PDF Oxu

Araşdırma

  • 5 077

ABŞ-Rusiya-Çin: "böyük üçlüyün" Mərkəzi Asiya savaşı

image

KİV-də dünyanın böyük dövlətlərinin geosiyasi mübarizəsinin yeni səviyyəyə qalxdığı haqda analitik yazılar dərc edilir. Əsasən, Mərkəzi Asiya istiqamətində onların daha fəal olduğu vurğulanır. Lakin ABŞ, Rusiya və Çin fərqli əməkdaşlıq modelləri təklif edirlər. Onlardan hansının uğurlu olacağı haqqında qəti fikir söyləmək xeyli çətindir. Mübarizə isə getdikcə daha gərgin xarakter alır.

Üç inteqrasiya modeli

Didye Şode Fransanın "Le Huffington Post" nəşrində vurğulayırdı ki, Avropa siyasi düşüncəsi üçün Yaxın Şərq regionundan kənarda da aktual geosiyasi problemlərin mövcudluğunu qəbul etmək çətindir. Bu, ciddi səhvdir. Təcrübə göstərir ki, böyük dövlətlər dünya miqyasında öz maraqlarını təmin edən siyasi kurs həyata keçirirlər və burada Mərkəzi Asiya əsas yerlərdən birini tutur. Fransız ekspert bu fikirləri sözgəlişi ifadə etməyib. O, həmin regionda ABŞ, Rusiya və Çinin son zamanlar atdığı addımları təhlil edərək bu qənaətə gəlib (bax: Didğe Şode. Kitayskaə politika v Sredney Azii: kak reaqiruöt Zapad i Moskva? / "İnosmi.ru", 29 sentyabr 2013).

Reallıqda Mərkəzi Asiyada böyük dövlətlərin geosiyasi mübarizəsi mürəkkəb diplomatik gedişləri və çoxistiqamətli siyasəti özündə birləşdirir. Onların fəaliyyəti, əslində, daha geniş məkanı əhatə edir. Konkret olaraq, Rusiya, Çin və Birləşmiş Ştatlar Mərkəzi Asiya regionuna geosiyasi aspektdə Transatlantik məkan kontekstində qiymət verirlər. Onun tərkibində Avrasiyanın geosiyasi özəllikləri xüsusi yer tutur. Nəhayət, bunlardan sonra Mərkəzi Asiya postsovet məkanının mühüm bir parçası kimi nəzərdən keçirilir (bax: məs., Plamen Dimitrov. Srednəə Aziə i Kavkaz: Mejdu Rossiey i SŞA / "Üentr Politiçeskix Gkspertiz", 12 iyun 2003).

Analitiklərin qənaətinə görə, indi həmin regionda inteqrasiya məsələləri daha çox əhəmiyyət kəsb edir. Konkret olaraq, Amerika, Rusiya və Çin öz modellərini reallaşdırmağa çalışırlar. Burada diqqəti çəkən əsas məqam budur ki, hər üç böyük dövlətin Mərkəzi Asiyanı parçalamaq deyil, vahid sosial-iqtisadi, mədəni və geosiyasi məkan halına gətirmək məqsədləri mövcuddur.

Bu, özlüyündə müsbət haldır. Narahatlıq doğuran onların bir-birindən fərqli inteqrasiya modeli həyata keçirməsidir. Hətta arada olan fikir ayrılıqları bəzi məqamlarda o dərəcəyə çatır ki, ixtilafların meydana gəlməsi təhlükəsi özünü göstərir.

Həmin kontekstə ekspertlərin Vaşinqton və İstanbulda Mərkəzi Asiyada inteqrasiyanın perspektivini müzakirə etməsi böyük maraq doğurur (bax: Maylz Smit. SŞA: Politiki i strateqi obsujdaöt perspektivı inteqraüii v Üentralğnoy Azii / "EurasiaNet", 4 noyabr 2013). Düşündürücüdür ki, tədbir iştirakçıları bu məsələdə Amerikanın siyasi dairələrinin aparıcı hissəsi ilə praktiki fəaliyyət göstərən orta təbəqə funksionerlər arasında mövqe fərqliliyinin mövcud olduğu qənaətinə gəliblər.

Belə ki, Mərkəzi Asiyada fəaliyyət göstərən amerikalı diplomatlar və iş adamları Vaşinqtonun regionda səmərəli fəaliyyət göstərdiyinə şübhə ilə yanaşıblar. Xarici siyasəti formalaşdıran mütəxəssislər isə "Yeni İpək yolu" kimi inteqrasiyaedici strateji mahiyyətli planlardan danışıblar. Vaşinqtondakı tədbirdə Pentaqonun nümayəndəsi Ceyms Bullionun bir məlumatı iştirakçıları təəccübləndirib. O, regionda biznes və sabitlik məsələləri ilə məşğul olan Çevik qrupun mandatının 2014-cü ildə başa çatdığını deyib. Bunu ekspertlər ABŞ-ın regionla bağlı aydın strategiyasının olmaması kimi qiymətləndiriblər.

Səbəb ondan ibarətdir ki, NATO əsgərləri məhz həmin il Əfqanıstandan çıxarılmalıdırlar. Deməli, Vaşinqton bundan sonra Mərkəzi Asiyada fəal olmaq niyyətində deyil. Təsadüfi deyil ki, Hollinqs Mərkəzinin İstanbulda təşkil olunan tədbirində Mərkəzi Asiyada əməkdaşlığın geniş perspektivi ilə bağlı şübhələr ifadə edilib. Diskussiya iştirakçılarından biri vurğulayıb ki, "Üç böyük gücün hər biri – Rusiya, ABŞ və Çin, regionda rəqabət xarakterli regional inteqrasiya modeli təklif edirlər, ancaq bir çox hallarda onların maraq və niyyətləri köklü surətdə bir-birindən fərqlənir" (bax: əvvəlki mənbəyə).

Nüfuz uğrunda savaş: rəqabət güclənir

Amerikanın bu cür mövqeyi Rusiya və Çinin regionda fəallıqlarının daha da artması fonunda düşündürücü görünür. Çin Mərkəzi Asiyaya daha böyük miqdarda maliyyə yatırımları qoyur. Məsələn, Pekin 2015-ci ildə Qazaxıstanla ticarət dövriyyəsini 40 milyard ABŞ dollarına qədər artırmaq niyyətindədir. Nəzərə alsaq ki, hazırda bu göstərici 25 milyarddır, qısa müddətdə əlavə 14 milyard dolların tapılmasını ekspertlər "fədakarlıq" kimi qiymətləndirirlər (bax: Kitayskie üeli v Üentralğnoy Azii / "CentrAsia.ru", 12 noyabr 2013).

Çin rəhbərliyi öz strateji məqsədlərinə çatmaq üçün böyük həcmdə maliyyə sərf etməyə hazırdır. Son zamanlarda uyğur məsələsinin kəskinləşməsi ilə rəsmi Pekin Mərkəzi Asiyada daha konkret planlar həyata keçirməyə çalışır. Bir tərəfdən, region dövlətləri ilə əlaqələrini genişləndirir, digər tərəfdən isə, ehtimal edilən terrora qarşı tədbirlərini görür (bax: Vladislav Quleviç. Uyqurskiy vopros dlə Kitaə / "Mejdunarodnaə Jiznğ", 6 noyabr 2013). Həmin kontekstdə Amerikanın Əfqanıstandan qoşunlarını çıxarması arxasında gizli məqamların ola biləcəyi ehtimalını istisna etmirlər.

Lakin Pekin üçün məsələ yalnız ABŞ-ın "strateji tələləri" ilə məhdudlaşmır. KİV Rusiyanın Çini qıcıqlandırmadan həyata keçirdiyi bəzi geosiyasi planlardan yazır.

Zakari Kek Yaponiyanın "The Diplomat" jurnalında dərc olunan məqaləsinə "Rusiya Çini mühasirəyə almaqla özünü sığortalayır" başlığını seçib (bax: Zachary Keck. To Hedge Its Bets, Russia Is Encircling China / "The Diplomat", 5 noyabr 2013).

Kreml Yaponiya, Vyetnam, Şimali Koreya, Cənubi Koreya və Hindistanla əlaqələrini yeni səviyyəyə qaldırmaq istiqamətində ciddi addımlar atır. Bu ölkələrin hər biri ilə iqtisadi, enerji və hərbi sahədə əməkdaşlığı inkişaf etdirir. V.Putin və D.Medvedevin Uzaq Şərq ölkələrinə səfərləri zamanı bir çox sazişlər imzalanıb. Tokioda "2+2" formulu ilə Rusiya-Yaponiya danışıqlarının aparılmasını tarixi hadisə kimi təqdim edirlər. V.Putin Vyetnamla bir neçə əməkdaşlıq müqaviləsi imzalaya bildi. Bundan başqa, Moskva Şimali Koreyanın SSRİ dövründən qalan milyard dollarla borcunun böyük hissəsini bağışlayıb. Qalan 1 milyard dollar borcu Pxenyan 20 il müddətinə ödəyə bilər. Tərəflər iki ölkə arasında dəmiryolu xəttinin çəkilməsi haqqında razılığa gəliblər.

Rusiya Cənubi Koreya və Hindistanla da əlaqələri genişləndirməkdədir. Seulla ticarət dövriyyəsi 25 milyard ABŞ dolları həcmindədir ki, onu daha 3 faiz artırmaq haqqında razılığa gəlinib (bax: əvvəlki mənbəyə). Hindistan-Rusiya əməkdaşlığı istiqamətində yeni addımlar atılır. Burada, əsasən, hərbi texnika və gəmi istehsalı sahələrində işbirliyi məsələsi müzakirə edilir.

Onu deyək ki, bütün bunlar Moskvaya Pekinlə də əməkdaşlığı inkişaf etdirməyə mane olmur. İki ölkə arasında ticarət dövriyyəsi hazırda 90 milyard ABŞ dollarına yaxındırsa, 2015-ci ildə bu rəqəmi 100 milyarda çatdırmaq məqsədi qarşıya qoyulub.

Rusiyanın atdığı addımlar özlüyündə Çinin ətrafında yerləşən ölkələrdə Moskvanın mövqeyinin möhkəmlənməsi deməkdir. Müəyyən mənada bu, Pekinin Mərkəzi Asiyadakı fəallığına cavabdır. Belə görünür ki, Çin Rusiya sərhədləri yaxınlığında öz geosiyasi nüfuzunu, əsasən, iqtisadi-maliyyə faktorları ilə möhkəmləndirirsə, Kreml Çin sərhədləri ətrafında yerləşən ölkələrdə əsas olaraq hərbi-nəqliyyat infrastrukturu yaradır. Bu üsullardan hansının daha səmərəli olduğunu zaman göstərəcəkdir.

Beləliklə, ABŞ, Rusiya və Çinin Mərkəzi Asiyada geosiyasi nüfuz uğrunda mübarizəsi məzmunca yeni səviyyəyə qalxıb. Burada çoxlu sayda faktorları nəzərə almaq lazım gəlir. Hazırkı mərhələdə regionda Moskva və Pekinin daha fəal olduğu təəssüratı yaranır. Lakin uzaq strategiyada hansı ölkənin şansının çox olması haqqında tələsik fikir söyləmək risklidir. Vaşinqton dünyanın ən güclü dövləti kimi sürprizlər edə bilər.

Newtimes.az

Digər xəbərlər