"Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. Həmçinin 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnamda səfərdə olub. Bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. 2014-cü ildə Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib. 2015-ci ildə Prezident Çıonq Tan Şanqın ölkəmizə səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi gözlənilən idi: "Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu gün Azərbaycan və Vyetnam neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı ölkə başçısının Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetmnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib. Bu gün Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir".