Lalə Mehralı
“Bütün günü evdə oturur” – haqlarında çox vaxt belə danışırlar. Yaşadıqları həyat çoxunun fikrincə rahatdır. İş saatının nə olduğunu bilməyən, mətbəxdən qonaq otağına, qonaq otağından yataq otağına, oradan vanna otağına – bütün günü evdə kilometrlərlə məsafə qət edən ev xanımları ən ağır işdə işləyirlər əslində. 9-da işə gedib 5-də evdə olan insanların istirahət saatı var, amma onların yox. Heç düşündünüzmü, ev xanımlarına maaş verilsəydi, gördükləri işin müqabilində nə qədər pul qazanardılar?
Onların işi çətindir, çünki iş saatları heç vaxt bitmir. 24 saat işdədirlər, istirahətləri yoxdur, tətilə çıxmırlar, dincəlməyə getmirlər. Kimini işə, kimini dərsə, kimini bağçaya göndərib özü də evdə işə başlayan xanımlar – evdar qadınlar. Özləri özlərinin müdiri, özləri özlərinin fəhləsi, iş yoldaşları yox, maaşları yox...
Həmişə fikirləşirəm ki, ev işləri nankor insan kimidir. Çox əziyyətlə ərsəyə gəlir, durmadan-dayanmadan üzərində işləyirsən, amma əziyyətin çox asanlıqla məhv olur. Bütün günü ev təmizləyən evdar qadının zəhməti axşam yeməyi zamanı yerə tökülmüş ovuntu, otaqlara səpələnmiş bir kisə oyuncaq, ya da ortalığa atılmış bir tay corabla görünməz olur. Yenə təmizləyirsən, amma nə fayda? Arxanı çevirən kimi yenə eyni şey...
Texnoloji imkanlar dadına yetir, bəs onlardan öncə? O zamanlar da günü boyu paltar yuyan, ev süpürən, döşəmə silən, qapı-pəncərə sürtən ev xanımlarına da “bütün günü evdə oturursan” deyənlər olub təbii ki. Elə indi də o fikirdə olanlar az deyil. Axşam 5 dəqiqəyə “həzm-rabe”dən keçirilən dolmalar 5 dəqiqəyə bükülmür, yaxalığı dim-dik duran o köynəklər öz-özünə elə olmur, şüşə kimi parıldayan döşəməni mələklər silmir, uşaqların dərsinə qonşular kömək etmir, hamısını xanımlar edir.
Yuxudan oyanar-oyanmaz - çox vaxt saat 6-7-də başlayır iş saatları. Bir əli ilə uşaqları məktəbə hazırlayır, bir əli ilə səhər yeməyi hazırlayır, o biri əli ilə dərsə hazırlaşan uşaqların tökdüklərini yığır. Bəzən fikirləşirsən ki, neçə əli var qadınların? İşləyən xanımların həftədə bir dəfə etdiyi ev təmizliyini evdar xanımlar gündəlik edir. Görməməzlik edə bilmir, “bu işi də görüm bitsin”, “o işi də edim birdəfəlik rahat oturum” deyə-deyə gün boyu boş dayanmır. “İş bitdi” deməyə fürsət qalmamış ya körpə oyanır yuxudan, ya məktəbə gedənlər qayıdır. Yenə eyni prosedur – bişir, yu, sil, süpür, yığ. Südəmər körpə varsa gecələr də dinclik yoxdur, sabah günə gözləri şişkin, yuxulu vəziyyətdə başlayacaq. “Özünə vaxt ayırsın” deyəcək çoxları. Vaxtı qalıb ki? Hamıya paylayıb, amma özünə qalmayıb.
Uşaq otağındakı oyuncaqlar qonaq otağına qonaq gəlib, dərs masasındakı boya qələmləri mətbəxə baş çəkməyə gedib, yataq otağındakı corablar dəhlizə gəzintiyə çıxıb. Mətbəxdəki dolabda qazan qalmayıb, “burdan sizin qapıyadək” misalı ev boyu düzüb uşaqlar. İçinə oyuncaq doldurub “yemək bişirirlər”. Gəlinciklər divanlarda elə ədəb-ərkanla oturdulub ki, özünə oturmağa yer qalmayıb. Döşəkçələrdən ev qurub uşaqlar, yorğanlardan çardaq tikib. Axşamadək səliqəsini yerbəyer etdiyi evdən əsər-əlamət yoxdur.
Ev işlərini karuselə də bənzədirəm bəzən. Sanki dayanmadan fırlanan karuseldəsən, bütün günü evin içində iş görə-görə fırlanırsan, amma geriyə baxanda gözə dəyər bir şey görmürsən. Səhərdən axşama kimi çalışıb-çabalayıb iş görsəniz də axşam olanda sanki bütün günü divanda uzanıb dincəlmisiniz kimi bir fikir formalaşır. Ən çətini də nədir, bilirsinizmi? “İşləyirsən?” sualına utanaraq “işləmirəm” deməkləri və buna verilən reaksiya – qalxan qaşlar, bükülən dodaqlar, kinayəli baxışlar. Onlardan çox işləyən var?
Çətindir ev xanımı olmaq. İşi bitmir, dərdi bitmir. Amma yaza-yaza həm də düşünürəm, axı iş qadını olmaq da asan deyil. Onun da işdən sonra işi başlayır. Yuxarıda yazdıqlarımı o da işdən sonra edir axı. Yenə karusel kimi, yenə eyni sistem...
Çətindir qadın olmaq...