PDF Oxu

Araşdırma

  • 2 215

RİA Novosti dünya erməniçiliyinin pərişanlığını ortaya qoydu

Yaxud ermənilərin arzusunu qələmə almış Vadim Dubnovun qərəzçiliyi Rusiya dövlətinin imicini zərbə altına qoyub

image

Məlum olduğu kimi, RİA Novosti agentliyinin siyasi şərhçisi Vadim Dubnov "Qarabağ 25 il tanınmamış qalmağa öyrəşib" başlıqlı məqalə yazıb. Məqaləni oxuyarkən, elə ilk cümlələrdən bəlli olur ki, RİA Novosti ermənilərin arzularını və türk dünyasının düşmənlərinin gələcək planları haqqında ilkin təsəvvür formalaşdıran fikirlər ortaya qoyub. Azərbaycan tarixinə zərbə sayılan, ərazilərimizin ilkin parçalanma nöqtəsi hesab edilən "Gülüstan" müqaviləsinin 200, Sumqayıt hadisələrinin 25 illiyinin qeyd olunması xüsusi məqam kimi diqqətə çatdırılıb. Məhz bu ştrixlər birbaşa olaraq, göstərir ki, RİA Novosti dünya erməniçiliyinin, erməni lobbisinin və əlbəttə ki, Rusiyadakı ermənipərəst qüvvələrin siyasi maraqlarına dəstək verib. Lakin tarixi faktlar ondan ibarətdir ki, ermənilərin bu gün dünya ictimaiyyətinə sırımağa cəhd göstərdiyi "tarix" əslində fərqlidir.

Tarixi həqiqətlər nəyi deyir?

Qeyd edək ki, XIX əvvəlində, Azərbaycan xanlıqlarının Rusiya İmperiyasının tərkibinə daxil olmasından əvvəlki dövrdə İrəvan xanlığının bir hissəsi olan müasir Ermənistan ərazisinin əhalisinin xeyli hissəsini azərbaycanlılar təşkil edib. Erməni tarixçisi Corc Burnutyanın yazdığına görə, XIX əsrin ilk rübündə İrəvan xanlığının əhalisinin 80 faizini müsəlmanlar təşkil edib, qalan 20 faizi isə xristianlar olub. Lakin 1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyasına birləşdiriləndən sonra azərbaycanlıların çoxu bu ərazini kütləvi şəkildə tərk edib, onların yerinə isə İrandan, sonra isə həm də Osmanlı İmperiyasından köçürülmüş ermənilər gəlib. Bu cür miqrasiya prosesləri XIX əsrin axırlarına qədər davam edib. 1832-ci ildə artıq İrəvan xanlığının ərazisində ermənilərin sayı artıq müsəlmanların sayından çox idi.

Brokqauz və Yefronun ensiklopediyasına görə, XX əsrin əvvəlində "demək olar ki, bütün rus Ermənistanında" azərbaycanlılar məskunlaşmışdı. İrəvan quberniyasında onların sayı təqribən 300 min nəfər və 37,5% təşkil edirdi. Quberniyanın yeddi qəzasından dördündə azərbaycanlıların sayı ermənilərdən çox idi, o cümlədən, İrəvan şəhərində azərbaycanlılar əhalinin 49 faizini təşkil edirdi.

1905-ci ildə bu regionda olmuş səyyah Luici Villari bildirir ki, İrəvanın azərbaycanlı əhalisi bütövlükdə ermənilərdən daha varlı idi, torpağın çox hissəsi onlara məxsus idi. 1905-1906-cı illərdə isə İrəvan quberniyası ermənilərlə azərbaycanlılar arasında toqquşma meydanı olub.

Rusiya İmperiyası dağılandan sonra 1918-ci ildə Azərbaycan və Ermənistan müstəqil respublikalar olanda gərginlik yenidən artıb. Daşnakçı Ermənistan Zəngəzurda və yuxarı Qarabağda Azərbaycan torpaqlarını ilhaq etməyə başlayıb. Osmanlı Türkiyəsindən olan köçkün erməniləri burada məskunlaşdırmaq məqsədilə Ermənistanın dinc azərbaycanlı əhalisini kütləvi şəkildə məhv etməyə və qovmağa başlayıblar. Amerikalı tarixçi F.Kazemzadə erməni tarixçisi A.Boryana istinadla bildirir ki, 1918-1920-ci illərin "müstəqil Ermənistan"ın daşnak hökuməti idarəçilik ehtiyacları üçün deyil, "müsəlman əhalini qovmaq və onların mülkiyyətini ələ keçirmək üçün" yaradılıb.

Əsrlər boyu Ermənistanda yaşamış azərbaycanlılar sovet dövründə planlı şəkildə diskriminasiyaya məruz qalır, sosial sıxıntılarla üzləşib. Nəticədə, ölkənin etnik mənzərəsində ciddi dəyişikliklər yaranıb. Buna baxmayaraq, XX əsrin sonlarında Qarabağ müharibəsinə qədər azərbaycanlılar Ermənistanın etnik azlıqları arasında ən çoxsaylı qrup kimi qalıb. Sovetləşmədən sonra Ermənistana qayıdan azərbaycanlılar nisbətən az olub: 1926-cı ilin siyahıyaalmasına görə, belə şəxslərin sayı cəmi 78 min olub. 1939-cu ilə qədər onların sayı artıq 131 minə çatıb.

1947-ci ildə SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul edib. Nəticədə, 100 minə yaxın azərbaycanlı "könüllü şəkildə" Azərbaycanın insan yaşamayan Muğan düzünə köçürülüb, əslində isə, deportasiya edilib. Sonrakı dörd ildə azərbaycanlılar Ermənistandan deportasiya edilib, öz yaşayış yerlərini xaricdən gələn erməni repatriantlara güzəşt etməli olub. 1959-cu ildə Ermənistanda azərbaycanlıların sayı təqribən iki dəfə azalaraq 107 min olub.

Bundan sonra Ermənistanda qalmış azərbaycanlıların Yerevandan və digər iri şəhərlərdən qovulması prosesi başlanıb. Yerevanda vaxtilə əhalinin əksəriyyətini təşkil edən azərbaycanlıların sayı 1979-cu ildə azalaraq 0,7 faizə, 1989-cu ildə isə 0,1 faizə düşüb.

Azərbaycanlıların Ermənistandan sıxışdırılması prosesi nisbətən süst formada da olsa XX əsrin 60-70-ci illərində də davam edirdi. O vaxt azərbaycanlıların mədəniyyət və təhsil müəssisələri, Azərbaycan dilində çıxan qəzetlər bağlanır, azərbaycanlı əhalinin savadlı hissəsi və Azərbaycan ziyalıları Ermənistandan çıxırdı. Bu proseslər nəticəsində 1987-ci ilə qədər Ermənistan SSR-in azərbaycanlı əhalisinin əksəriyyəti respublikanın yüksək dağlıq rayonlarında yaşayan kəndlilər idi. 1979-cu ildə əhalinin siyahıya alınması nəticələrinə görə, Ermənistanda azərbaycanlılar əhalinin cəmi 6,5 faizini təşkil edirdi, halbuki XX əsrin əvvəlində azərbaycanlılar Ermənistan əhalisinin 40-50 faizini təşkil edirdi.

Azərbaycanlıların Ermənistan SSR-dən tamamilə deportasiya edilməsi Qarabağ münaqişəsinin başlanması ilə əlaqədardır. 1987-1990-cı illərdə Ermənistan SSR-dən təqribən 200 min azərbaycanlı deportasiya edilib. Onların 4 mindən çoxu 1988-ci ilin fevral ayında baş vermiş Sumqayıt hadisələrindən əvvəl qovulub.

Lakin bundan bir neçə il əvvəl, 1983-cü il aprelin 24-də, Ermənistanda qondarma erməni soyqırımı qurbanlarının xatirə günündə gələcək faciəli hadisələrdən xəbər verən çox güclü həyəcan siqnalı səslənmişdi. İş burasındadır ki, 1965-ci ildən başlayaraq ittifaq rəhbərliyi erməni tərəfinin xahişi ilə hər il aprelin 24-də erməni "soyqırımı" günü ilə əlaqədar tədbirlər keçirilməsini bəyənmişdir. O vaxtdan hər il həmin gün mitinq-yürüşlər keçirilir, çox vaxt bu tədbirlər iğtişaşlara və Ermənistanın azərbaycanlı əhalisinin ünvanına hücumlara çevrilirdi. Həmin gün, 1983-cü il aprelin 24-də erməni ekstremistlər Masis (Zəngibasar) rayonunun mərkəzində azərbaycanlıların toy məclisinə soxulub və orada qırğın törədiblər. Masis rayonunda mitinq keçirən ermənilər gəlinin evinə soxulub və 4 nəfəri ağır yaralayıblar. Bundan əlavə onlarca adam xəsarət alıb.

"Elə həmin gün, 1983-cü il aprelin 24-də azərbaycanlıların qəbiristanlığı dağıdılıb. Ermənilərin bu vandalizm aktına etiraz əlaməti olaraq azərbaycanlılar Türkiyə sərhədində toplaşıb və Türkiyə ərazisinə keçmək tələbi ilə aksiya keçiriblər. Yalnız bundan sonra Ermənistanın Masis rayonunun rəhbərliyi qəbiristanın bərpa edilməsi barədə sərəncam verib və bu iş bir gecəyə görülüb.

Erməni millətçilər tərəfindən azərbaycanlıların ünvanına ilk hədələr 1986-cı ildə eşidilməyə başlanmışdır. O vaxt xaricdəki erməni diasporunun bəzi dairələrində Qarabağ məsələsi hələlik qeyri-rəsmi şəkildə qaldırılmışdı. Elə həmin il və növbəti, 1987-ci ildə Azərbaycanda əsasən Ermənistanın Qafan və Mehri rayonlarından olan qaçqınlar yaranmağa başlamışdı. 1986-1987-ci illərdə Azərbaycan SSR hökuməti Sumqayıtda və onun ətrafında məskunlaşdırılmış həmin qaçqınlar barəsində xüsusi qərarlar qəbul edir, lakin "xalqlar dostluğu" naminə bunu o qədər də açıqlamır.

SSRİ-nin rəhbəri Mixail Qorbaçovun müşaviri akademik Abel Aqanbeqyanın 1987-ci ildə Parisdə çıxan "Yumanite" qəzetində onun "DQMV-ni Ermənistanın tərkibində görmək" arzusu barədə bəyanatı Ermənistanda M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razı olması kimi qiymətləndirilib. Bu söhbətlər respublikada ildırım sürəti ilə yayılıb, bu da millətlərarası münaqişənin əsasını qoyub. Həmin qığılcım qısa müddətdə bütün Ermənistanda anti-Azərbaycan isteriyası yanğınına çevrilib.

Britaniyalı jurnalist Tom de Vaal yazır ki, 1987-ci ilin noyabr ayında erməni ekstremistlər Ermənistanın Qafan rayonundan olan azərbaycanlıları qovublar. Britaniyanın BBC şirkəti isə belə bir məlumat yayıb ki, 1988-ci il yanvarın 25-də azərbaycanlılar Ermənistanın Qafan rayonundan qovulur.

Şahidlərin sözlərinə görə, bu faciə Ermənistanın cənubunda, Mehri və Qafan rayonlarında azərbaycanlıların yığcam şəkildə yaşadığı kəndlərdə başlanıb. 1987-ci ilin noyabr ayında Bakı dəmiryol vağzalına iki yük vaqonu gəlmişdi. Həmin vaqonlar etnoslararası münaqişələr nəticəsində Qafandan qaçmağa məcbur olmuş azərbaycanlılarla dolu idi. Həmin hadisələrin şahidləri, o cümlədən, milliyyətcə erməni olan dul qalmış bakılı Sveta Paşayeva qaçqınların Bakıya necə gəlməsini görüb, onlara paltar və yemək aparıb.

Qafan rayon partiya komitəsinin ikinci katibi Aramais Babayan britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsində 1987-ci ilin noyabr ayında azərbaycanlıların Qafan rayonundan köçüb getməsi faktını inkar etməyib. Gördüyümüz kimi, azərbaycanlıların Ermənistan SSR-dən qovulması Qarabağ münaqişəsinin başlanmasından və Sumqayıt hadisələrindən xeyli əvvəl başlanıb.

1988-ci ilin fevralında bu deportasiya kampaniyasının mexanizmi tamamilə nizamlanıb və işə salınmağa hazır vəziyyətdə idi. O dövrdə Qafan rayon partiya komitəsinin ikinci katibi olmuş Aramais Babayan təsdiq etmişdi ki, 1988-ci ilin fevral ayında bir gecə iki min azərbaycanlı həqiqətən Qafan rayonunu tərk etmişdi. Lakin onun fikrincə, bu adamların kütləvi şəkildə rayonu tərk etməsinin səbəbi "şayiələr və provokasiyalar" olub.

1988-ci ilin fevral ayında Qarabağ ermənilərinin "yazıçı və rəssamlardan ibarət" üçüncü nümayəndə heyəti Moskvaya gəlmişdir. Bu vaxt Dağlıq Qarabağa on minə yaxın intibahnamə çatdırılmışdı. Həmin vərəqələrdə "miatsum" (Ermənistanın və DQMV-nin birləşdirilməsi) uğrunda mübarizəyə çağırış səslənirdi. Sonrakı bütün hadisələr elə əlaqələndirilmişdi ki, onların başlanması Qarabağ nümayəndə heyətinin Moskvadan qayıtması ilə eyni vaxta düşsün. Millətlərarası münaqişənin əsas təhrikçilərindən biri, Qarabağ hərəkatının fəal üzvü İqor Muradyan o günləri belə xatırlayır: "Fevralın 12-dən 13-nə keçən gecə bu vərəqələrin istisnasız olaraq hamısı Stepanakertdəki poçt qutularına atılmışdı. Artıq heç bir ciddi problemimiz yox idi. Hələ ayın 12-də gündüz başa düşmüşdük ki, şəhər bizimdir, çünkiı milis, hüquq-mühafizə orqanları, partiya işçiləri hamısı bizim yanımıza gəlib deyirdilər: "Bizə bel bağlaya bilərsiniz". Onlar DTK-nın niyyətləri, Bakıdan kimin gəlməsi, Moskvadan kimin gəlməsi barədə bizi məlumatlandırırdılar. Bizim hər cür məlumatımız vardır. Bizdən heç nəyi gizlətmirdilər".

1988-1991-ci illərdə Azərbaycan KP MK-nın katibi olmuş Ə.F.Daşdəmirov deyir: "1988-ci il fevralın 18-nə qədər vahimə atmosferinin kəskinləşməsi və zorakı hərəkətlər nəticəsində Ermənistanı tərk etməyə məcbur olmuş azərbaycanlıların sayı dörd min nəfəri keçmişdi".

Rusiyalı yazıçı-publisist Aleksandr Proxanov reportyor kimi Ermənistan-Azərbaycan münaqişəsini qızışdığı zonada dəfələrlə olub. O, həmin günləri xatırlayaraq yazır: "İnsanlar əsrlər boyu orada birgə yaşamışlar, lakin indi azərbaycanlıları həmin yerlərdən qovmağa başlamışlar. Bu günə qədər davam edən qanlı münaqişəni başlayan ermənilər olmuşdur. Qafandan qovulan azərbaycanlılar dağ aşırımlarından keçərək Azərbaycana üz tutmuşlar. Özü də qış vaxtı! Uşaqlar, qadınlar, qocalar yolda həlak olurdu. Qafan aşırımı bütün Azərbaycan xalqının qəlbində ağrı və nifrət hissləri ilə yadda qalmışdır. Qafandan qovulmuş azərbaycanlılar Sumqayıta gəlmiş, sonradan hamıya məlum olan Sumqayıt hadisələri burada baş vermişdir".

Rusiya Ədəbiyyatçılar İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü Aleksandr Sevastyanov deyir: "Erməni tərəfi qarşıdurmaya və müharibəyə daha yaxşı hazırlaşmışdır. Ermənilər daha qətiyyətli, "daha çevik, daha amansız hərəkət edirdi. Onların haqlı olmasına "tarixçilər" tərəfindən aşınılmış inam onlara kömək edirdi. Onlar çox tez, hələ 1987-ci ilin yayından özlərini güc tətbiq edilməsi ilə bağlı əməliyyatlara hazırlamağa başlamışdır. Çoxları bildirir ki, "Krunk" ("Durna") cəmiyyəti gizli "KRUNK" (Komitet Revolyusionnoqo Upravleniya Naqornoqo Karabaxa - Dağlıq Qarabağ İnqilabi İdarəetmə Komitəsi) təşkilatı ilə pərdələnmişdi. Azərbaycanın bu məsələyə münasibəti ilk vaxtlar özünü itirmiş, qəflətən yaxalanmış tərəfin münasibəti idi".

1988-ci ildə Ermənistan SSR-də aparılmış axırıncı etnik təmizləmələr nəticəsində bu respublikanın monoetnikləşdirilməsinin sonuncu fazası həyata keçirilmişdir. Nəticədə, Ermənistanda erməni əhalinin sayı ölkənin bütün əhalisinin 98-99 faizinə çatmışdı.

Demoqrafik xarakterli dəyişikliklər Ermənistan SSR ərazisində yaşayış məntəqələrinin adlarının və toponimlərinin total şəkildə dəyişdirilməsi ilə müşayiət olunurdu. 1924-cü ildən 1988-ci ilədək olan dövrdə Ermənistan SSR-də bütövlükdə təqribən 1000 toponimin adı dəyişdirilib.

Ermənistan dövlət daşınmaz əmlak kadastrının rəisi Manuk Vardanyanın sözlərinə görə, 2006-cı ildə daha 57 yaşayış məntəqəsinin, 2007-ci ildə respublikanın daha 21 yaşayış məntəqəsinin adı dəyişdirilib. Bu proses ona görə xeyli vaxt tələb edib ki, yeni adların seçilməsi ilə əlaqədar problemlər vardı.

Göründüyü kimi, rus və erməni mənbələrinə əsasən, deyə bilərik ki, tarixi faktlar ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləməni və ərazi iddialarını tam şəffaf olaraq, ortaya qoyur. Elə bu mənada əminliklə demək olar ki, RİA Novosti saytında yerləşdirilmiş yazı tarixi saxtalaşdırmaq baxımından zəif arqumentlidir və bu yazının siyasi xarakterli olduğunu dəqiq demək mümkündür.

Vadim Dubnov səfalət içində yaşayan Qarabağı ideallaşdırmağa cəhd göstərib

Qeyd etdiyimiz məqalədə Dağlaq Qarabağın səfalət içində yaşamasının pərdələnməsinə ciddi cəhd göstərildiyi aydın şəkildə görünür. Çünki son 19 ildə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda ciddi sosial-iqtisadi iflas müşahidə olunmaqdadır. Məhz bölgəni əhatə etmiş total böhran və epidemiya, yaşayışsızlıq ermənilərin həmin əraziləri kütləvi şəkildə tərk etməsinə səbəb olub. Qeyri-rəsmi məlumatlara görə, ötən 19 il ərzində on minlərlə insan Dağlıq Qarabağı tərk edib.

Elə Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər bu gün Sarkisyandan hesabat tələb edir ki, onun və havadarlarının Azərbaycana qarşı apardığı müharibə onlara nə qazandırdı: Yalnız səfalət və aclıq, yoxsa hansısa siyasi qüvvələrin maraqlarına xidmət edən münaqişə ocağı? Bu sualla daim Sarkisyana müraciət edən sadə ermənilər hətta erməni lobbisindən də üz döndənməyə başlayıb. Çünki erməni xalqı erməni lobbisinin Cənubi Qafqazdakı açıq havada gəzən məhbuslarına çevriliblər. Elə bu səbəbdəndir ki, RİA Novosti bu məqalə ilə Ermənistanda ictimai rəyi çaşdırmağa və erməniləri Sarkisyan ideayalarına inanmağa çağırış edib. Sayt iddia edir ki, guya Dağlıq Qaradağda kənd təsərrüfatı və tikinti sektorunda nəsə "irəliləyiş" var. Amma bu məqalə, konkret olaraq, erməniləri köçmək fikrindən daşındırmağa və dünya ictimaiyyətinin fikrilə manipulyasiya etməyə cəhddən başqa bir şey deyil.

Qarabağda ən çox suriyalı və livanlı ermənilər yaşayır

Əlbəttə ki, bu məqalənin bu günlərdə meydana çıxması da səbəbsiz deyildir. Çünki artıq bir müddətdir ki, erməni lobbisinin milyonları hesabına Suriyadan və Livandan səfalət içində yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsi prosesi reallaşdırılmaqdadır. Son məlumatlara görə, təkcə Laçın rayonuna Livandan və Suriyadan 2500 ailə köçürülüb. Lakin bu köçürmələr artıq partlaq verməyə başlayıb. Yəni həmin ailələr Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməyə başlanarkən, onlara iş, torpaq, ev və pul vəd edilmişdi. Amma işğal olunmuş torpaqlara "kabab iyi"nə gəlmiş ermənilər hansı dərəcədə aldandıqlarını anlamağa başladılar.

Bəli, qeyd etmək lazımdır ki, bu gün Dağlıq Qarabağda Suriyadan və Livandan köçürülmüş erməni əsilli ailələr üstünlük təşkil edirlər. Amma onlar da artıq ciddi şəkildə tələblər irəli sürməyə və Sarkisyan hakimiyyətini təşvişə salmağa başlayıblar. Bunun bir səbəbi də onunla bağlıdır ki, həmin köçürülmüş ailələrin üzvləri Afrikada qızıl və almaz şaxtalarında çalışan qullardan fərqli status qazanmayıblar. Məhz Dağlıq Qarabağda ucuz işçi qüvvəsinin olması üçün köçürülmüş bu ermənilər əslində bu bölgədə nə qədər acı həyatın yaşandığını bir daha əyani şəkildə görmüş olublar.

Erməni oliqarxları "boz zona"dan milyonlar qazanır

Etiraf edilməlidir ki, bu cür Dağlıq Qarabağ erməni oliqarxları, erməni lobbisi, Rusiyada yaşayan bəzi silah və narkotik baronları üçün bir "boz zona"dır. Onlar işğal olunmuş torpaqlarda qeyri-qanuni transmilli ticarət şəbəkəsi qurublar və bununla da çirkli pulların yuyulması prosesini həyata keçirilər. Eyni zamanda, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı zəngin qızıl yataqları bəzi xarici şirkətlərin dəstəyilə istismar edilməkdədir. Həmçinin, Dağlıq Qarabağın digər resursları da erməni oliqarxlarının milyonlar qazanmaq üçün gəlir mənbəyinə çevrilib.

Söylənilənlərdən əlavə olaraq qeyd etmək lazımdır ki, Ermənistan və Rusiya Dağlıq Qarabağ vasitəsilə qadağan olunmuş silahların satışını da həyata keçirirlər. Bir müddət öncə dünya ictimaiyyəti də bildi ki, Rusiya Dağlıq Qarabağda yerləşdirdiyi raket komplekslərini İrana satmışdı.

Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağ erməni elitası üçün heç də prinsip məsələsi deyil, sırf geosiyasi və maliyyə marağıdır.

Ermənistan Madrid prinsiplərin imtina edir

Vadim Dubkov məqaləsində digər bir mühüm məsələyə də toxunub. Müəllif qeyd edir ki, guya bu gün tərəflər, konkret olaraq, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan addımlar atır. Əslində isə, məqalə müəllifi ciddi-cəhdlə çalışıb ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləsin. Yəni, dəfələrlə münaqişənin həlli ilə bağlı aparılmış bütün danışıqlar prosesində konkret həll yolu ortada olsa da, ermənilər müxtəlif bəhanələrlə yayınmağa çalışıblar. Məsələn, Ter-Petrosyan 1997-ci ildə münaqişənin həllinə razılıq verdiyi zaman parlament gülləbaran edildi. Robert Köçəryan isə Fransada Rambüyedə çıxılmaz vəziyyətə düşəndə qarın ağrısı ilə danışıqlardan yayındı. Sarkisyan isə daim ya Medvedevin, ya da Putinin kürəyinin arxasında gizlənməklə danışıqları imitasiya edib. Məhz belə bir şəraitdə erməni siyasi elitası Dağlıq Qarabağ amilindən siyasi maraqlar üçün istifadə etdiyini açıq şəkildə ortaya qoyub.

Bu gün "Madrid prinsipləri" çərçivəsində tərəflər münaqişənin həllinə çox yaxınlaşıb. Hətta yol xəritəsinin də hazır olması onu göstərir ki, status-kvonun saxlanmasına lüzum olmadığı aydınlaşır. Anlaşılan odur ki, Sarkisyan rejimi çıxılmaz vəziyyətdədir və qərarın verilməsi vaxtıdır. Amma bir yolla mütləq prosesdən yayınma halı baş verməlidir. Bunu da RİA Novosti yayır ki, guya danışıqların pozulması prosesi gedir və bunun məsuliyyəti də Azərbaycanın boynundadır. Amma ortada olan mənzərə sübut edir ki, bu məqalədə yer alan fikirlər ermənilərin rusların diktəsilə danışıqlar prosesindən yayınmasına çağırış edir.

Əkrəm Naibov ermənilərin fəxri oğludur və ya düşmənçilik süni şəkildə dərinləşdirilir

Məqalədə diqqətdən yayınmayan məqamlardan biri də məhz son günlər ərzində erməni və rus mediasının qəhrəmanına çevrilmiş Əkrəm Naibovla və iki xalq arasındakı nifaqın süni şəkildə dərinləşdirilməsidir. Vadim Dubnovun yazdığı sətirləri oxuyarkən, elə başa düşülür ki, sanki Rusiyanın bəzi dairələri ermənilərlə azərbaycanlılar arasında düşmənçiliyin artmasında maraqlıdır. Əkrəm Naibovu misal kimi göstərən müəllif iddia edir ki, guya Azərbaycan cəmiyyəti "Daş yuxular" romanını sakit qbul etməli və hətta ona yüksək qiymət də verməli idi. Eyni zamanda, vurğunlanmalıdır ki, məqalədə ermənilərin fəxri oğlu kimi təqdim edilən Əkrəm Naibov faktoru növbəti dəfədir ki, Azərbaycana qarşı iftira amili kimi istifadə edildi. Bu isə onu göstərir ki, Əkrəm Naibov məsələsi bundan sonra da Azərbaycana təzyiq aləti kimi istifadə ediləcək.

Qeyd olunması vacib olan məqamlardan birini də Rusiya mətbuatının düşmənçiliyin dərinləşdiyini yazmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllinin qeyri-mümkünlüyünü iddia etməsidir. Bununla bir daha sübut olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Rusiyadakı dairələr istəmir.

Ermənilərin Xocalı aeroportu qorxusu

Məqalədə, həmçinin, ermənilərin Xocalı aeroportu ilə bağlı qorxusu da yer alıb. Rusiyalı jurnalist iddia etməyə çalışır ki, guya Xocalı aeroportu əvvəllər Azərbaycanın təhdidi üzündən humanitar məqsədlər üçün istifadə edilməyib və bu gün də edilmir. Amma məqsədi bəlli olan jurnalist anlamalıdır ki, elə Xocalı aeroportuna uçan vertolyotların ilk dəfə vurulmasını ermənilər həyata keçirib. Xoşbəxtlikdən həmin vaxt heç kəs həlak olmasa da, görünən odur ki, hələ münaqişənin ilk illərindən belə ermənilər Xocalını strateji hədəf hesab edirdi. Elə Xocalı soyqırımının da törədilməsi bu məqsəddən irəli gələn addım idi.

Qeyd edək ki, Xocalının strateji mövqedə - separatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi, Qarabağdakı yeganə aeroportun da burada olması onu ermənilərin strateji hədəfinə çevrirdi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərini narahat edirdi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi. Ermənistanın indiki prezidenti Ser Sarkisyan etiraf edib ki, Xocalı Qarabağı Ermənistanla birləşdirən yeganə hava məkanı idi: "Bilirsiz belə şeylər barədə yüksək səslə danışmazlar. Deyərlər ki, mümkündür. Mən də belə davranıram. Çünki Azərbaycanın keçmiş rəhbəri deyib ki, bunlar ermənilər yox, azərbaycanlıların özləri olub. Amma yenə mən deyirəm ki, həqiqət başqa cürdür. Hər halda, Xocalı bütün Qarabağı boğaza yığmışdı. Çünki bizi Ermənistanla birləşdirən aeroport orada idi".

Eyni zamanda, qeyd edilməlir ki, Ermənistan işğal altında saxladığı Xocalı aeroportundan istifadə etməsilə Azərbaycanı təhdid edir. Bu hava məkanı Azərbaycana məxsusdur. Ona görə də, aeropotun Ermənistan tərəfindən istifadəsi qeyri-qanunidir. Hazırda Ermənistanın addımları aeroportun işə salınmasına istiqamətlənib. Bu da aviasiya haqqqında beynəlxalq qanunların, xüsusilə də, beynəlxalq mülki aviasiya ilə bağlı Çikaqo konvensiyasının pozulması deməkdir.

Əlbəttə ki, Xocalı aeroportunun işə salınması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına da ciddi əngəl törədir. Ona görə də, Ermənistanın bu addımı konfliktin həllinə mane olan təxribat kimi qəbul edilməlidir. Çünki bu cür addımlar qarşılıqlı etimadı sual altına alır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) və Mülki Aviasiya üzrə Avropa Konfransı (ECAC) da bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir.

RİA Rusiyanın hegemonluğunu anlatmağa çalışır

Saytda yerləşdirilmiş yazıda aydın şəkildə sezilən məqamlardan birini də müəllifin Cənubi Qafqaz regionunda, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında əsas söz sahibi Rusiyanın olduğunu göstərməyə çalışmasıdır. Əlbəttə ki, RİA vasitəsilə Azərbaycana əzələ nümayiş etdirməyə çalışan Rusiyadakı bəzi dairələrin hegemonluq nümayişinə çıxması da son siyasi proseslərdən irəli gələn məsələdir. Yəni Azərbaycanın kifayət qədər müstəqil xarici siyasət yürütməsi, hansısa gücün təsir orbitinə daxil olmaması, xalqın milli maraqlarına uyğun layihələrdə iştirak etməsi və qərarlar verməsi bir çox dairələri narahat edir. Məhz həmin dairələrin sırasında Rusiyadakı müəyyən qüvvələr də dayanır. Ona görə də, Vadim Dubkovun qərəzçiliyi söylənilən kontekstdən də başadüşüləndir.

Rusiya ATƏT-in həmsədri kimi neytral mövqe tuturmu?

Aydındır ki, bu məqalənin RİA Novosti agentliyində dərc edilməsi sırf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində müəyyən narahatlıqlar yaradır. Çünki Rusiyanın münaqişənin həlli üzrə formalaşdırılmış ATƏT-in Minsk Qrupunun üzvü olması rəsmi Moskvanın üzərində böyük məsuliyyət qoyur, ondan neytrallığı tələb edir. Lakin Rusiyanın həm Ermənistanı silahlandırması, həm də Azərbaycana təzyiqlər etməsi ölkə ictimaiyyətində müəyyən suallar doğurur. Azərbaycan ictimaiyyəti bilmək istəyir ki, bu cür mövqe tutan Rusiya ATƏT-in Minsk Qrupunun üzvü kim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rolu oynaya bilər? Və ya Rusiyanın rəsmi agentliyi sayılan RİA Novostidə regionda gərginliyin artırılmasına hesablanmış məqalənin dərc edilməsini Rusiya nə cür izah edə bilər? Yaxud bu qədər açıq şəkildə təcavüzkar Ermənistanı müdafiə edən Rusiya münaqişənin ədalətli formada həll edilməsinə hanıs töhfəni verə bilər? Bu cür suallar çoxdur və Azərbaycan ictimaiyyəti Rusiyadan onlara cavab istəyir. Çünki iki ölkə arasındakı əməkdaşlığın ruhu son proseslərə uyğun deyil.

Qarabağ Azərbaycanın tarixi torpağıdır və heç zaman müstəqillik qazanmayacaq

Məqalədə son məqam isə Dağlıq Qarabağın perspektivi və bugünkü reallığı ilə bağlıdır. Belə ki, müəllif təəssüf hissilə bildirir ki, ötən 25 il ərzində Dağlıq Qarabağ tanınmamış olaraq qaldı. Bu fikirlər, əlbəttə ki, reallıqla barışmış ümidsiz birisinin mövqeyidir. Müəllif nəzərə almalıdır ki, ötən illər ərzində Azərbaycan beynəlxalq mövqeyini ciddi şəkildə möhkəmləndirib. Rəsmi Bakının səsi artıq BMT TŞ-dən gəlir, beynəlxalq ictimaiyyət isə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycanın nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, hətta Ermənistan belə Dağlıq Qarabağı tanımağa cürət etmir. Ona görə də, Vadim Dubkov bu yazını yazdırmış qüvvələr anlamalıdır ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və heç zaman müstəqillik qazanmayacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər