Elçin Bayramlı
Son dövrlərdə paytaxt yollarındakı tıxaclar Bakı sakinləri üçün ən ciddi problemlərdən birinə çevrilib. Bu ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda avtomaşınların ümumi sayı 1.7 milyona, minik avtomobillərin sayı isə 1,5 milyona çatıb. Son illərdə ölkəyə ildə 50-70 minə yaxın minik avtomobili idxal olunur. Bunların və ümumən ölkədəki avtomaşınların yarıdan çoxunun Bakı və Abşeron yarımadasında olduğu məlumdur. Üstəlik, son illərdə Bakıda tikinti bumunun müşahidə olunması və şəhərin sıx şəkildə tikilmiş hündür binalarla dolması paytaxtda gərginliyi artırıb. Nəticədə şəhər həyatı artıq iflic olmaq üzrədir.
Avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər 1000 nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-ci yerdədir.
Azərbaycanda hər 1000 nəfərə 135 minik avtomobili düşür. İnkişaf etmiş ölkələrdə adambaşına düşən avtomobil sayı bizdən dəfələrlə çoxdur. Yeni Zenlandiya və ABŞ-da hər 1000 nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrindən Rusiyada hər 1000 nəfərə 397, Gürcüstanda 378, Moldovada 363, Belarusda 343, Qazaxıstanda 207, Qırğızstanda 201 avtomobil düşür. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər 1000 nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə xeyli azdır.
Göründüyü kimi, problem maşın sayında deyil, məsələ nəqliyyatın hərəkətinin düzgün idarə edilməsindədir. Qeyd edək ki, son illərdə Bakının sərnişindaşıma sistemində problemlər daha da artıb, sərnişin sıxlığı çıxalıb. Avtobusların sayı azalıb, marşrutların intervalı çoxalıb. Metroda artıq acınacaqlı vəziyyət yaranır. Artıq şəhərkənarı ərazilərdə də tıxaclar baş verir. Özü də təkcə işə gedib-gəlmək saatlarında deyil, adi vaxtlarda da.
Son illərdə bu istimamətdə aparılmış işlər tıxac problemini həll edə bilməyib, bu səbəbdən də digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlət və özəl daxil olmaqla təhsil və iş müəssisələrin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması yollarda tıxacları, nəqliyyatda sərnişin sıxlığını azaldır.
Bundan başqa, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi tıxacın azaldılmasına səbəb ola bilər. Bunun üçün digər sərnişin nəqliyyatı sistemlərinin də bərpasına ehtiyac var (tramvay, trolleybus, şəhərətrafı elektrik qatarları və s.), həmçinin dəniz üzərindən sərnişin katerlərinin təşkil olunması.
Lakin bunlar local tədbirlərdir. Müvəqqəti tədbirlər problemi tam və birdəfəlik aradan qaldırmır. Problemin həllinə fundamental yanaşılmalı, kompleks şəkildə gəll edilməlidir. İlk növbədə, əhalinin Bakıya cəmləşməməsi, əskinə paytaxta toplaşmış region əhalisinin bölgələrə qayıtması üçün sosial iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəzi ali məktəblər başqa şəhərlərə köçürülməlidir.
Qarabağın bərpası sürətləndikcə Bakıda müvəqqəti yaşayan qaçqın və köçkünlərin həmin bölgəyə yerləşdirilməsi Bakıdakı sıxlığı azalda bilər. Yaxın 5 ildə təkcə Qarabağa yarım milyon nəfərin yerləşdirilməsi mümkündür. Digər bölgələrin də potensialından effektiv istifadə edilə bilər. Xammalın bol olduğu rayonlarda emal müəssisələri, xüsusən də yeyinti və yüngül sənaye müəssisələri açıla bilər. Bakıdakı bəzi zavod və fabriklər rayonlara köçürülə bilər. Bölgələrdə kiçik və orta sahibkarlığa yardımlar göstərilə, istehsal obyektləri üçün faizssiz kreditlər, vergi və gömrük güzəştləri verilə bilər.
Bu da regionlarda iqtisadi canlanma yaradar, əks-urbanizasiya prosesi başlayar. Əgər əhalinin yerləşməsi, iqtisadiyyatın regional balanslaşdırılması baş tutsa, ölkəmizin davamlı və tarazlı inkişafı təmin olunar, bir çox sosial problemlər də aradan qalxar.
Bu səbəbdən, hesab edirik ki, hökumət “Kəndə qayıdış” proqramı elan etməli, rayonların sosial-iqtisadi həyatının canlanmasına hər cür dəstək verməlidir. Bunun üçün müvafiq maliyyə ehtiyatları da kifayət qədərdir. Azərbaycanın 75 milyard dollarlıq strateji valyuta ehtiyatları var. Bunun cəmi 5-10 milyardını cəlb etməklə, həmçinin qeyri-dövlət investisiyalarını təşviq etməklə bu işləri həyata keçirmək olar. Nəticədə həm paytaxtımızın yükü azalar, həm də regionlar sürətli inkişaf edər.