PDF Oxu

MİA

  • 1 022

İnsan satanlar, əmək oğurlayanlar -GÜNƏ ÖZƏL

image

Müasir köləlik dövrümüzün ən geniş yayılmış insanlıq faciələrindən biridir. Qlobal Köləlik İndeksinin hesablamalarına görə, dünyada 50 milyondan çox insanı əhatə edən bu problem bir çox sənaye sahələrini və ölkələri əhatə edir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, təkcə məcburi əmək hər il 236 milyard dollar qanunsuz mənfəət əldə edir, resursları qanuni iqtisadiyyatlardan yayındırır və dövlətləri hüquq-mühafizə orqanlarına, səhiyyəyə və qurbanlara dəstək üçün hər qurban üçün 250.000 dollara qədər böyük xərclərlə yükləyir.

Beynəlxalq Köləliyin Ləğvi Günü hər il 2 dekabr tarixində qeyd edilən və BMT tərəfindən təsis olunmuş beynəlxalq gündür. 1949-cu il “İnsan alverinin və istismarının qarşısının alınması haqqında Konvensiya” məhz bu tarixdə qəbul edilib. Buna görə BMT bu günü rəsmi “Beynəlxalq Köləliyin Ləğvi Günü” (International Day for the Abolition of Slavery) elan edib.

Təkcə 2021-ci ildə dəyişən iqlim şərati ilə əlaqəli məcburi köçkünlük 23,7 milyondan çox insana təsir göstərib və bir çox insanı istismara və insan alverinə qurban edib. Müasir köləliyin davam etməsi mövcud yanaşmaların yetərsiz olduğunu, məsələnin qlobal və milli gündəmlərdəki önəmini ortaya qoyur. Rusiyanın tammiqyaslı müharibəsi Ukraynada insan alveri problemini daha da ağırlaşdırıb. Təsəvvür edin, 2025-ci ilin ilk altı ayında rəqəmlər 2024-cü ilin ümumi illik rəqəmlərini keçmişdi.

2017-ci ildə Birləşmiş Millətlər Təşkilatında Müasir Köləliyə Son Qoymaq üçün Fəaliyyətə Çağırış başladığı gün 90-dan çox ölkə ən böyük insan hüquqları probleminin aradan qaldırılması çağırışını imzaladı. Lakin son illərdə sanki bu məsələ siyasi gündəmdən düşüb, daha dünyanın ən böyük problemi əvvəlki qədər müzakirə edilmir. Bu böhranı effektiv şəkildə həll etmək üçün əvvəlki narahatlıq bərpa olunmalı və hər il milyonlarla insanı köləliyə sürükləyən səbəblər araşdırılmalıdır.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyinin Beynəlxalq Köləliyin Ləğvi Günü ilə bağlı yaydığı bəyanatda bildirilir: "Beynəlxalq Köləliyin Ləğvi Günündə keçmiş qurbanları, xüsusən də Afrikada əsir götürülmüş, qandallanmış və okeanın o tayında kölə kimi satılmış və ya yollarda həlak olmuş 15 milyondan çox kişi, qadın və uşağı xatırlayırıq. Onların köləliyinin cəmiyyətlərimizdə qoyduğu ağrılı izləri, o cümlədən nəsillər boyu davam edən bərabərsizlikləri və sistemli ədalətsizlikləri təəssüflə xatırlayırıq. Dünyada hazırda müasir köləlik formalarında yaşamaq məcburiyyətində olan təxminən 50 milyon insanı - onların çoxunun qadın və uşaq olmaqduğunu xatırladırıq- qorumaq üçün çalışırıq.

O cümlədən məcburi əmək və məcburi evlilik kimi insan hüquqları pozuntularının daha çox qurban tələb etməsinin qarşısını almaq çağırışımızı təkrarlayırıq. Müasir köləlik formaları həddindən artıq yoxsulluq, ayrı-seçkilik və ya ətraf mühitin pozulması ilə mübarizə aparan insanları ovlayan cinayətkar şəbəkələr, silahlı münaqişədən qaçan, miqrasiya edən insanları istismar edən insan alverçiləri tərəfindən davam etdirilir. Bu, insanların hüquqlarını və insanlıqlarını əlindən alır.

Hökumətlər, vətəndaş cəmiyyəti və həmkarlar ittifaqları bu böhrana birdəfəlik son qoymaq üçün birləşməlidirlər. Onlar ədalətli kompensasiya, reabilitasiya, təzminat, qurbanların və onların ailələrinin bir daha əziyyət çəkməyəcəyinə zəmanət verən çarə təmin etməlidirlər. Hamı üçün azadlıq, ləyaqət və ədalət üzərində qurulmuş bir dünya bizim ortaq məsuliyyətimizdir."

Dünyadakı bütün qurbanların təxminən 29 milyonu Asiya–Sakit Okean regionundadır ki, bu da qlobal göstəricinin 55–60%-i deməkdir. Bu zonada ən çox rast gəlinən köləlik formaları məcburi əmək və insan alveridir. Afrikada təxminən 8–9 milyon insan müasir köləlik nöpvlərinə məruz qalır. Bura uşaq əməyinin ən yüksək olduğu regionlardan biridir və əsas risk faktoru yoxsulluq, miqrasiya, silahlı münaqişələrdir.

Avropa və Mərkəzi Asiyada təxminən 4 milyon insan müasir köləliyə məcbur qalır. Buraya həm Avropa ölkələri, həm də postsovet məkanı daxildir. İnsan alveri, məcburi əmək, xüsusilə miqrant işçilər, seksual istismar yayılıb.

Yaxın Şərqdə, ərəb ölkələrində təxminən 3 milyon köləlik yaşayan insan var. Xüsusilə məişət işləri, tikinti sektorunda məcburi əmək risk qruplarıdır. Amerika qitəsində təxminən 3.4 milyon insan istismar edilir. ABŞ, Meksika və Braziliya ən çox köləlik hallarının qeydə alındığı ölkələrdir. Seksual istismar, kənd təsərrüfatı və məişət istismarı geniş yayılıb.

2025-ci ilin ümumi mənzərəsi, ən son qlobal qiymətləndirmələr göstərir ki, müasir köləlik ən çox Asiya–Sakit Okean regionundadır. Qadınlar və qızlar ümumi qurbanların təxminən 54%-ni təşkil edir, uşaqların payı bəzi regionlarda -Afrika, Cənubi Asiyada çox yüksəkdir. Müasir köləliyi yaradan səbəblərin başında duran əsas faktorlar müharibə, yoxsulluq və miqrasiyadır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.