Lalə Mehralı
Zaman o zamandır ki, hər kəs yaxın-uzaq qohumun toyuna getməyi özünə borc hesab edir. Elə toy sahibləri də yaxşı tanımadıqları, get-gəli belə olmadığı şəxsləri məclisinə dəvət edir. Hətta “Facebook”dan tanıdığım, ən ucqar rayonlardan olan insanlar toyuna dəvət edir. Nə bir-birimizi görmüşük, nə çörək kəsmişik, nə də bir qohumluğumuz var, sadəcə, bir-birimizin “friend list”ində varıq.
Toy deyəndə elə bil başıma daş düşür. Qınamayın, bu toylar o bildiyimiz toylardan deyil axı, elə bil bazardır, ət yeməkləri festivalıdır. Əgər ev sahibi ət festivalını nümayiş etdirmək istəyirsə o zaman bunun adını niyə toy qoyur? Desin ki, ay camaat, ətlərin növbənöv görünüşdə xüsusi festivalını təşkil edirəm, gəlin iştirak edin, hərəyə 100 manat da siyahı yazılın. Azərbaycanda toy anlayışı bunlardan ibarətdir.
Toyun əsas mahiyyəti nədir? Əlbəttə ki, iki şəxsin xoşbəxt ailə həyatı qurması üçün birləşmələri. Buna görə düşünürəm ki, insanın belə əziz gününə, yalnız sevdiyi və dəyər verdiyi şəxslər toplaşmalıdır. Amma indi toyda it yiyəsini tanımır, ev sahibi isə heç birini. Toydan 3 gün sonra da məclisin səs-küyü beynimizdən çıxmır, akustik standart yoxdur axı. Bütün bunları nəzərə alaraq illərdir toylara getməkdən imtina etmişəm. Kim inciyir incisin, mənim sağlamlığım sərxoşların balladasından, tamadanın boşboğazlığından, oğlan evinin qızıl nümayişindən daha vacibdir.
Toyların bu qədər dəbdəbə ilə keçirilməsində “qonşudan geri qalmamaq” məsəlinin də mühüm rolu var. Hər kəs dəbdəbə ilə övladına toy edən qohum-əqrəbası, ya qonşusuna baxaraq “ondan əskik kişinin övladı deyiləm ki” deyə düşünməklə balasına daha da möhtəşəm formada toy etməyi qərara alır. İndi bizdə belə bir düşüncə var ki, vaxtı ilə kiminsə siyahısına ad yazdırmışıqsa sabah onu toyumuza mütləq dəvət etməliyik. Ölkəmizdə toy anlayışı bu mahiyyəti daşıyır.
Çox yox, bir neçə onillik öncələrə nəzər salsaq o dövrdə keçirilən toy mərasimlərində hazırkı dəbdəbənin olmadığını görərdik. O zaman qohum-əqrəbalar yığışaraq gənclərə lazım olan ev əşyalarını alır, biri döşək salır, digərləri bəy-gəlin geyimi və başqa lazımlı şeylər alırdı. Sovet hakimiyyətindən öncə də bu ənənə olub. O zamanlar hərə bir materialın pulunu üzərinə götürməklə yeni ailə həyatı quracaq cütlük üçün ev tikirdilər. Evlənmək sözü də bu ənənədən bəhrələnir. İndiki dövürdə evlənmək ailə həyatı qurmaq mənasını daşıyır. Evlənmək toy edib, kirayələrdə sürünmək yox, ev qurmaq evlə təmin olunmaq deməkdir.
Müasir toylara bu qədər xərc qoymaq əvəzinə şəhərdə normal şəraitli bir mənzil də almaq olar. Elə müğənni var ki, bir saat toyda oxumağa 30-40 min alır. Onda günah yoxdur, günah bu qədər yetimi, internat evlərində boynunu bükən körpəsi, kasıbı-yoxsulu olan bir ölkədə adını yaza bilməyən, insanın dəyərini boyun-boğazındakı qızıl əşyalarla ölçən bir müğənniyə o qədər pul verən toy sahibindədir.
Hələ tamada müsibətini demirəm, toy qonaqlarının ən çox narazılığına səbəb olan amillərdən biri də tamadaların boşboğazlığıdır. Sözün həqiqi mənasında danışığını belə bilməyən tamadaların əlinə mikrofon alaraq dilini boğaza qoymaması bir çoxlarını cana yığır. Masabəyliyin özü bir məktəb, həm də milli mədəniyyətdir. Amma onların müasir versiyası ancaq tamada ola bilir.
Heç bir halda bu dəbdəbəli toyu edib söyüş sahibi olmağa dəyməz. Toy sahibi bilmir ki, toyuna gələn onu söyür? Bilir, çox gözəl bilir. Bilir ki, adambaşına görə baha olan restoranda toy etmək qonaqların xeyir-duasını yox, qarğışını almaq deməkdir. Çünki menyusu 150 manatlıq olan toya hər kəs 150 manat sala bilmir.
Komsomol toyu edin, vallah, ən gözəli odur. Toy səbəbkarlarının dostları, ən yaxın qohumlar- əsl toy budur. Nə söyüş sahibi olun, nə də borcda qalın.