Elçin Bayramlı
Aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Martın 5-də isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirilmişdi. Yəni, demək olar ki, tədris ilinin ortasında həmin ilin yekun imtahanı!
İmtahanların bu qaydada keçirilməsi demək olar ki, bütün valideynlər və müəllimlər, həmçinin şagirdlər arasında narazılıq doğurub. Tədris ilinin başa çatmasına 3 ay qalmış imtahan keçirilməsinin nə məntiqini, nə də məqsədini heç kim başa düşə bilmir. Bu haqda heç bir qənaətbəxş izahat da verilməyib.
Çox gülməli və qəribə işdir. Tarixdə görünməyib ki, hər hansı bir kursu, təhsil proqramını, təlimi başa vurmamış ondan imtahan götürsünlər. Bu biabırçılıq təhsilimizin başında uzun illərdir aparılan saysız-hesabsız əcaib eksperimentlərdən ən biabırçısıdır. O eksperimentlər ki, təhsilimizi tamamilə məhv edib, şagirdlərdə təhsilə, məktəbə, kitaba nifrət, repetitorluğun inkişafına stimul yaradıb, məktəbliləri və onların valideynlərini avara qoyub. Məllimlər isə bu hoqqabazlıqlardan cana yığılıblar.
Problem təkcə imtahanların anormal vaxtı ilə bağlı deyil, həm də imtahan sualları ilə bağlıdır. Əvvəla, imtahanda düşən bir çox suallar tədris proqramında olmayıb və şagirdlər bunu haradan öyrənməli olduqlarını biılmirlər. İkincisi də, sual paketinin şagirddə qalmasına imkan vermirlər. Bilirlər ki, tərtib olunan suallarda elə gülünc səhvlər var ki, ictimailəşdirilsə ölkədə rəzil olacaqlar.
İmtahandan sonra şagirdlərin çoxu məktəblərə getmir, deyirlər ki, imtahanı verdik, daha məktəbə getməyin nə mənası var. Haqlıdırlar, sən bu tədris ilinin və ya məktəb buraxılışının imtahanını artıq götürmüsənsə, bundan sonra şagirdlərə nəyi nə üçün keçəcəksən ki?
Bütün bu hoqqabazlıqların nəticəsi özünü məktəb buraxılış imtahanlarının və ali məktəblərə qəbul imtahanlarının nəticələrində əyani göstərir. Şagirdlər və abituriyentlərin böyük əksəriyyəti minimum bal yığırlar. 5 ballıq qiymətləndirmə sistemi ilə götürsək, 1-2 qiymətlər. Təsəvvür edin, 150-200 balla, yəni 2 qiymətlə ali məktəbə tələbə qəbul edirik.
Sovet dövründə 4 qiymətlə ali məktəbə çətinliklə daxil olurdular. Görün iş nə yerə gəlib ki, indi 2 qiymətlə universitetə, akademiyaya qəbul olunurlar. Bu, tam bir biabırçılıqdır və heç bir bəraəti yoxdur. Konkret olaraq, təhsili sistemi sanki məqsədli şəkildə məhv edilib, müəllim nüfuzdan salınıb, şagirdlərə özbaşınalıq hüququ tanınıb, repetitorluğun inkişafı üçün münbit şərait yaradılıb.
Dərsliklər kobud səhvlərlə doludur. Məktəb kitabxanalarının çoxu faktiki olaraq yox edilib. Uşaqların məktəb çantalarını qaldırmaq olmur, amma bu kütlə onların bilik bazasının artmasına yox, yalnız bellərinin əyilməsinə səbəb olur.
Boloniya sisteminə müəllimlər öz aralarında “koloniya sistemi” adı qoymuşdular. Bu Kurrikulum sistemi isə təhsilin məhvində son nöqtəni qoydu. “Şagirdyönümlü” təhsil proqramı adlandırılan müasir eybəcər sistem yalnız şagirdlərin beyinlərini psxitron terrora məruz qoymağa, onların dərsdən yayınması üçün hər şeyi etmələrinə yarayır. Son illərdə məktəblərdə sayı-hesabı bilinməyən biabırçı hadisələrin səbəbi də məktəblərdə tətbiq olunan bu naməlum mənşəli eybəcər sistemdir.
Mediada və sosial şəbəkələrdə yüz milyonlarla valideyn və müəllim etirazını bildirsə də, nə Elm və Təhsil Nazirliyi, nə də Dövlət İmtahan Mərkəzi təhsilin üzərində apardıqları dəlləkliyi dayandırmaq fikrində deyillər, əksinə, getdikcə hoqqabazlıq növlərini daha da artırırlar.
Xüsusən də, son 20 ildə aparılan eksperimentlər təhsil sahəsini bərbad vəziyyətə qoyub, kütləvi savadsızlıq yaradıb. İndi tələbələrin sosial şəbəkələrdə yazdıqları yazılara baxdıqda, onların faktiki olaraq ibtidai təhsilinin belə olmadığını aydın görmək olur.
Bir müddət əvvəl təhsil problemlərinin müzakirə olunduğu İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində bu məsələləri qeyd edəndə, təhsil sektorunun rəsmiləri utanmadan mənə dedilər ki, bu yeni təhsil sistemidir. Xeyr cənablar, bu, təhsil sistemi deyil, bunun adı xəyanətdir və xalqa, ölkəyə qarşı bu xəyanəti edənlər sərt cəzalandırılmalıdır.