PDF Oxu

Köşə

  • 8 987

Yollarda vətəndaş müharibəsi - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

2022-ci ildə 1668 çox yol-nəqliyyat hadisəsi baş verib (2021-ci illə müqayisədə qəzaların sayı 1,2 faiz artıb), bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub. Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb.

2020-ci ildə isə avtoqəzalarda zərərçəkənlərin sayı 2106 nəfər olmuşdu. Onlardan 696-sı həlak olmuş, 1410-u isə yaralanmışdır. Göründüyü kimi, yol nəqliyyat infrastrukturunun getdikcə təkmilləşdiriməsinə baxmayaraq, ölüm sayında ciddi artım var.

Bir sözlə, yollarda sanki elan olunmamış vətəndaş müharibəsi gedir. Bu, əsl müharibədir- maşınların öz arasında və piyadalarla müharibəsi. Son 30 ildə bu müharibədə indiyədək ermənilər apardığımız müharibədən daha çox qurban vermişik- 30 mindən çox. Və bu müharibə dayanmır. Vətəndaşlarımızın cəsədləri hər gün küçə və yollara səpələnir. Minlərlə insan məsuliyyətsiz sürücülərin ucbatından həyatını itirir, şikəst olur, ailələr bədbəxtliyə düçar olur.

Bəs səbəblər nədədir? Bəziləri bunun səbəbini avtomobillərin sayının artması kimi gülünc səbəblərlə izah etməyə çalışsa da, fikrimizcə, burada tamam başqa səbəblər var.

İlk və ən əsas səbəb rüşvət müqabilində sürücülük vəsiqəsinin verilməsidir. Yəni, istənilən pulu olan adam minimum 1300 manat rüşvət verməklə “prava” alıb yollarda maşınla at oynada bilir. Müşahidələrdən görünür ki, ölkəmizdəki sürücülərin əksəriyyəti vəsiqəni bu yolla alıb və onlar təzədən imtahan versə, heç cür keçə bilməzlər.

İkinci səbəb bəzi yol polislərinin “qarşılıqlı hörmət” prinsipi ilə işləməsidir. Sərxoş halda avtomobil idarə edən sürücüdən, ya da avtoşlardan “5-10 manat” alıb yola davam işarəsi vermək qarşıdakı dəqiqələrdə daha bir neçə nəfərin cəsədlərinin yola səpələnməsinə bilərəkdən şərait yaratmaqdır. Bəzi sürücülər isə yuxarı yerlərdəndir, məsələn vəzifəli şəxsin qohumudur, onu saxlayan polis qorxusundan o saat “buyurun, yola davam edin, bağışlayın, bilməmişik ki, “Həsən ağa”nın qohumusunuz” deməyə məcbur olur.

Üçüncü səbəb piyadalarla bağlıdır. Əksər piyadaların hərəkəti xaotik və məsuliyyətsizcəsinədir. Bəzən avtobanlarda belə özlərini yolun ortasına atır, bəzən yeraltı piyada keçidlərinin düz üstündə sürətli yola çıxır. Məhz bu səbəbdən, piyada vurulması ilə nəticələnən qəzaların yarıya yaxını piyadaların günahı ucbatından baş verir.

Dördüncü səbəb, bir çox köhnə və xarab avtomobillərin rüşvət müqabilində texniki baxışdan keçməsi ilə bağlıdır. Belə istismara yararsız, təhlükəli maşınlar gah əyləc mexanizminin, gah da digər mexanizmlərin ani xarab olması nəticəsində qəza törədir.

Beşinci səbəb yol infrastukturunun, yol nişanlamalarının qaydasında olmamasıdır. Xüsusən də, təmir işi aparılan yollarda nişanlamaların düzgün qoyulmaması gecə vaxtlarında maşınların qazılmış çalalara düşməsi, işqlandırılmayan yollarda qəzaya düşməsi ilə nəticələnir.

Cavabdeh təşkilatların “tədbir görürük” deməsinə rəğmən yol terrorunun qurbanları artır. Aidiyyatı təşkilatların cavabı standartdır- “tərəfimizdən müvafiq tədbirlər görülür”. Görülürsə, soruşmaq ayıb olmasın, bəs hanı nəticəsi?

Düzdür, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərlə cəzalar sərtləşdirilib, cərimələr artıb, amma bu praktikada öz bəhrəsini hələ ki verə bilməyib.

Problemin nəticələri ilə yox, səbəblərinin aradan qaldırılması ilə uğraşmaq lazımdır. Hər yerə kamera qoyub maşınların insanları necə tikə-parça etməsini televiziya və internetdən əhaliyə izlətməkdənsə, yuxarıda qeyd etdiyim halların aradan qaldırılmasına çalışılsa yaxşı olar.

Digər xəbərlər