözlədiyini demişdi.
Xatırladaq ki, 19-cu əsrin ortalarında azərbaycanlılar İrəvan əhalisinin əksəriyyətini təşkil edirdi. 80-ci illərdə Ermənistanda 200 minə yaxın azərbaycanlı yaşayırdısa, 1989-91-ci illərdəki deportasiya nəticəsində heç kim qalmadı.
İndi Paşinyana öz qəlibinə uyğun “əsl Ermənistan” qurmağa ümid edir. Bunun üçün isə o, gələn il keçiriləcək seçkilərdə səlahiyyət müddətini uzatmalıdır. Bir tərəfdən, Paşinyan zahirən rahat ola bilər, çünki real müxalifət faktiki olaraq darmadağın edilib. Digər tərəfdən, sorğunun nəticələri onun bəlkə də siyasi gələcəyi ilə bağlı hökm çıxarır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.