Köşə

  • 3 618

Onda Müəllim “Allah” idi

image

Lalə Mehralı

İnsanın doğulduğu andan ölümünə qədər ehtiyac duyduğu ən mühüm şey təhsil və tərbiyədir. Ömrümüzün hər mərhələsində təhsilə önəm verir və həyatımızı öyrənməyə həsr edirik - əvvəl özümüz, sonra övladımız üçün. Yaxşını-pisi, gözəli-çirkini, həqiqəti-yalanı, əyrini-düzü kitablardan və müəllimlərimizdən öyrənmişik hamımız.

Uşaqlarımız ağ kağız misalıdır, üzərinə istədiyiniz hər şeyi yaza, onların həyatını, gələcəyini, davranışlarını, vərdişlərini, xarakterlərini, şəxsiyyətlərini beləcə müəyyənləşdirə bilərsiniz. Bu yolda ən böyük iş də müəllimlərin üzərinə düşür. İşlərini sevirlər, öyrədirlər, bundan həzz alırlar. Müəllimə müəllimlik öyrədən cəhalət olmasa... Yəni, iş o həddə çatıb ki, ömründə iki hərf yazıb, iki cümlə qoşa bilməyən də müəllimləri hədələyir, tədrisini, təlimini bəyənmir, yol göstərir, yol öyrədir.

Mövzusu uşaq tərbiyəsi olan Feysbuk qrupunda bir paylaşım gördüm. Ana yazmışdı ki, müəllim övladıma deyib ki mən sizi izləyirəm, nə işlə məşğul olduğunuzu görürəm, uşaq bunun doğru olub-olmadığını soruşub anasından. Ana məsləhət alırdı valideynlərdən, necə edim ki, nə müəllim yalançı çıxsın, nə də mən. Uşağa nə deyim?

Rəy yazanların əksəriyyəti “müəllim yalançıdır”, ”qələt edir müəllim, uşağıma yalan danışa bilmərəm” kimi cavablar yazmışdı. Yəni, valideynlər hər vəchlə çalışırlar müəllimi uşağın gözündən salsınlar, aralarındakı kontaktı yerlə bir etsinlər. Bunu yəqin ki, şüurlu şəkildə etmirlər, addımı düşünmədən atırlar, bu addımın nələrə səbəb olacağını hesab etmədən, ölçüb-biçmədən.

Bizə də deyirdi müəllim, “sehirli güzgüm var, oradan baxıram”. Bu, yalançılıq deyil, aldatma deyil, bir növ tərbiyə metodudur, uşaq olanda hamımız inanmışıq, böyüdükcə niyəsini də anlamışıq. Eyni metodu mən də tətbiq edirəm öz uşaqlarıma. Evin tavanında yanğın zamanı su püskürməsi üçün qoyulmuş klapanlar var, kameraya oxşayır, deyirəm oradan ata da, ana da, müəllimlər də lazım olanda öz kompyuterləri ilə qoşulub sizi görə bilirlər. Çox televizora baxanda, çox dəcəllik edəndə məsələn. Bu, ən sadə nəzarət mexanizmidir. Bizə deyiblər, yalançı, ya da qorxaq böyümüşük? Sovetin pedaqoqlarına lağ edir çox adam, onların yetişdirdiyi nəsilik biz, tərbiyəmiz, mədəniyyətimiz öz yerində.

Yazının başlığını ona görə belə qoydum. Həqiqətən, şişirtmədən öz dövrümün müəllim-şagird münasibətinə bundan yaxşı bənzətmə tapmadım. Necə deyib Həzrəti Əli? “Mənə bir hərf öyrədənin 40 il qulu olaram”. İnsani keyfiyyətlərim, mərhəmətim üçün müəllimlərimə çox şey borcluyam. Mən Allahı tanımadan müəllimimi tanımışam, Allahı dərk etmədən müəllimlərimi dərk etmişəm.

Bir-iki ədəbsiz xaric, bizim xalq həmişə müəllimə dəyər verib. Müəllim gözümüzdə ilahiləşib, müqəddəsləşib. Müəllimi məclisin yuxarı başında oturtmuşuq, müəllimin sözünün üstünə söz deməmişik. Belə görmüşük, belə davam edirik. O ədəbsizlər xalq deyil, çoxluq deyil. Çoxluq müəllimin dəyərini anlayır. Qurumuş budaq həmişə, hər sahədə olur. İndi də var, sabah da olacaq. Amma müəllimə atılan daş geri qayıtmayacaq.

Digər xəbərlər