PDF Oxu

Köşə

  • 4 032

Mən yazmıram, qışqırıram

image

Lalə Mehralı

Haradan, necə başlayasan deyə bəzən fikirləşə-fikirləşə qalır insan. Bəzən yaza bilmirəm, beynim dayanır, informasiyalar kilidlənir, zəkam korşalır, düşünmə qabiliyyətim donur sanki. “Bəlkə bir az ara vermək lazımdır” - deyə fikirləşirəm, amma onda da yaza bilmədiklərim, yazmadıqlarım içimi çırmaqlayır, deyə bilmədiklərim boğazıma yapışır.

Yazmaq, həm də sizi tanımayan biri ilə dərdləşmək, söhbətləşmək deməkdir və mənə görə ən yaxşı terapiyadır. Bəzən yazıya başlayanda beynimi əsir alan, düyün düşmüş, həlli məchul olan bir məsələnin yazını bitirdikdə həll olduğunu da görürəm. Elə yaza-yaza doğru yolu tapıram. Boğula-boğula yazmağa başladığım yazının son nöqtəsini qoyanda yüngülləşirəm bəzən.

Amma...

Bəzən də 20 ildir yazan biri kimi çətinlik çəkirəm sözləri seçməyə, kəlmələri yazıya düzməyə. Boğularaq, boğazım düyünlənərək, qəhərdən udquna-udquna yazıram bəzi yazıları. Divarları, tavanı, döşəməsi qan olan dünyanın dözülməz hadisələrinə şahid olduqca, sinirə bilmədiyim, uda bilmədiyim gerçəklikləri qəbul edə bilmədikcə havalanıram sanki.

Bəzən yazılarımın bağırdığını, qışqırdığını hiss edirəm, çünki elə vəziyyətlər, elə situasiyalar var ki, onu bağıraraq eşitdirmək istəyirsən, yazaraq yox. O yazıların yükü çiynimi əzir, yazacaqlarımın bütün ağrısını, acısını, öldürülən uşaqların əzabını, valideynlərinin çarəsizliyini ifadə edə bilmədikdə, sözlər aciz qalanda, kəlmələr çarəsiz olanda mən də çarəsiz qalıram...

Haradasa zibil qutusuna atılan körpənin olduğunu, hansısa ölkənin qaranlıq zirzəmisində istismar edilən uşağın çarəsizliyini, hansı cəhənnəmdəsə təcavüzə uğrayan uşağın olduğunu düşündükcə gözlərimdən od çıxır. İçində uşaqların-ən məsumların, ən təmizlərin, ən günahsızların yaşadığı dünyamızı nə hala, nə vəziyyətə gətirib çıxardı insanlar.

Hər gün 200 milyon uşağın ac olduğunu, 300 min uşaq əsgərin döyüşə göndərildiyini, hər gün 10 min uşağın aclıqdan xəstəlikdən, səfalətdən öldüyünü, 200 mindən çox uşağın zirzəmilərdə ağır işlərdə işlədildiyini bilə-bilə normal həyata davam etmək çətindir. Öz övladını öpüb bağrına basdıqca haradasa kimsəsiz bir uşağın gözlərini yola dikdiyini düşünürsən, öz balanı yedirəndə haradasa bir körpənin aclıqdan ağladığını hiss edirsən. Mənən çökürsən, sustalırsan.

İnsanlar üçün dünya getdikcə cəhənnəmə çevrilir, müharibələr, xaos, qarşıdurma, epidemiyalar, ehhh, daha nələr... Özü, öz əli ilə evini başına yıxır insan. Özü oturduğu budağı kəsir. Dini kitablarda qiyamət günləri haqqında danışılır, əlamətləri yazılır – məncə yaxınlaşırıq o günə. Yeni bir Nuh tufanı qaçınılmaz olacaq bu gedişlə. Uşaqların zorlandığı, təcavüz edildiyi, oğurlandığı, istismar edildiyi, qul kimi işlədildiyi, günahsız insanların müharibələrdə, soyqırımlarda qətl edildiyi bir dünya Tanrının nəyinə lazımdır ki? Ağacın hansı budağını kəsərlər? Qurumuş olan budağı təbii ki.

Müharibələrdə öldürülən günahsız insanların, işgəncə verilən məsumların ahı həkk olub dünyanın divarlarına, hərdən eşidirəm mən. Müharibə qan deməkdir, ölüm deməkdir, ağı deməkdir, bayatı deməkdir. Dünya böyük bir müharibə meydanı deməkdir mənə görə. Kimə lazımdır ki bu cür dünya? Qan qoxuyan, ölüm iylənən...

Qul kimi alınan, satılan, istismar, təcavüz edilən körpə uşaqların iniltisi gəlir qulağıma bəzən. “İlahi, mən dəli oluram, deyəsən” - deyə düşündüyüm də çox olub. Qulaqlarımı əllərimlə tuturam, açıram, yenə eşidirəm. Dünyanın tavanı çatlayıb, döşəməsi deşilib, divarları yıxılıb, daha boğa bilmir o səsləri.

Eynşteyn deyirdi ki, əgər dünyada xoşbəxt olmayan bircə uşaq varsa, o zaman bütün yeniliklər və icadlar böyük bir heçdir. Atın o icadları dənizlərə, yandırın o böyük ixtiraları – əgər dünyada yaradılışın incisi olan bircə insan əzab çəkirsə, nə əhəmiyyəti var ki onların?

Digər xəbərlər