PDF Oxu

Araşdırma

  • 7 729

Siyasət və əxlaq əlaqəsinin "anatomiyası"

image

Bu qısa məqalə çərçivəsində tarixi mövzu olan siyasət və əxlaq əlaqəsinin mahiyyətini və funksional rolunu bəzi arqumentlərlə təhlil etməyə çalışacam. Əxlaq və siyasət əlaqəsinin arxa planını bilmədən müasir beynəlxalq münasibətlərdə və siyasətdə həyata keçirilən siyasi gedişləri anlamaq çətindir. İlkin olaraq onu qeyd etməliyəm ki, məhz müasir dövrdə beynəlxalq münasibətlərdən tutmuş, iqtisadiyyat, təhsil, ekologiya və digər sahələrdə əxlaqi vəziyyət mövcuddur. Belə ki, həyatın bütün sahələrində ifrat praqmatik baxış tərzi fərd və cəmiyyət həyatına parçalayıcı təsir göstərir. Xüsusilə müasir siyasətdə ədalət və etik normaların ikili, "üçlü" və hətta "beşli" standartlar çərçivəsində geri atılması ciddi problemlərə səbəb olur.

Klassik paradiqma

Siyasət və əxlaq əlaqəsi klassik paradiqmada özünəməxsus şəkildə təqdim olunur. Klassik paradiqmaya müvafiq olaraq siyasi davranışların əxlaqi prinsiplərdən asılı olmadan ələ alınması qəbuledilməzdir. Bu mənada əxlaqlı insan ilə fəzilətli cəmiyyətin təbii olaraq bir-birləri ilə qarşılıqlı münasibətdə olduğu ifadə edilir. Buna görə də klassik siyasət filosofları "Ən yaxşı ictimai sistem nədir" sualına siyasət fəlsəfəsinin əsas problemi olaraq baxmışdılar.

Klassik fəlsəfi düşüncədə əxlaq ilə siyasət bir-birindən müstəqil şəkildə ayrılmamış və inkişaf etməmişdir. Karl Otto Apelin də qeyd etdiyi kimi bu ayrılma renesans fəlsəfəsi ilə başlamışdır. Məhz Rene Dekartla başlayan yeni fəlsəfi anlayış, xüsusilə Nikkolo Makiavellinin siyasət fəlsəfsinə dair görüşləri nəticəsində əxlaq və siyasət sahəsindən uzaqlaşdırılmışdır. Xüsusilə, XVIII əsrdə Qərb düşüncəsində meydana gələn pozitivizm cərəyanı, dəyərlərin xaricdə tutularaq humanitar elmlərdə də təbiət elmlərinin nəzəriyyə və prinsiplərinin mənimsənilməsinin labüd olduğunu irəli sürmüşdür. Bu baxımdan əxlaq ilə siyasətin ayrılma prosesi başlamışdır. Bu mənada klassik siyasət fəlsəfəsinin əksinə norma və dəyərləri praqmatik hala gətirən modern fəlsəfə siyasəti etik bir məsələ olmaqdan çıxararaq davranışı deyil, subyekti ön plana almışdır. Təsadüfi deyil ki, müasir siyasətşünaslığın qurucusu Nikkolo Makiavelli siyasəti "əxlaqın xaricində" olan faktorlara bağlamışdır.

Yeri gəlmişkən qeyd etməliyəm ki, əxlaq normativ sahənin, siyasət isə hər an dəyişə bilən strateji məqsədlərin tətbiq sahəsi olaraq qəbul edilmişdir. Bu mənada siyasətin əsas məfhumu "mənfəət"dir. Bu anlayış eyni zamanda praqmatik fəlsəfi baxış tərzi ilə də üst-üstə düşür. Əxlaqi normativ qaydalarda isə əsas məfhum "vəzifə" məfhumudur. Bu vəzifə məfhumu məsuliyyət məfhumunu da ehtiva edir. Bu kontekstdə siyasətlə əxlaqın ehtiva etdikləri məfhumlar baxımından fərqli olduğunu görürük. Məhz modern siyasət fəlsəfəsində də belə bir fərqin problem təşkil etdiyi çox vurğulanır. Beləki post-modern dediyimiz bəzi filosoflar xüsusilə belə bir fərqin saxta olduğunu, siyasət sahəsində də etik qaydaların bu və ya digər baxımdan tətbiq oluna biləcəyini iddia edirlər.

Mövzu ilə bağlı son təhlillər onu göstərir ki, əxlaqi normativ qaydalarsız siyasətin tətbiqi mümkün deyildir. Çünki bu zaman məsuliyyət problemi ortaya çıxır. Məhz siyasət sahəsində ziddiyyətlərin və konfliktlərin də meydana gəlməsi normativ etik qaydalar və dəyərlər nəticəsindədir. Bu normativ qaydalar və dəyərlər nəticəsində bir-birləri ilə barışmaz mövqelər ortaya çıxır və nəticədə uzlaşma və ya bir-birini rədd etmə məsələsi yaranır. Kanta görə "qaydanı tətbiq etməyin qaydası yoxdur". Bu görüşə istinad edərək qeyd edə bilərik ki, əxlaq qaydalar sistemidir. Siyasət isə bu qaydaların tətbiq olunma sahəsidir. Məhz bu tətbiq zamanı problemlər və ziddiyyətli görüşlər meydana gələ bilər. Bu mənada siyasətin təbiəti və mahiyyəti də bu konfliktlərin həll edilməsinə yönəldilib. Belə ki, hər hansı bir siyasi qərarın eyni zamanda dəyərə istinad edən, özünü normativ qaydalarla haqlı çıxara biləcək arqumentləri ola bilər. Nəticədə əxlaq və siyasət əlaqəsi zaman, məkan və anlayışlar müxtəlifliyinə görə fərqli tərzlərdə təzahür edir.

Digər tərəfdən günümüzdə siyasətdə əxlaqi normaların aşınma hallarına tez-tez rast gəlmək mümkündür. Xüsusilə Yaxın və Orta Şərqdə cərəyan edən hadisələr bunun bariz nümunələrini təşkil edir. Sözdə demokratiya və inkişaf naminə qlobal güclü dövlətlər tərəfindən bu coğrafiyadakı bəzi ölkələrin işğal edilməsi bunun sübutudur. Məsələn, Beynəlxalq Aministiya Təşkilatı və BMT-nin qəbul etdiyi qətnamələrdə ABŞ-ın yaratdığı Quantanamo həbsxanası həm hüquqi, həm də etik cəhətdən insan hüquqlarının pozulması kimi qəbul edilir. Yeri gəlmişkən qeyd etməliyəm ki, son vaxtlarda ciddi kütləvi etirazlara baxmayaraq Fransada eynicinsli nikah qanununun qəbul edilməsi də ictimai əxlaqi kodekslərin diqqətə alınmaması mənasına gəlir. Bütün bu və digər nümunələr onu göstərir ki, müasir beynəlxalq münasibətlərdə və siyasətdə etik normaların ədalət kateqoriyası çərçivəsində tətbiq olunmaması qlobal arenada həm fərdi, həm də ictimai təhlükələrə səbəb olacaqdır.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər