PDF Oxu

Araşdırma

  • 2 695

2003-2013... Müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi"... 2003-2013

Sosial-iqtisadi intibah və sosial siyasətin təntənəsi...

image

"2013-cü ildə, eyni zamanda, maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Bu da mütəmadi qaydada həyata keçirilən məsələdir. Artıq burada qeyd olundu ki, Azərbaycanda orta maaş və orta pensiya artır. Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, yüksək səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir".

Prezident İlham Əliyev

Giriş: 2012-ci ili yüksək nailiyyətlərlə başa vuran Azərbaycan Respublikası yeni dönəmə qədəm qoyur. İnkişafının keyfiyyətcə daha yeni bir mərhələsinə adlayan dövlətimizin bu il ərzində də uğurlar qazanacağı heç kəsdə şübhə doğumur. Xüsusilə də, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasının ilk ilinin 2013-cü il olduğunu nəzərə alsaq, cəmiyyətimizin sosial-iqtisadi və ictimai-siyasi kontekstdə daha da irəliləyəcəyini əminliklə söyləmək olar. Həmçinin, sosiumun keyfiyyətcə yeni dəyərlər qazanması, hakimiyyətlə vətəndaşlar arasında konstruktiv dialoqun qurulması, insanlarda hakim elitaya münasibətdə möhkəm inamın formalaşması sözügedən uğurların davamlı olacağına da əminlik yaradır. Əlbəttə ki, perspektiv inkişafın konstant apriorunu təşkil edən, sosial-iqtisadi və siyasi təməl rolunu oynayan bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin (2003-2013) uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq. "Qızıl onillik" çərçivəsində Azərbaycanın sosial-iqtisadi intibahından yazırıq...

Azərbaycan hökumətinin iqtisadi inkişafın yeni mərhələsində həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətləri iqtisadiyyatın çoxvektorluluğu, maliyyə, valyuta və sosial sabitliyin gücləndirilməsi fonunda əhalinin pul gəlirlərinin artmasına, sosial yaşayış imkanlarının yaxşılaşmasına nail olmaqdan ibarətdir. Ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirmək bu siyasətin əsas bazislərindən biridir. İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşların gələcək keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra meyilləri tamamilə aradan qaldırmaq niyyətindədir. Bu məqsədlə son dövrlər sosial sektorda gücləndirilmiş tədbirlər, xüsusilə də, müəssisə və təşkilatlarda işləyənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təxirə salınmaz tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin böyük uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi sosial-iqtisadi siyasətin güclənməsi Azərbaycanda vətəndaşların yaşayış imkanlarının yaxşılaşmasına səbəb olmaqdadır. Son illərdə respublikamızda sürətlənən inkişaf dinamikası sosial sahədə özünü daha nəzərəçarpacaq şəkildə göstərir və ötən dövr ərzində iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib. İqtisadi və sosial sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqının artması sosial sahədə çalışanların vəziyyətinin daha da yaxşılaşmasına səbəb olub. Sosial islahatların miqyasının daha da genişlənməsi, ilk növbədə, əhalinin rifah halının yaxşılaşmasında öz təsirli nəticələrini göstəməkdədir. Ümumiyyətlə, ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 10 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox əməkhaqqı və pensiyaların artım dinamikasında hiss olunur. Belə ki, 2003-2013-cü (yanvar ayına olan statistika) illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 4,3 milyard manatdan 35 milyard manata qədər artıb. Bu, 8 dəfədən çox artım deməkdir. Orta pensiya və aylıq əmək haqları isə 5 dəfədən çox artıb. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib.

Son illər sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir.Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqları artırılır. Sosial rifah çoxkomponentli məzmun daşımaqla həm də formaca genişspektrlidir. Sosial yüksəlişin təkanverici faktoru kimi liberal islahatların məqsədyönlülüyünü və azad rəqabət şəraitində ölkədəki yaşayış imkanlarını yaxşılaşdıran sosial qrupların gəlir əldə etmək münasibliyini də xüsusi olaraq nəzərə almaq gərəkdir. Bu isə nəticə etibarilə yaxşı yaşayışın simvollarından biri olan orta təbəqənin formalaşması ilə sıx bağlıdır.

2003-2013-ci illər Azərbaycanda sosial sferada pozitiv dəyişikliklərin baş verməsi baxımından əlamətdar illər kimi qiymətləndirilə bilər. 2003-cü ildən başlayaraq iqtisadiyyatdı yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ölkənin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyillərini daha da sürətləndirdi, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Ümumiyyətlə, Prezident İlham Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdu və dövlət başçısı buna ötən illərin güclü sosial müdafiə konsepsiyasının uğurlu nəticələri ilə nail oduğunu təsdiq etmiş olur.

Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Eyni zamanda, qaçqın və məcburi köçkünlərlə bağlı siyasət Azərbaycan dövlətinin ali-strateji məqsədlərindən biridir. Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin normal yaşayışının, həyat şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir.

Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib. Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

Sosial siyasət paralel olaraq dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması ilə davam etdirilir. Bu siyasətin təzahürü 2013-cü ildə də özünü göstərməkdədir və yeni ildən yaşayış minimumunun, ehtiyac meyarının həddinin, əmək pensiyalarının sığorta hissəsinin artırılması bunun real təsdiqidir. 2013-cü ildən yaşayış minimumu ölkə üzrə 116 manat, ehtiyac meyarının həddi isə 93 manat məbləğində müəyyən olunub. Əmək pensiyalarının sığorta hissəsinin artırılması sayəsində orta pensiya məbləği təxminən, 15 faiz artmış olacaq.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətləri davamlı olaraq ölkəmizin maliyyə imkanlarının artması fonunda bütün sosial kateqoriyaların əməkhaqqı, müavinət və təqaüdlərinin artırılmasından ibarətdir. Bu sosial siyasətin təntənəsi modernləşmə modelinin alt qatını təşkil edir. Sosioiqtisadi modernləşmə prosesi həyatın bütün sahələrini əhatə etdiyi üçün onun əhatə dairəsi kompleks xarakter daşıyır və innovasiya təyinatlı iqtisadi strukturun formalaşması bütün siyasi-iqtisadi-sosial sferalarda təşəkkül tapacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər