PDF Oxu

MİA

  • 817

İnsanlar quşların nəslini kəsir

image

1970-ci ildən bəri üç milyard quşun məhv olması barədə xəbərdarlıqlara baxmayaraq, quş populyasiyaları getdikcə azalır. Təəssüf ki, 2025-ci ilin avqust ayında dərc olunmuş "Dünya Quşlarının Vəziyyəti" və "Dünya Köçəri Quşlarının Vəziyyəti" ilə bağlı da vəziyyət ürəkaçan deyil. Əksinə, hesabatlar yalnız əvvəllər məlum olanı, yəni bütün quş növlərinin təhlükədə olduğunu bir daha təsdiqlədi.

“BirdLife International” təşkilatının bu gün mövcud olan 11.000 quş növünün illik hesabatında quş populyasiyalarının həm mənfi, həm də müsbət aspektlərindən bəhs edir. Təşkilat iddia edir ki, son bir neçə ildə pis xəbərlərdən daha çox yaxşı xəbərlər var və bu yaxşı nəticələrə son bir ildəki göstəricilər də daxildir. Hesabatda 40-dan çox quş "Kritik təhlükə altında olan", "Nəsli kəsilməkdə olan" və ya "Təhlükədə olan" kateqoriyalarından çıxarılaraq yenidən təsnif edilib.

Quşların populyasiyası azalmağa davam etdikcə, bir müddətdir nəsli kəsilmək üzrə olan nümunələri də zamanla azalaraq nadir rastlanacaq. Bir quşu nəsli kəsilmiş kateqoriyaya daxil etmək çətin qərardır, buna görə də bəzi hallarda onilliklər ərzində həmin növün qalıb-qalmadığını müəyyən etmək üçün bütün səylər göstərilir. Aparılan araşdırmalara rəğmən onları tapmaq mümkün olmadıqda, həmin növdən olan quşlar nəsli kəsilmiş hesab olunur. 2025-ci il üçün Dünya Quşlarının Vəziyyəti hesabatında nəsli kəsilmiş kateqoriyaya beş quş növü əlavə edilib. Bunlar Ou – Psittirostra psittacea, Kauai Nukupuu - Hemignathus hanapepe, Maui Nukupuu - Hemignathus affinis, Maui Akepa - Loxops ochraceus, Ağ sinəli ağ göz - Zosterops albogular adlı quş növləridir.

Bu quşlardan dördü Havay bal arıları ailəsinə aiddir. Hal-hazırda bir vaxtlar mövcud olan tarixi 55 növdən yalnız beş Havay bal arısı ailəsinə aid növ qalıb. Yuxarıda adları çəkilən beş növ də bu səbəbdən “kritik dərəcədə nəsli kəsilməkdə olan növ” hesab olunur. Ümumiyyətlə, Quşların Qırmızı Siyahısı 1964-cü ildə hazırlanmağa başladığından bəri 164 quş növünün nəsli kəsilib. Daha çox qoruma səyləri göstərilməsə, nəsli kəsilən 164 növ kimi bu növlər də bu kateqoriyaya əlavə edilə bilər.

Köçəri quşlar planetin sağlamlığının barometridir. Hər köç zamanı minlərlə mil məsafə qət etdiklərini nəzərə alsaq, quşlar qida, su və təhlükəsiz istirahət yerləri üçün keçdikləri bölgələrdən asılıdırlar. Eyni şey təyinat yerləri üçün də tələb olunur. Bu ərazilərdən hər hansı biri insan fəaliyyəti səbəbindən dəyişdirildikdə, quşlar əziyyət çəkirlər. Köçəri quş populyasiyalarının azalmasının bir çox səbəbi var. Bu səbəblərə yaşayış yerinin itirilməsi, iqlim dəyişikliyi, çirklənmə, qanunsuz ov kimi faktorlar daxildir. Bu stress faktorları səbəbindən köçəri quşların populyasiyasının 44%-i azalıb və köçəri quşların hər beş növündən biri yox olmaq üzrədir. Bu o deməkdir ki, bu quşlara kömək etmək üçün daha güclü qorunma səyləri lazımdır.

Köçəri quşların üzləşdiyi stress amilləri bütün digər quşların üzləşdiyi stress amillərinə bənzəyir. Təəssüf ki, bir neçə kateqoriya istisna olmaqla, quşların nəsli kəsilməsinə səbəb olan amillər ildən-ilə daha da pisləşir. Lakin, bütün neqativ proqnozlara rəğmən ümid də var. Qoruma səyləri həyata keçirildikdə, köçəri quş populyasiyaları yaxşılaşa bilər.

"Dünya Quşlarının Vəziyyəti" hesabatı quşların 2010-cu ildə qlobal miqyasda üzləşdiyi təzyiqləri araşdırmışdı, eyni nəticələrə 2024-cü il üçün yenidən baxılıb və demək olar ki, hər kateqoriyada artım müşahidə olunub. Məlumatlar quşların insan fəaliyyəti səbəbindən üzləşdiyi təhlükələrin daha yaxşı başa düşülməsini əks etdirsə də, bütövlükdə quşların dəyişən dünyanın mənfi təsirinə məruz qaldığı aydındır. Quş növlərinin nəslinin kəsilməməsi, azalmanın bərpası üçün real şanslar var, amma o şansları əldə etməzdən əvvəl bir çox insan faktorlu maneələrin aradan qaldırılması lazımdır.

Dünya Quşlarının Vəziyyətinə görə, nəsli kəsilməkdə olan kimi təsnif edilməkdən başqa, 43 quş ən ekstremal kateqoriyalardan aşağı səviyyəyə endirilib. Məsələn, “Okinava” ağacdələni, "Kritik Təhlükədə olan" siyahısından "Nəsli kəsilməkdə olan" siyahısına keçib. Dünyada bu quşun ümumi sayının cəmi 300 olması ehtimal edilir. Ümumilikdə, IUCN (International Union for Conservation of Nature-Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaq) Qırmızı Siyahısında "Kritik Təhlükədə", "Nəsli kəsilməkdə olan" və "Həssas" kimi siyahıya alınmış 1300-dən çox quş var. Qoruma səyləri uğursuz olarsa, bu quşlar nəsli kəsilmək təhlükəsi ilə üzləşsə təbiət də bundan ciddi zərər görəcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər