Şükürlər olsun ki, bu günləri də gördük. Ölmədik, qaldıq, yaşadıq, bu günləri də gördük. Həqiqətən adam özünü o qədər xoşbəxt hiss edir ki.... Bu xoşbəxtliyi ifadə etməyə söz tapa bilmir. Çox şükürlər olsun, çox-çox şükürlər olsun. Dünyamıza, həyatımıza, yaşayışımıza, müasirliyimizə, gəlib çatdığımız günlərə. Vallah bu günlərin qədrini bilməliyik. Yoxsa burnumuzdan gəlib tökülər. Bilməliyik ki, belə dövran olmayıb ey, dünya binə olandan. Belə isə niyə qədrini bilməyək ki?Hə, ölmədik, qaldıq, pişiklərə də ad günü keçirilməsinin şahidi, hətta iştirakçısı, tamaşaçısı olduq. Çox güman ki, həmin o ad günü keçirən insanlara yaxın olsaydıq, doğum günü qeyd edilən Mosunun tortundan yemək bizə də nəsib-qismət olardı.Nə etməli, bəxtimizdən küsək. Olmamışıq da onlara qohum, qonşu, yaxın. Mosunun ad gününü izlədim “Tik tok”da. Xəyalıma nələr, nələr gəldi. Nə deyim sənə, ay Mosu, mənə nələri xatırlatdın. Allah canını sağ eləsin. Bu xatirələrdən danışmasam, olmayacaq. Bir-ikisini danışım qoy. Düzdür, bəlkə də Mosunun bu doğum günü sonrası, hələ də o gözəl tortun, ağırlanma-əzizlənmələrin təəssüratı ilə yaşadığı bir vaxtda mənim xatirələrimi dilə gətirməyim yersiz olsa da, amma danışacağam. Bağışlasın gərək məni Mosu.O günləri küçə ilə gedirdim, qarşıda da bir ana, yanında da iki uşaq gedirdilər. Bir də gördüm ki, uşaqlardan biri dayanıb. Ana nə qədər edir bu uşağı çəkib apara bilmir. Elə bil uşağın ayaqları yerə kilidlənmişdi. Mən də bunlara tamaşa edirəm, bilmək istəyirəm görüm nə olub axı. Baxıram ki, uşaq yaxınlıqda satılan kartof qutabından istəyir, “al da, ay ana, nə olar, al da”,- deyir, dəfələrlə təkrar edir. Ana isə sanki bu sözləri eşitmir. Gəl gedək, oğlum, alarıq. Sadəcə bu sözlər və dəfələrlə təkrarlanan yenə bu sözlər...Vallah, mətləb mənə gün kimi aydın oldu. Amma risk edib yaxınlaşıb uşağa qutab ala bilmədim. Çünki anasının bunu nə cür qəbul edəcəyindən çəkindim. Həm də küçənin ortasında. Amma düz evə qədər ağlaya-ağlaya getdim.Hə, Mosu, sənə nə deyim, ad günün mənə nələri xatırlatmadı... Bir tanışım var. Bu yaxınlarda uşağının ad günü olacaqdı. Uşaq bəlkə də bir ay əvvəldən dayanmadan-durmadan “gələn ayın filan tarixində ad günüm olacaq”,- deyirdi. Hər dəfə də anasından “ana, mənə tort alacaqsan, hə”,-deyə soruşurdu. Anası da, “baxarıq”,- dedikcə uşaq bunun heç də onu qane etməyən cavab olduğu üçün yenə də sualını təkrarlayırdı: ana tort alacaqsan mənə? Bəlkə on dəfə təkrarlayırdı.Mətləb aydındır. Daha sonra nə olduğunu söyləməyin yersiz olduğunu düşünürəm və söyləmirəm.Hə, Mosu, uzun ömürlü olasan. Ad günün, tortun nələri xatırlatmadı mənə... Bir qonşum vardı. Təzə köçmüşdülər binaya. Necə deyərlər, qapı bir qonşu idik. Yaxşı qadın idi. Bir gün söhbət əsnasında məlum oldu ki, sabah onun ad günüdür. Mən də ona tort almağı düşündüm və aldım, apardım. O, tortu görəndə başladı ağlamağa. Sözün həqiqi mənasında, çox pis oldum. Bir anlığa nə üçün ağladığını düşünməkdən və min səbəb ağlıma gətirməkdən başqa çarəm olmadı. O isə ağlamağa davam edirdi. Qaldım belə. Nə edim, sadəcə baxıram, öz-özümə deyirəm ki, görək axırı nə olur.Bir xeyli ağladı, sonra gözünün yaşını sildi, ayağa qalxdı, məni qucaqladı və dedi ki, bu gün 35 yaşım tamam olur. İlk dəfədir ki, ad günü tortum olur. Bu dəfə mən ondan da pis kövrəldim. Amma görməsin deyə göz yaşlarımı bayıra deyil, içəriyə axıtmalı oldum.Ölməyəsən səni, Mosu. Kövrəltdin yenə məni. Xatirələrim bir yana qalsın, hələ bu saatlarda, dəqiqələrdə, anlarda minlərlə ehtiyaclı, illərlə tortun nə dadda olduğunu bilməyən uşaqları gözlərim önünə gətirdim sayəndə. Kaşki hamımız bunları çox tez-tez düşünə bilərdik. Kaşki` imkansızlıq ucbatından övladına tort, şirniyyat nədir, çörək ala bilməyən insanları, uşaqları qarşısında gözükölgəli ata-anaları tez-tez xatırlaya bilərdik. Uşaq evlərində bəlkə də, yox, bəlkəsiz ad günləri qeyd olunmayan uşaqları bir anlıq xəyalımızdan keçirə bilərdik.Çox sağ ol, Mosu. Sayəndə bunları xatırlaya bildim. Ümidvaram ki, yenə də sayəndə bu yazını oxuyandan sonra mənim kimi, bəzi məqamları xatırlayanlar olacaq.Əziz Mosu, sən də pişiklərin xoşbəxtisən. Bu günlərin qədrini bil. Tay-tuşların küçələrdə soyuğun qabağında o tinə, bu tinə sığınır. Yanından ötən insanların əl-ayağına dolaşır ki, bəlkə insafa gəlib onlara bir doyumluq yemək verərlər.Bu günlərinin qədrini bil, Mosu. Sənə də, sahibinə də halal olsun ki, ölmədən belə bir hadisə ilə qarşılaşdırdı bizi. Düşüncənin, insanlığın, müasirliyin məhsulu olan hadisə...
Mətanət Məmmədova