Kifayət qədər ömür yaşamışam. Həm də bu ömürü elə təlatümlü, elə keşməkeşli bir dövrdə yaşamışam ki, er, erməni kimi şeytan torunun içində çabalamağa hələ də davam etməyimizə rəğmən, özümdən asılı olmayaraq anamız Yer kürəsində baş verən hər hansı hadisəyə soyuqqanlı yanaşa bilmirəm. Oturub yaşadığım omürü saf-çürük edib, bu gün baş verənlərlə müqayisə aparıb, təhlil süzgəcindən keçirdikcə böyük Məmməd Arazın tarixi misralarını xatırlayır və sual edirəm: axı dünya kimin?..
Mən fanatik dindar deyiləm. Əlhəmdüllah, müsəlmanam, allahımı da, onun yer üzünə göndərdiyi elçilərini də, sonuncu rəsulallah Həzrət Məhəmmədi (s.s.) də tanıyır və biət edirəm. Dini baxışımın ən dərin qatında olan inanc fəlsəfəm isə kainatın, yaşadığımız planetin, bu planetin və bəlkə də bütün kainatın ən möhtəşəm yaranmışlarından olan insanın, ağılllara sığması və dərk edilməsi mümkün olmayan yaradılışı və yaşadılışı, idarə olunması möcüzəsindən qaynaqlanır. Yəni bu qədər möcüzələrlə dolu bir varlığın özbaşına yaranmasının mümkün olmaması düçüncəsini qəbul edir, onun hansısa qüdrət tərəfindən yaradıldığını və idarə edildiyini qeyd-çərtsiz qəbul edirəm. Və bütün bu düşüncələrim fonunda qeyri-ixtiyari sual verirəm: əcəba hər kəsi, hər şeyi, bütün dünyanı, kainatı yaradan və bu kainatda insan adlanan möcüzəli bir varlıq xəlq edən rəbbin qüdrətinəmi şübhələr edir indiki böyük güc mərkəzləri. Axı rəbbim zaman-zaman Yer üzünə göndərdiyi rəsulları vasitəsilə “necə yaşamalı” sualının bütün cavablarını bizlərə, ümumən insanlara aşkar mesajlarla göndərib! Dünya tarixinin böyük düşüncə sahibi, rəbbin özündən ilham alaraq bədii-fəlsəfi poetikası ilə bəşəriyyəti yaradanın möcüzələrindən agah olmağa səsləyən Şeyx Nizami Gəncəvinin “İsgəndərnamə”sindəki ziyafət səhnəsini xatərlayaq. Dünyanı zəbt edən Makedonuyalı İsgəndərə ziyafət verən Bərdə hökmdarı Nüşabənin yemək süfrəsində qızıl, zınət əşyalarını düzdürməsi, İsgəndərin təəccübünü görüb də, “Yeyilməz, içilməz böylə daş üçün, bu qədər vuruşmaq, çarpışmaq neçin?” sualı ilə müraciət etməsi, Nüşabənin, Şeyx Nizaminin deyil, tanrının güclü olanlara ilahi mesajı kimi qəbul edilməlidir. Nə yazıqlar ki, Misir fironlarından başlamış bu günümüzə qədər planetrimizin məhsullarından istifadə edib də, gücünü, qüdrətini artıran iblis qanlı insanabənzərlər, hələ də dünyamızı da, kainatı da özünün hesab etməkdə davam edirlər. Ona da yazıqlar ki, bu məxluqlar dönüb keçmişə baxa, fironların da, onlardan sonra yer üzünə gəlib-gedən minlərlə özünü yaradana bənzər tutanların da aqibətini görməzdən gəlməkdə davam edir, dünyanı özlərinin hesab etmək kimi təhlükəli və yaradana xoş olmayan bir xəstəlikdən xilas ola bilmirlər. “Qloballaşma” adı altında yeni formada “qutbləşmə” siyasəti yürüdənlər hələ də anlamırlarmı ki, onların bu iyrənc oyunlarından kimlərsə baş çıxarmaqda çətinlik çəksələr də, yaradan qüdrət bütün bunları görür və izləyir? Axı sonuncu ilahi kitab olan “Qurani-Kərim”də yaradan mesaj verib insanlığa ki, sizə bütün yaranmışlardan fərqli olaraq şüur əta elədim, vay o kəslərin halına ki, əta elədiyim bu nemətdən pis əməllər üçün istifadə edir. Bu kəlamın mənasını anlamayıb da, dünyanı özününkü hesab edib, “demokratiya”, “qloballaşma”, “haqq”, “ədalət” və sair kimi göz oxşayan ibarələr altında rəbbin bəxşlərini sağa-sola işlədib, rəbbin yaratdığına sahib çıxmaq istəyənlər nə zaman gerçək haqqa dönüş edəcəklər? Təkcə bizim kiçik bölgəmizdə erməni ünsürlərinə qondarma layihə-dövlət qurub, onu toy toğlusu kimi ortaya atıb regiona sahib çıxmaq istəyənlər, insanlığın gözləri qarşısında bu iblis xislətlilərin törətdikləri qan qoxulu əməlləri görməzdən gəlib də, haqqdan, ədalətdən dəm vururlarsa, burda ədalətin sadəcə formal səsləndiyini deməyə tam əsasımız var. Başqa regionlarda da “ədalət”i bu cür qoruyan dünya gücləri anamız Yer kürəsini məhvə sürükləməkdə davam edirlərsə, təsəvvür edin dünya nə gündədi! Məşhur bir hekayətdə, ustadının şagirdlərinə “sabah hərəniz bir toyuq gətirin, amma elə edin ki, görən olmasın” tapşırığına , “hara getdimsə hiss etdim ki, allah görür, ona görə toyuq gətirmədim” deyən şagird qədər ağıl yoxmu dünyaya sahib olmaq üçün dünyanı məhvə sürükləyənlərdə? Dünyanın sahibi kim olduğunu hələ də dərk etməyib, dünyaya sahib olmaq istəyənlər, sonda onun gerçək sahibinin qəzəbinə gələcəklərini düşünməlidirlər. Yəni, dünya nə sizindi, nə bizim, nə də heç kimin. Dünya onu yaradanındı. Sizlər də, bizlər də hərəmiz öz ağlımızın kəsdiyi, qabiliyyət və bacarığımızın yetdiyi həddə qədər bu dünyadan yararlana bilərik, onun nemətlərindən istifadə edə bilərik, amma onun sahibinin haqqına girə bilmərik. Çünki onun qüdrətinə yetəcək bir qüdrət olmayıb, yoxdu və heç zaman da olmayacaq. Bir məşhur Azərbaycan mahnısından iki beyti, bir hərf dəyişməklə xatırladıb, fikrimi tamamlamaq istəyirəm:
Ata qəlbim odlanır, söz düşəndə davadan,
Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan?
...Silahları yandırın, ərşə qalxsın tüstüsü,
Yer üzündə qanad açsın insanların sülh sözü!
Təhmasib Novruzov