PDF Oxu

Köşə

  • 718

“Caps Lock”u sıxın arada, Allah xətrinə!

image

Sosial mediada belə bir informasiya ilə rastlaşdım: 22 oktyabr - Ümumdünya Caps Lock Günü imiş. Bu xüsusi gün klaviaturada “Caps Lock” düyməsini sıxmaqla böyük hərflərlə yazmağın əyləncəsini bölüşmək üçün təşkil edilir.

Maraqlıdır, deyilmi? “Caps Lock” düyməsini sıxılı tut, bütün mesajlar, yazılar böyük hərflərlə yazılsın, sənsə bunu paylaş və əylən... Maraqlıdır, ona görə ki, böyük hərflərlə yazmaq dünyada bir gün üçün nəzərdə tutulmuşsa və bu, əyləncəni ehtiva edirsə, müasir dövrümüzdə insanların sosial şəbəkələrdə bir-birinə yazdığı məktub və mesajlara diqqət çəkək, görək 365 günün bircə günü əyləncə axtarılır, yoxsa hər günü?..

Təəssüf ki, 364 gündə qarşılaşdıqlarımız əyləncə deyil və insanların məsuliyyətsizliyi, diqqətsizliyi, bəzən də savadsızlığı səbəbindən ortalığa çıxan bağışlanmaz səhvlərdir. Diqqət etmisinizsə, məktub və yazılarda durğu işarələrini yoxa çıxarıb insanlar. Yəni onlara artıq ehtiyac duymurlar.

Bəzi gənclərin düşüncəsinə əsasən cümlənin sonuna nöqtə qoymaq “söhbəti bitir” deməkdir. Ona görə də onlar nöqtədən istifadə etmir ki, bunu dost və rəfiqələri və ya sevgililəri belə anlayar, inciyər, küsər. Məntiqə fikir verirsinizmi?

Çoxsaylı insanın sosial şəbəkə məktub və mesajlarında xüsusi isimlərin, xüsusilə də insan ad və soyadlarının kiçik hərflərlə yazıldığının şahidi olmamış deyilsiniz. Sual olunur, nə üçün belə yazırsınız? Mən bununla bağlı sual da vermişəm onlara. Cavab belə olub ki, sən də nəyə fikir verirsən ey... Məntiqə fikir verirsinizmi?

Müasir sosial şəbəkə yazılarında cümlə böyük hərflə başlamır, sonunda nöqtə qoyulmur. İnsan adlarını kiçik hərflə yazanlar var. Yaşadığı şəhəri, təhsil aldığı ali məktəbin adını, hətta öz adını kiçik hərflərlə yazanlar var. Yox, əsla, demirəm ki, onlar nəyin böyük hərflə yazıldığını bilmirlər. Bilirlər, inanıram ki, bilirlər. Lakin dilin qrammatik qaydalarına qarşı böyük bir sayğısızlıq, məsuliyyətsizlik var bəzi insanlarda. Burada əsas yük gənclərin üzərinə düşür. Çünki hər birimiz şahidik ki, belə nöqsanlar daha çox onların məktub və mesajlarında müşahidə olunur.

Qaldı böyük hərflərlə yazmağa. Yox, burada bütün yaş qruplarında olan insanlardan söhbət gedir. Onlar tək “Caps Lock Günü” deyil, istədikləri hər zaman mətnləri böyük hərflərlə yazırlar. Bilmirəm, bu, onlara hansı hissi verir, lakin dəfələrlə şahidi olmuşam və çox da əsəbiləşmişəm. Bəlkə də böyük hərflərlə yazmaq psixoloji bir vəziyyətdir, deyərdim. Belə yazanlar bununla özlərini yüksək mərtəbədə hiss edir, savablı, əlçatmaz zənn edir, bu cür yazarkən rahat olur, hamının oxuyacağını düşünür və yaxud diqqət çəkməyi fikirləşərək yazırlar, bilmirəm, lakin böyük hərflərlə mətn yazanların sayı yetərli qədərdir.

Rastlaşdığım “Caps Lock Günü” xeyli düşünməyimə və düşündükcə də acı-acı gülməyimə səbəb oldu. Niyə? Elə yuxarıda danışdıqlarıma görə. Dünya böyük hərflərlə yazmaqla bir günü əyləncə hesab etdiyi halda, müasir dövrdə aramızda onlarla belə insanın olduğu və onların hər gün böyük hərf şriftlərindən istifadəsi gülüş doğurmur, bəs nə edir?..

Xüsusi isimləri kiçik hərflərlə yazanları isə “Caps Lock Günü” münasibətilə daha çox xatırladım. Və onlara üz tutaraq demək istədim ki, heç olmasa bu günün xətrinə “Caps Lock” düyməsini aradabir sıxın və böyük hərflərdən istifadə edin. Axı xüsusi isimlərin böyük hərflərə ehtiyacı var. Həm də cümlənin əvvəlində, ortasında və axırında. Necə olur ki, bu üç yerdə bircə dəfə də yadınıza düşmür ki, “Caps Lock” düyməsini sıxılı tutasınız...

Bütün bu mənalarda 22 oktyabr-Ümumdünya Caps Lock Gününü hər zaman böyük hərflərlə və hər zaman kiçik hərflərlə yazan insanların necə qarşılaması da çox maraqlıdır. Böyük yazanlar üçün bu, adi bir gün olar yəqin ki, çünki onlar hər gün böyük hərflərlə yazır. Kiçik hərflərlə yazanlar üçünsə əyləncə ola bilər. Onlar bu günün xətrinə böyük hərflərlə yazıb əylənə bilərlər. Bəs ilin 364 günü?

Nə üçün yalnız böyük hərflərlə yazmalıyıq? Nə üçün yalnız kiçik hərflərlə yazmalıyıq? Bəlkə bu barədə düşünək. Unutmayaq ki, belə yazanların hər biri nənə-babadır, ata-anadır və sabahın bu statusda olacaq insanlarıdır. Eyni zamanda cəmiyyəti hər hansı qurumda təmsil edəcək gənclərdir. Beləliklə, ətrafımızdakı uşaq, yeniyetmə və gənclərə necə nümunəyik, bu barədə düşünək.

Bir də ki, Allah xətrinə, bir də dünyanın ən zəngin, ən nümunəvi dili olan ana dilimizin xətrinə, bir qədər diqqətli və sayğılı olaq. “Caps Lock” düyməsini vacib olan anlarda hökmən sıxılı tutaq. Lazım olmayan anlarda barmağımızı ona tərəf uzatmayaq!

Mətanət Məmmədova

Digər xəbərlər