Saqqız deyəndə ilk ağıla gələn nədir, uşaqların başını aldatmaq üçün onlara aldığımız şəkərli şirniyyat növü... Əslində saqqız uşaqlar üçün təhlükəlidir, lakin bunu hələ də aralarımızda dərk etməyənlər var...
Saqqız həm də sağlamlığa zərərlidir. Çünki salırıq ağzımıza, ta çıxarmaq bilmirik. Çeynəyirik-çeynəyirik, yemək-filan yeyəndə çıxarıb bir yerə yapışdırırıq, sonra yenidən ağzımıza qoyuruq. Şirəsi də gedir, dadı da gedir, halı da gedir, lakin əl çəkmirik. Gözləyirik ki, ağzımızda çürüsün, sonra bəlkə ondan əl çəkək.

Çürümək dedim, sözü saqqız çürütmək məsələsi yadıma düşdü. Bizdə bəzi adamlar var ki, ağzına bir söz düşdümü, çürütməyincə əl çəkmir. Allah saxlasın elə adamlardan ki, onların ağzına düşəsən. Ta saqqız kimi çürütməyənədək əl çəkməzlər. Məsələn, biri ilə sözün olur, səni görcək, başlayır söz atmağa ki, cavab verəsən, başlasın həmin sözü çürtməyə. Sən də ağıllı sıxıb cavab verməsən, içindən qırıla-qırıla qalır. Onun özü ağılda olanda isə, ta bu söz çürümək bilmir. Uşaq vaxtı bir bitki vardı, onun sıxırdıq, südü axırdı, ondan saqqız düzəldirdik, adı da murçalıq idi. Murçalığın bir xüsusiyyəti vardı ki, o biri saqqızlar kimi xarab olmurdu, ömrü uzun idi. Bax elə çürümək bilməyən sözlər də elə murçalığa bənzəyir.

Hə, bizdə bir də çürüyə bilən söhbətlər var. Məsələn, qonşu oğlanın gözü qonşu qıza düşür, başlayır sevməyə, bir gün gedir anasına deyir ki, ay ana, ta bu sözü çürüdün getsin də. Ana da şalını salır başına, yollanır qız evinə söhbəti açır, növbəti dəfə kişi elçilər gedir söhbəti çürüdür.
Bir də bizdə qır saqqız deyilən bir saqqız növü var ki, qara rəngdə olur, nə dadı, nə tamı olur. Rezin kimi dartılır, çürümək bilmir. Məsələn, həmin qır saqqızına bizim müxalifəti nümunə gətirmək olar. Düz 30 il əvvəldən bunlar qır saqqız olublar. Nə mənada? Mən deyim, siz də dinləyin. O vaxtlar bunlar bir ara hakimiyyətə gəldilər. Milli Məclisdə əlbəyaxa döyüşləri, Qarabağı satmaları, camaatdan silah almaq məqsədilə pul toplamaları ilə xatirələrdə yer saldılar və tezliklə də getdilər. Onlar bu vəzifədə nə görüb, nə görməyibsə, o vaxtdan bu vaxta qır saqqız olublar ki, yenidən vəzifə qazansınlar. Lakin xalq onları tanıyır axı? Yenidən onlara imkan verər? Lakin bunlar da qır saqqızıdırlar, vəssalam. Çürümək bilməyən sözlər var ki, otuz ildir danışırlar...
Bir də saqqız deyiləndə hörmət-izzət məsələsi var bizdə, o yada düşür. Bizə belə tərbiyə veriblər ki, böyük olan yerdə saqqız çeynəməzlər. Biz də həmişə saqqızı gizlində çeynəyərdik ki, hardansa qarşımıza özümüzdən böyük adam çıxa bilər. Lakin müasir dünyamızda o tərbiyə metodunu saqqız kimi çeynəyib udublar. İndi kim harada gəldi, saqqız çeynəyir, həm də şaqqıltı ilə. Nə böyük, nə hörmət, nə izzət? Deyəndə də deyirlər ki, saqqız çeynəmək mədəniyyətdir. Çünki ağızdan təravətli ətir gəlir. Nə deyək, sən gedib dişini müalicə etdirmə, dişlərini səhər-axşam yuma, ağzına saqqız at, de ki, mədəniyyətdir və gözəl rayihədir...

Saqqız bir də nədir? İnsanı yerə mıxlayan vasitə. Hə, bax həmin bu mədəni insanlar saqqızı çeynəyib tüpürürlər yerə. Küçədə getdiyin yerdə bir də görürsən ki, bir ayağın gedir, o biri mıxlanıb yerə. Ha dartırsan arxanca gəlmir. Düşünürsən ki, İlahi, hansı xəstəliyə giriftar olmuşam görəsən, ayağım niyə arxamca gəlmir? Dartınırsan-dartınırsan, arxadan biri deyir ki, ay bacı, ay qardaş, ayaqqabını saqqız yapışıb.
Bir də metroda, marşrut avtobuslarda əyləşirsən, qalxanda oturacaq səni özünə tərəf çəkir. Deyirsən bəs, revmatizmin qalxıb, belini tutub, səni ötürmür. Elə bu anda arxadan biri deyir ki, saqqızdır ey.

Bax belə, saqqız budur, bütün xarakterləri və mədəniyyətləri üzə çıxaran qida məhsuludur. Belə isə dünənədək bir istifadə edirdiksə, bu gündən beş istifadə edək. Lakin ağzınızda çox saxlamağı məsləhət bilmirəm. Arzu edirəm ki, tez-tez hara gəldi tüpürəsiniz və camaatı yerə mıxlamaqla ətrafdakıların xeyli gülməsinə səbəb olasınız. Camaatı güldürmək də asan deyil ha...
Mətanət Məmmədova