PDF Oxu

MİA

  • 735

İnformasiyası çirkli media necə xilas edilməli?

image

Məlumat çirkliliyi – dezinformasiya çaşdırıcı, natamam və ya manipulyasiya xarakterli məlumatların geniş yayılması deməkdir. Sosial şəbəkələrdə, xəbər saytlarında və digər platformalarda əsli olmayan məlumatların sürətlə yayılması insanları məlumat çirkliliyinə məruz qoyur.

Məlumat çirkliliyini yaradan əsas sbəblərdən biri həddindən artıq informasiyanın olmasıdır. Sosial şəbəkələr, xəbər saytları, bloqlar və digər platformalarda eyni anda çoxlu məlumat axınının olması bu çirkliliyə yol açan əsas amildir. Dezinformasiya, qəsdən və ya bilmədən yayılan yalan və ya səhv məlumatlar məlumat çirkliliyinə yol açır. Həmçinin, lazımsız, təkrarlanan, faydalı olmayan, məqsədsiz məlumatlar da xəbər bazarında bolluq yaradır və məlumat çirkliliyinə səbəb olur. Son illər məlumat çirkliliyini yaradan ən başlıca səbəblərdən biri də sosial şəbəkələrin algoritmləridir, belə ki platformaların diqqət çəkməyə çalışan başlıqlar və sensasiyalara üstünlük verməsi məlumat çirkliliyi yarada bilir. O cümlədən, feyk xəbərlər və manipulyasiya da ictimai rəyə təsir etmək məqsədilə hazırlanmış saxta məlumatlardır ki, informasiya çirkliliyi üçün münbit bazardır.

İnformasiya çirkliliyi yaranan cəmiyyətdə doğru məlumatla yalanı ayırd etmək zamanla çətinləşir. O qədər dezinformasiya yayılır ki, inanma, qərar vermə kimi proseslər zəifləyir. Xüsusilə səhiyyə, siyasət və iqtisadi sahələrdə olan məlumat çirkliliyi çaşqınlıq yaradır. Bu da öz növbəsində insanlarda etibarsızlıq və informasiya yorğunluğu yaradır, nəticədə panika meydana çıxır. Xatırlayın, pandemiya dövründə çörək və unla bağlı yayılan dezinformasiyalar mağazalarda hansı bashabaslara, qarışıqlıqlara səbəb olurdu. Eləcə də 44 günlük müharibə zamanı bəzi sosial şəbəkə istifadəçiləri yayılması yasaqlı məlumatları, yaxud da yalan informasiyaları paylaşaraq ictimaiyyətdə ixtişaşalara və narahatlığa yol açırdılar. İnformasiya çirkliliyi belə-belə yaranır.

İnformasiya çirkliliyindən qorunmaq, səhih məlumata çıxış əldə etmək üçün oxucunun media savadlılığı olmalıdır. Media savadlılığı olan oxucu rəsmi, etibarlı və peşəkar mənbələrə üstünlük verir, məlumatın doğruluğuna şübhə edilməyən mənbələrə baş çəkir. İnformasiyanın doğruluğunu başlıq təyin etmir, ona görə də oxucu yalnız xəbərin başlığına əsaslanmamalıdır, məzmunu dəqiqliklə oxumalıdır. Qarşısına çıxan informasiyaların tarixinə diqqət etməyənlər daha çox məlumat çirkliliyinə məruz qalır. Çünki bir çox hallarda baxış sayı qazana bilmək üçün saytlar və sosial şəbəkə səhifələri köhnə xəbərləri yeni kimi təqdim edir. Oxucu oxuduğu informasiyaya hər hansı emosional reaksiya göstərməzdən əvvəl o məlumatın doğruluğuna əmin olmalıdır. Onu qorxudan, sevindirən, narahat edən informasiya nə qədər doğrudur?

Hazırda dünyada informasiya çirkliliyi ciddi problem kimi qəbul edilir, xüsusilə rəqəmsal texnologiyaların, sosial medianın, son olaraq süni intellektin sürətli inkişafı ilə doğru informasiya məsələsi qlobal səviyyədə ciddi problemə çevrilib. Sosial şəbəkələrdəki paylaşım azadlığı, istifadəçilərin öz səhifələrində sərbəst məlumat yayması, mənbə təsdiq edilmədən paylaşmaları cəmiyyətdə xaotik vəziyyətə səbəb olur. Sosial şəbəkə platformalarının alqoritm tətbiqi isə ayrı bir problemdir. Çünki istifadəçinin bir dəfə maraq göstərdiyi tərkib artıq onun alqoritminə çevrilir, davamlı olaraq həmin tərkibdə kontentlərlə qarşılşır. Bu da öz növbəsində inbormasiya boşluğu yaradır.

O cümlədən saytların, xəbər portallarının saha çox baxış və gəlir üçün əl atdığı yollardan biri də sensasiyalı, aldadıcı, cəlbedici başlıqlarla yanlış və ya şişirdilmiş məlumatlardır. Başlıqla xəbərin mətni arasında vəhdəd olmayan məlumatlar həm dünya mediasında, həm də yerli mediada ciddi problemlərə səbəb olur.

Əsilsiz xəbərlərlə yaradılan informasiya çirkliliyi cəmiyyətin dezinformasiyaya inanmasına, çirkli xəbərlər vasitəsilə ictimai rəyə təsir, fərdi düşüncələrə müdaxilə, nifrət və ya dəstək ritorikası yaradılır. Bir kontent bir anda ya linç edilə bilir, ya da dəstək yağışına tutulur. İnsanlar çirkili informasiyanın küyünə gedir, desək, doğru ifadə etmiş olarıq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər