Elçin Bayramlı
Dövlətin tənzimləyci, yönəldici və stimullaşdırıcı funksiyasının detallarında aqrar siyasətin mahiyyəti gizlənir. Belə ki, müvafiq statistika bu sahədə dövlət siyasətini aydın göstərir. Aqrar sektorun inkişafı üçün dövlət dəstəyinin artması yeganə şəert deyil, məsələ həm də ayrılan vəsaitlərin effektiv idarəedilməsindən ibarətdir. Əgər aqrar sektora ayırılan dövlət yardımları düzgün idarə olunsa, nəticədə kənddə iş imkanları və məhsul istehsalı həcmi getdikcə artar. Bu da öz növbəsində ÜDM-in artması ilə əlaqədar olaraq idxaldan asılılığın azalması, qeyri-neft ixracının artması, büdcəyə ödənişlərin çoxalması kimi iqtisadi vəziyyətin, məşğulluğun azalması, qiymətlərin aşağı düşməsi kimi sosial vəziyyətin yaxşılaşmasına gətirib çıxarar.
Çox təəəssüf ki, bu gün ÜDM-də regionların payı çox azdır. Bu da həm əhalinin yarısının bir zonaya toplaşması, həm iqtisadi kativliyin bakı və Abşeronda daha yüksək olması ilə bağlıdır. Əlbəttə, burada neft qaz sektorunun da mühüm rolu var. Ölkəmizdə əhalinin balanssız yerləşməsi ötən əsrin 90-cı illərinin əvvələində meydana çıxdı- regionlarda zavod və fabriklər bağlandıqdan, təsərrüfatlar işini dayandırdıqdan, işsizlik vüsət aldıqdan sonra əhalinin əksər hissəsi iş tapmaq üçün paytaxta axın etdi. Hazırda Bakıda, ümumiyyətlə, Abşeron yarımadasında ölkə əhalisinin yarısı - təxminən 5 milyon nəfərə yaxın insan cəmləşib.
Bu gün paytaxtda cəmləşən kənd əhalisinin böyük əksəriyyətinin kəndlərdə evi, torpağı və s. mülkiyyəti var. Bunlar bir növ daxili köçkünlərdir və öz yurdlarına qayıda bilərlər. Sadəcə onlara öz doğma yerlərində iş qurmaq üçün şərait yaradılmalı, dövlət dəstəyi gücləndirilməlidir.
Əlbəttə, son dövrlərdə ölkənin tarazlı və davamlı sosial-iqtisadi inkişafı üçün dövlət tərəfindən bir çox proqramlar həyata keçirilib. Xüsusən də, Regionların inkişafına Dövlət Dəstəyi proqramları bu istiqamətdə bəzi nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Hazırda qeyri neft sektorunun payı neft sektorunu keçib.
Regionlarda iqtisadi aktivliyin təmin olunması ölkənin tarazlı və balanslı inkişafını təmin edə bilər. Bu istiqamətdə ən effektiv proqramlardan biri də Özünüməşğulluq proqramıdır. Əhalinin işsiz hissəsi özünə kiçik biznes, istehsal və xidmət sahəsində fərdi iş qurmaq üçün bu proqrama müraciət edir və həmin iş üçün zəruri olan bütün avadanlıqlar, aparatlar və sə ləvazimatlar, həmçinin kəndlərdə, toxum, meyvə tingləri, mal-qara və sairlə təmənnasız təmin olunur. Bunun sayəsində, on minlərlə işsiz vətəndaş özünə iş yeri qurub. Nəticədə, həm ölkədə istehsal artır, həm xidmət sahələrində yeni iş sahələri yaranır, on minlərlə insan işlə təmin olunur, son nəticədə həm dövlət büdcəsinə vergi ödənişləri artır, həm sosial prolemlər azalır.
Fikrimizcə, bu istiqamətdə tədbirlərin və iqtisadi proqramların effektivliyini artırmaq üçün hökumət “Kəndə qayıdış” proqramı elan etməli, regionlarda yeni kiçik müəssisələrin, təsərrüfatların açılmasına daha böyük fikir verməlidir. Çünki, regionlarımızda iş üçün bütün imkanlar var- işi qüvvəsi, xammal, nəqliyyat infrastrukturu, yaxın bazarlar və s. Sadəcə, həm dövlət, həm də qeyri-dövlət investisiyaları regionlara yönəldilməli, güzəştli kreditlər, subsidiyalar artırılmalı, vergi və s. güzəştlər tətbiq edilməlidir. Xüsusilə, kiçik sahibkarlığa tam şərait yaradılmalıdır, bu, işsizlik problemini də birdəfəlik həll edə bilər. Buna görə də, bölgələrdə özünüməşğulluq proqramının miqyası və həcmi kəskin artırılmalıdır.
Bunun üçün müvafiq maliyyə ehtiyatlarımız da var. Məsələn, Neft Fondunun xarici fondlarda 1-2 faizlik gəlirliliklə saxladığı strateji ehtiyatlarımızın bir qismini geri çəkib, ölkə iqtisadiyyatına invest etmək mümkündür. Bu, dəfələrlə daha artıq gəlir gətirəcək. Xaricdən aldığımız gündəlik tələbat mallarının çox böyük hissəsini özümüzdə istehsal etmək üçün bütün imkanlar, xammal da var, sadəcə istehsal avadanlıqlarını alıb gətrmək kifayətdir. Ən pis halda yerli tələbatı ödəyəcəyik və xaricdən idxala yönələn külli miqdarda valyuta ölkəmizdə qalacaq.
Xüsusilə də, kənd təsərüfatı, aqrar sənaye və yüngül sənaye sahələrinə daha çox üstünlük verməliyik. Qlobal iqtisadi böhranlar zamanı ölkələrarası ticarəti xeyi zəifləyir, ekoloji problemlər bir çox ölkələrdə ərzaq və dərman çatışmazlığına səbəb olur. Əgər qlobal vəziyyət bir qədər də gərginləşsə və ya dünyada digər gözlənilməz problemlər yaransa, ölkələr öz ümidinə qalacaq. Bu şəraitdə biz istənilən qlobal böhranlara və fors-major hallarına hazır olmalıyıq. Bunun üçün də ölkəmizin potensialından maksimum istifadə etməliyik.